Reza DEQATİ: Son dərəcə müdhiş anlar idi...

O, dünyanın ən müxtəlif qaynar nöqtələrində baş verənləri fotoların yaddaşına köçürüb. “National Geographic”, “Time Photo”, “GEO” kimi nüfuzlu nəşrlərdə fotoları dərc edilib, “World Press Photo” (1983, 1986), Fransanın “Xidmətlərinə görə” ordeni, UNİCEF-in “Ümid” mükafatı və bu kimi saysız-hesabsız mükafatlara layiq görülüb. Azərbaycanda isə onu daha çox Qarabağı, daha doğrusu, Xocalı soyqırımını əks etdirən fotolarına görə tanıyırlar.

Elə o dövrdən də Azərbaycan Reza Deqatinin yaradıcılığında və həyatında mühüm yerlərdən birini tutur. Hətta, Parisdə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə 2014-cü ildə fotoqrafın sərgisi, “Günahsızların qırğını” və “Odun cazibəsi” kitablarının təqdimatı da keçirilib. Fotoqraf­la virtual söhbətimiz onun yara­dıcılığında Qarabağ mövzusu barədə oldu...

– Reza bəy, sizin yaradı­cılığınızda müxtəlif mövzulu əsərlər var. Əsərlərinizin dün­yaya verdiyi mesaj nədir?

–Mənim fotoqrafiyamın əsasını müxtəlif insanlarda (özünü başqa insanın yerində hiss etmək bacarığı) empa­tiya yaratmaq, onların həyatı, dünyanı anlamasına səbəb olmaq və bir-birlərinə mehri­ban, dost olmağa çağırmaqdır. İnsanları özlərini sevməyə, mədəniyyətlərini və eləcə də insanlığı sevməyə təşviq etmək. Fotolarımda bu cəhətləri qabart­mağa çalışıram.

– Sizcə, münaqişəni işıq­landıran fotojurnalist üçün əsas tələblər nədir? Peşəkarlıq, yoxsa cəsurluq?

–İlk növbədə, istənilən fo­toqrafda ehtirasın olması vacib şərtdir. O, həqiqətən də gördüyü işi sevməlidir, təhlükədən xəbərdar olmalı, eyni zamanda qeyri-zəruri risklər etməməlidir. Cəsurluq isə həyatın bir parça­sıdır.

– Azərbaycan ictimaiyyəti sizin daha çox Xocalı soy­qırımı və Şuşada çəkdiyiniz fotolarınıza bələddir. Qarabağ müharibəsi dövrünü necə xatırlayırsız?

– Xocalı qırğını baş verəndən sonra Qarabağda bir neçə həftə oldum. Azərbaycan tərəfində təlim keçməmiş əsgərləri və hərbçiləri xatır­layıram. Azərbaycanlıların kifayət qədər hərbi təchizatı və silahı yox idi. Əksinə, ermənilər Rusiyanın dəstəyi ilə ağır hərbi texnikadan istifadə edirdilər. Başqa bir tərəfdən, insanla­rın həqiqətən də Qarabağda, Xocalıda baş vermiş bu olaydan çox əziyyət çəkdikləri yadı­ma düşür. Onlar hərbçi, polis deyildilər. Qətliamdan əziyyət çəkmiş insanlar mülki insanlar idi. Azərbaycan hərbçilərinin, polislərinin kifayət qədər hərbi materialları yox idi, ancaq onlar cəsur idilər.

– Bəs Xocalı qətliamı ilə bağlı hadisələri işıqlandırarkən nəyin şahidi oldunuz? Sizin üçün ən təsirli məqam nə idi?

– 1992-ci ildə Xocalıdan qaçıb gələbilmiş ailələr Ağda­mın mərkəzində toplaşmışdılar, öz ailələrindən, yaxınlarından bir xəbər, soraq gözləyirdilər. Hərdən Qırmızı Xaç Komitəsinin nümayəndələri fev­ralın 26-da qətlə yetirilmiş in­sanların cəsədlərini gətirirdilər. Bu, son dərəcədi müdhiş anlar idi. Çünki sən insanların həmin cəsədlərin ətrafında toplaşdı­ğını, öz ailə üzvlərini axtarıb tapmağa çalışmasını görürsən.

– O illərdə hansı çətinliklə üzləşdiniz? Çünki xaricə mate­riallar göndərmək çətin idi...

– Əsas işim jurnal fotoq­raflığıdır. Həmin dövrdə jurnal fotoqrafı kimi, hər gün fotolar göndərirdim. Odur ki, işimi bitirməli, Parisə qayıtmalı idim, şəkilləri seçib agentliyə göndərməli, bütün mediada yaymalı idim.

Çətinlik əsas nəqliyyat tapmaq, Qarabağda baş vermiş hadisələrdən məlumat al­maqla bağlı idi. Hara getmək daha təhlükəsizdir, hara daha təhlükəlidir kimi çətinliklər var idi. Ancaq daha çox vacib məsələ çəkdiyim kadrları göndərmək idi. Mən həmişə Qarabağda şahidi olduğum hadisələr barədə konfranslarım­da, sərgilərimdə, kitablarımda danışmışam.

Uzun illər imkanlar yox idi, ancaq indi Azərbaycan hökuməti Xocalı, Qarabağ münaqişəsi ilə bağlı daha çox danışmağa başlayıb. Bu, dün­yada görünür. İnanıram ki, bu vacib məsələdir, biz ədalətə nail olana qədər bunu izləməliyik. Vacib məsələlərdən biri odur ki, mən bir insan və fotoqraf kimi bu faciənin şahidi olmu­şam və onu dünyaya yaymaq vəzifəmdir.

– Siz Şuşada olarkən iki məktəblinin də şəklini çəkmisiniz. Uzun axtarışlardan sonra onlardan biri Bəhramla görüşüb söhbətləşmişəm. Deyir ki, o vaxt çəkdiyiniz şəkil onun uşaqlığından yeganə fotoşəkildir...

– Mən o oğlanları yaxşı xatırlayıram. Onlarla bir az söhbət də etdim. Nə danışdığı­mız yadımda deyil. Çox şadam ki, onu tapmısınız. Bakıya səfər edəndə o oğlanlarla görüşmək, danışmaq istərdim.

– Əcnəbi tamaşaçıların si­zin Qarabağla bağlı əsərləriniz haqqında təəssüratları necədir? Sizdən münaqişə ilə bağlı daha çox nələri soruşurlar?

– Həqiqət odur ki, bu məsələ dünyada az bilinir. Mən sərgilərimdə, konfranslarda Qarabağ münaqişəsi haqqında danışanda, gəlib deyirlər ki, bu barədə biz bilmirdik. Çünki Av­ropa və Amerikaya informasiya ermənilər vasitəsilə yayımlanıb. Ona görə də hər kəsin bu faciə ilə bağlı məlumatı yaymasına ehtiyac var.

–Heydər Əliyev Fon­dunun vitse-prezidenti Ley­la Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” məlumatlandırma kampa­niyası davam edir. Qarabağ həqiqətlərini dünyaya çatdır­maq baxımından görülən işləri necə qiymətləndirirsiz?

– Müxtəlif ölkələrdə “Xocalıya ədalət!” kampani­yası çərçivəsində keçirilmiş bir sıra layihələrin şahidi olmuşam. İnanıram ki, belə məlumatlandırma kampaniyası Xocalı həqiqətlərini dünyaya daha çox göstərmək üçün doğru yoldur.

– Azərbaycanla bağlı han­sı layihə və planlarınız var?

–Daha çox fəaliyyətimlə bağlı Avropa ölkələrində, ABŞ-da konfranslar təşkil edirəm. İstərdim ki, Qarabağla, Xocalı ilə bağlı əsərlərimdən ibarət kitab nəşr etdirim və bunları bir çox dillərdə dünyaya nümayiş etdirim. Dünyanın müxtəlif yerlərində “master klasslar” da təşkil edirəm. Məsələn, qaçqın düşərgələrində ustad dərslər təşkil etmişəm. Dünyanın müxtəlif ölkələrində tələbələrim var. İstərdim ki, Azərbaycanda daha çox hərtərəfli bir fotoqrafi­ya, vizual art məktəbi fəaliyyətə başlasın. Çünki inanıram ki, Azərbaycanda istedadlı şəxslər çoxdur. Onların yaxşı müəllimə ehtiyacları var.

– Yekun olaraq, fikirləriniz, arzularınız nədir?

–Hər şeydən əvvəl, istəyirəm ki, bu münaqişə sülh yolu ilə həllini tapsın, işğal olunmuş torpaqlar geri qaytarıl­sın, 1 milyon məcburi köçkün öz doğma vətəninə geri dönsün. Ümid edirəm ki, Azərbaycan öz gözəlliyini dünyaya tanıtdır­maq üçün tutduğu yolu bundan sonra da davam etdirəcək, istər hökumətin, istərsə də Heydər Əliyev Fondunun ölkənin zəngin mədəniyyətinin xaricdə tanıdılması üçün gördüyü işlər davam edəcək.

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında