Xalqın öz iradəsini sərbəst ifadə etməsi üçün əlverişli mühit yaradılıb

Hazırda prezident seçkilərinə hazırlığın qızğın dövrüdür. Prezidentliyə namizədlər bərabər səviyyədə, heç bir problemlə qarşılaşmadan təbliğat-təşviqat kampaniyası ilə məşğul olur, televiziya və radioda onlar üçün  ayrılmış pulsuz efir vaxtından istifadə edərək öz platformalarını  seçicilərə çatdırırlar. Dairə və məntəqə seçki komissiyaları da öz işlərini günün tələbləri səviyyəsində qurur, hazırlıq prosesini uğurla davam etdirir.

Seçkilərin şəffaf və ədalətli keçirilməsi bu prosesin, seçkidən-seçkiyə daha da təkmilləşdirilməsi, şəffaflığın təmin olunması istiqamətində  qanunvericilik bazasının  möhkəmləndirilməsi üçün  atılan addımlar həm yerli, həm də əcnədi ziyalılar tərəfindən yüksək qiymətləndirilir. Xalq artisti, Prezident təqaüdçüsü Nurəddin Mehdixanlı da bizimlə söhbətində bunu təsdiqlədi.  Həmsöhbətim dedi ki, son illər Azərbaycanda keçirilən bütün seçkilər şəffaflığına görə nümunə göstərilir. Əminəm ki, bu il aprelin 11-də keçiriləcək prezident seçkiləri də ölkəmizin demokratik imicinin daha da möhkəmləndirilməsində müsbət rol oynayacaq: “Ölkəmizdə keçiriləcək növbəti prezident seçkiləri bir daha dünyaya nümayiş etdirəcək ki, Azərbaycanda xalqın öz iradəsini sərbəst ifadə etməsi üçün əlverişli mühit yaradılıb. Hesab edirəm ki, Azərbaycan demokratik seçki keçirilməsində kifayət qədər təcrübə qazanıb. Hətta bu sahədə bir sıra qabaqcıl ölkələri də geridə qoyub. Şahidiyəm ki, seçkidən-seçkiyə yeniliklər tətbiq olunur, şəffaflığın təmin olunması istiqamətində müxtəlif üsullardan istifadə edilir. Bunu seçkiləri  izləyən beynəlxalq müşahidəçilər də etiraf edirlər”.

N.Mehdixanlı dedi ki, müstəqil Azərbaycan Respublikası artıq neçənci dəfədir ki, öz taleyini həll edir, heç bir müdaxilə və təzyiq olmadan  demokratik yolla  rəhbərini seçir, hədəflərini, gedəcəyi yolu müəyyənləşdirir: “Bu mənada, hesab edirəm ki, aprelin 11- də  prezident seçkiləri şəffaf, azad və ədalətli, mütəşəkkil keçəcək.  Mən işlədiyim Akademik Milli Dram Teatrında  iki seçki məntəqəsi fəaliyyət göstərir. Hər iki məntəqəyə rahat, səliqəli, hər cür şəraiti olan otaq ayrılıb. Seçici siyahıları xüsusi lövhədə yerləşdirilərək, məntəqənin qarşısına qoyulub. Seçicilər heç bir problemlə qarşılaşmadan həmin siyahıya baxır və orada  öz adlarını tapırlar. Bütün bunlar bir daha təsdiqləyir ki, ölkəmizdə xalqın öz iradəsini nümayiş etdirməsi üçün heç bir məhdudiyyət, süni problem yoxdur. Əminəm ki, seçki günü də belə olacaq. Hər bir seçici istədiyi namizədə səs verməkdə tam sərbəst olacaq, ən layiqli namizədə səs verəcək”.

Bəzi qüvvələrin seçkini boykota çağırışına münasibət bildirən Xalq artisti dedi:  “Bu çağırışı edənlər savadsız, qanunlardan bixəbər, bir də ölkəmizin inkişafını gözü götürməyənlərdir. Azərbaycanda seçki prosesi Konstitusiya və Seçki Məcəlləsi ilə təsbit olunur.  Azərbaycan Respublikasının Seçki Məcəlləsi  beynəlxalq təşkilatlar, ekspertlər və hüquq müdafiəçiləri tərəfindən demokratik sənəd kimi qiymətləndirilir. Son illər keçirilən bütün seçkilərdə bu məcəllənin maddələrinə ciddi əməl olunur, heç bir qanun pozuntusuna yol verilmir.  Növbəti prezident seçkilərinin də bu səviyyədə keçiriləcəyinə heç bir şübhə ola bilməz. Ona görə də seçkiləri boykot çağırışı edənlərə demək istəyirəm ki, savadlarını artırsınlar, bir azərbaycanlı olaraq Vətəni, xalqı sevsinlər və Azərbaycanla fəxr etsinlər. Qürur duysunlar ki, ölkəmiz 26 illik müstəqillik tarixində dünyanın sayılıb-seçilən dövlətləri ilə bir sıradadır”.

Söhbəti qələmə aldı:
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında