Sabitliyin təminatının çətin və şərəfli yolu

Müsahibimiz  Qarabağ müharibəsi veteranı, hüquq üzrə fəlsəfə doktoru Cahangir Hüsenyovdur.

– Cahangir müəllim, sirr deyil ki, bu gün Azərbaycan qısa müstəqillik tarixində bütün sahələr üzrə  qazandığı uğurlara görə dünyanın diqqət mərkəzindədir. Təbii ki, bu uğurların əsası ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi strategiya əsasında qoyulub. Bugünkü sabitliyi təmin etmiş çətin yolun başlanğıcı da məhz həmin dövrə təsadüf edir. Siz də o  vaxt  dahi şəxsiyyətin Azərbaycanda siyasi hakimiyyətə gəlməsini təkidlə tələb edənlərdən birisiniz. 1992-ci ilin martında Ali Sovetin fövqəladə sessiyasındakı çıxışınızda səsləndirdiyiniz  fikirlər də bunu təsdiqləyir.

– Həmin sessiya ərəfəsində ölkədə vəziyyət son dərəcə gərgin idi. Xocalıda baş verən dəhşətli soyqırımından bir neçə gün  keçməsinə baxmayaraq, bu faciə barəsində doğru-dürüst  məlumat verilmirdi. Deyirdilər ki, guya,  ermənilər cəmi 2 azərbaycanlını  qətlə yetiriblər. Ancaq həmin vaxt mən milis ( indiki polis) sistemində işləyirdim, Ağdaş Rayon Daxili İşlər Şöbəsinin rəisi idim. Məndə məlumat var idi ki, ermənilər Xocalını yerlə - yeksan edib, insanları vəhşicəsinə qətlə yetiriblər. Ancaq o vaxtkı hakimiyyət  bunu qətiyyətlə inkar  edirdi. Hətta bu barədə danışanlara təzyiq  edirdilər.  Hakimiyyət uğrundakı mübarizə ölkədə ciddi qarşıdurma yaratmışdı. Müxtəlif  şəxslərə xidmət edən qeyri-qanuni silahlı qrupların özbaşınalığı insanlarda qorxu,  xof yaratmışdı. Deputatlardan bir qrupu  Azərbaycan Prezidentinin də iştirakı ilə Ali Sovetin sessiyasının çağırılması, əsl həqiqət barədə xalqa dəqiq məlumat verilməsini tələb edirdi. 1992-ci il martın 2-də prezident Ayaz Mütəllibovun iştirakı ilə Ali Sovetin fövqəladə sessiyası çağırıldı və Xocalı faciəsi ilə bağlı əsl həqiqətlər barədə məlumat verilməsi tələb olundu.

– Həmin sessiyada Heydər Əliyevin hakimiyyətə gəlməsi təkidlə tələb olundu...

– O vaxt ölkədə vəziyyət son dərəcə ağır idi. Ali Sovetin sessiyası gedən zaman minlərlə insan binanı əhatəyə almışdı. Hamı həqiqəti tələb edirdi. Çıxış edənlər yenə də Xocalı faciəsi barədə həqiqəti demirdilər. Təbii ki, bu, ölkə rəhbərinin tapşırığı idi. Həmin vaxt mən tribunaya qalxıb çıxış etdim. Hətta tələb etdim ki Xocalıda çəkilən, fraqmentlər sessiyada nümayiş etdirilsin. Mənim sərt çıxışım çoxlarını təəccübləndirmişdi. Yəni milis rəisi bu tərzdə çıxış edir. Üzümü zala tutub dedim ki, axı bu parlament binasını  tikdirən şəxsin – Heydər Əliyevin niyə bu zalda oturmaq hüququ olmamalıdır? Heydər Əliyev parlamentə dəvət olunmalıdır. Onun dövlət idarəçiliyində böyük təcrübəsindən, rəhbər zəkasından və nüfuzundan istifadə  edilməlidir. Mən 20 dəqiqəyədək çıxış etdim. Sonradan həmin çıxışımın mətni “Birləşməsək, bizi xalq bağışlamaz”  adı ilə mətbuatda geniş yayıldı. Həmçinin, bir neçə gündən sonra Azərbaycan Televiziyasında canlı yayımda  dediklərimi təkrar etdim . Bir tərəfdən daxili qarşıdurma, vəzifə davası, digər tərəfdən isə torpaqlarımız  erməni quldurları tərəfindən işğal olunur, günahsız insanlar vəhşicəsinə qətlə yetirilirdi. 

Bir muddətdən sonra yenidən hakimiyyətə qayıtmaq istəyən Ayaz Mütəllibovun bu hərəkəti etirazla qarşılandı.  Xalq Cəbhəsi isə bu fürsətdən istifadə edib hakimiyyəti ələ keçirdi. Lakin yenidən respublikada xaotik vəziyyət yarandı. Ali Sovetin dörd yüz deputatının hüquqları donduruldu.  Bu, qanuna zidd qərar idi.  Dağlıq Qarabağın ərazisi olmayan  Kəlbəcər rayonu ermənilər tərəfindən isğal edildi. Gəncə şəhərində hərbi hissəyə dövlətin qoşun bölmələri tərəfindən hücum təşkil olundu. Onlarca insan qətlə yetirildi. Xalq Cəbhəsinin uğursuz hakimiyyəti tezliklə süquta uğradı. AXC-Müsavat cütlüyü  vəziyyətdən çıxış yolu kimi məcbur olub Heydər Əliyevi Naxçıvandan Bakıya dəvət etdi.  Ulu öndər Ali Sovetin sədri, daha sonra isə Azərbaycan Respublikasının Prezidenti seçildi.

1994-cü ildə artıq ulu öndər Heydər Əliyev respublikaya rəhbərlik edirdi. Lakin  bəzi qüvvələr qeyri-qanuni yolla  hakimiyyəti ələ keçirmək istəyirdilər. Onların tabeliyində olan cinayətkar silahlı dəstələr ölkədə iğtişaşlar törədir, dövlət başçısının həyatına sui-qəsd təşkil etmək istəyirdi. Mən həmin vaxt Abşeron Rayon Daxili İşlər Şöbəsinin rəisi işləyirdim. Həmin dəstələr hər gün cinayət edir, əhalini qorxu içərisində saxlayırdılar. Sən demə, məni də addım-addım izləyirlərmiş. Bir gün  mənim bağ evimə silahlı hücum oldu və ağır yaralandım. Bir muddətdən sonra həmin quldur dəstə bacımın həyat yoldaşını, Kənd Təsərrüfatı Nazirliyinin məsul işçisi Gündüz Hüseynovu, azyaşlı oğlumu və avtomobilimin sürücüsünü qətlə yetirdilər. 1994-cü ilin noyabr, 1995-ci ilin mart hadisələri bir daha göstərdi ki,  qanunsuz silahlı dəstələr hakimiyyətə gəlmək  üçün  dövlət çevrilişi etməyə, “Əsrin müqaviləsi”nin  reallaşmasına mane olmağa çalışırdılar. Heydər Əliyevin qətiyyəti sayəsində  həmin quldur dəstələr zərərsizləşdirildi. Sağaldıqdan sonra vəzifəmə qayıdıb məni ağır yaralayan və ailə üzvlərimi qətlə yetirən cinayətkar dəstəni tapdım və onlar ədalət məhkəməsi qarşısında cavab verdilər.

- İndi başqa bir dövrdür. Azərbaycan dünyanın inkişaf etmiş dövlətləri sırasına qoşulub...

–Bəli, bugünkü sabitliyin təmin olunması üçün respublikamız  çətin və qətiyyətli yol keçmişdir. Azərbaycan qısa müstəqillik tarixi ərzində dünyanın inkişaf etmiş dövlətləri sırasına qoşulub. Bu uğurların əsasında ulu öndər Heydər Əliyevin siyasi kursu dayanır. Mən bunları müəllifi olduğum kitablarımda da göstərmişəm. Ulu öndərin müəyyənləşdirdiyi siyasi strategiya Azərbaycanın dünya birliyindəki reytinqini getdikcə yüksəltdi. Respublikamızın siyasi, iqtisadi, mədəni sahələrdə qazandığı uğurları saymaqla qurtaran deyil. Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib və bu quruma sədrlik edib. Bu seçkidə dünyanın 155 dövləti bizi dəstəkləyib. Bu, çox böyük nailiyyətdir. Bu gün Azərbaycan beynəlxalq təşkilatların öz tədbirlərini keçirdiyi məkana çevrilib. Müstəqil Azərbaycan dövləti sürətlə, hərtərəfli inkişaf edir və biz artıq kosmik klubun üzvüyük. Digər sahələrdəki uğurlarımızı da saymaqla qurtaran deyil. Bu gün ölkəmizin sivilizasiyalar və mədəniyyətlərarası dialoq məkanına çevrilməsi, respublikamıza sərmayə qoyuluşunun ildən-ilə artması, beynəlxalq yol infrastrukturunun genişləndirilməsi və digər əlaqələrin artırılmasının başlıca səbəbi ölkədə əmin-amanlığın, ictimai-siyasi sabitliyin davamlı olmasının nəticəsidir. Ölkəmiz bu sabitliyin nəticəsində  beynəlxalq turizm məkanına çevrilir. Bu gün Azərbaycan bu sabitliyə görə dünyaya nümunədir. Hələ ərazimizin 20 faizi işğaldadır. Yəqin ki, ərazi bütövlüyümüz bərpa olunduqdan sonra Azərbaycan dünyanın daha sürətlə inkişaf edən dövlətlərindən biri olacaq. 2016-cı ilin aprel döyüşləri də təsdiqlədi ki, Azərbaycanın işğal altında olan ərazilərini azad etmək üçün mətin, formalaşmış ordusu var.

– Hazırda ölkəmiz çox əhəmiyyətli siyasi kampaniya ərəfəsindədir. Yenidən dünyanın nəzər - diqqəti respublikamıza yönəlib. Təbii ki, bu il aprelin 11-də keçiriləcək prezident seçkilərini nəzərdə tuturam.

– Prezident seçkiləri ölkənin həyatında çox əhəmiyyətli bir hadisədir. Çünki respublikanın gələcək taleyi bu seçimdən asılıdır. Ona görə də son dərəcə diqqətli olmaq lazımdır. Azərbaycanda demokartik və şəffaf seçki keçirilməsi üçün kifayət qədər zəngin qanunvericilik və maddi-texniki baza var. Azərbaycanın Seçki Məcəlləsi beynəlxalq təşkilatların ekspertləri tərəfindən demokratik bir sənəd hesab edilir. Yeri gəlmişkən, qeyd edim ki, Seçki Məcəlləsini ilk dəfə Milli Məclisin plenar iclasında 2003-cü ildə mən təqdim etmişəm. O vaxt Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komissiyası (indi komitədir.) sədrinin müavini idim. Ölkəmizin əlaqələri genişləndikcə Seçki Məcəlləsi də təkmilləşdirilmiş, ona əlavə və dəyişikliklər  edilmişdir. Hazırda bu sənəd dünyanın tanınmış ekspertləri tərəfindən də yüksək dəyərləndirilir.

Bununla yanaşı,  dövlətimiz də demokratik seçki keçirilməsi istiqamətində siyasi iradə nümayiş etdirmişdir. Xalqın öz iradəsini sərbəst ifadə etmək üçün şəffaf və demokratik seçkilərin keçirilməsi istiqamətində bütün imkanlardan istifadə  olunmuşdur. Ölkənin seçki sistemi daha da təkmilləşdirilmiş, şəffaflığın və demokratik prinsiplərin təmin olunması istiqamətində bir sıra yeniliklər edilmişdir. Bu yeniliklərin, xüsusilə səsvermə kabinələrinə veb-kameraların quraşdırılması, barmaqların şəffaf mürəkkəblə  işarələnməsi, seçici siyahısında adları olmayan seçicilərə səsvermə günü imkan yaradılması  obyektivliyin və şəffaflığın təmin olunmasında böyük rol oynayıb. Bu  yeniliklər beynəlxalq müşahidəçilər və tanınmış ekspertlər tərəfindən də yüksək qiymətləndirilir. Məhz bunun nəticəsidir ki, Azərbaycan beynəlxalq miqyasda azad və ədalətli, şəffaf seçki keçirməyə böyük üstünlük verən demokratik dövlət kimi tanınıb. İnanırıq ki, bu il aprelin 11-də keçiriləcək prezident seçkiləri Azərbaycanın demokratik imicini daha da möhkəmləndirəcək, respublikamız daha sürətlə inkişaf edəcəkdir.

Müsahibəni qələmə aldı:
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında