Danilo TÜRK: Bəşəriyyət elə bir platforma yaratmalıdır ki, bütün münaqişələr həllini tapsın

Martın 18-də Azərbaycanın paytaxtında VI Qlobal Bakı Forumu öz işini başa çatdırdı. Bu beynəlxalq tədbirdə 50-dən çox ölkədən 500-dək nümayəndə, o cümlədən, dövlət və hökumət başçıları, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü olan sabiq dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri, tanınmış ictimai-siyasi xadimlər, alimlər iştirak edirdilər.

VI Qlobal Bakı Forumunun iştirakçılarından bəzilərinin tədbirlə bağlı təəssüratlarını öyrəndik. Sloveniya Respublikasının sabiq prezidenti Danilo Türk bildirdi:

– Bu gün dünyada sülhün təmin edilməsindən önəmli bir məsələ yoxdur. Bəşəriyyət elə bir platforma yaratmalıdır ki, bütün münaqişələr həllini tapsın, sülhə nail olunsun. Bunun üçün vacib qərarlar qəbul olunmalıdır. Hesab edirəm ki, Azərbaycan bu sahədə öz üzərinə düşən vəzifəni yüksək məsuliyyət və şərəflə yerinə yetirir, dünyada sülh və təhlükəsizlik işinə bacardığı qədər töhfələr verməyə çalışır. Biz bunu alqışlayırıq. Bu istiqamətdə Prezident İlham Əliyev böyük səylər göstərir. Bunun üçün Bakıda müxtəlif beynəlxalq tədbirlər, konfranslar keçirilir, dünyanın düşünən beyinləri, intellekt sahibləri mövcud problemlərin həllinə cəlb edilir. Bu gün bizim bu forumda iştirakımız da məhz Prezident İlham Əliyevin bu xoş təşəbbüsünün nəticəsidir.

Elə VI Qlobal Bakı Forumunda müzakirəyə çıxarılmış mövzular da olduqca vacib idi. Şəksizdir ki, bu gün dünyada baş verən problemlərin həlli bizdən daha çox səylər göstərməyi tələb edir. Ayrı-ayrı ölkələrdə baş verən müharibələr, münaqişələr ciddi problemlər yaradır, insanlar həyatlarını itirir, yaşadıqları yerləri tərk etmək məcburiyyətində qalırlar. Bu cür mənfi halların olmaması üçün birgə addımlar atmalıyıq. Müəyyən prinsiplər tətbiq olunmalıdır, ortaq məxrəcə gəlinməlidir, liderlər kompromisə getməyi bacarmalıdırlar. Problemləri birgə həll etməyi bacarmalıyıq.

Hazırda da davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün ATƏT-in Minsk qrupunun fəaliyyətini dəstəkləyirik. Münaqişənin həlli üçün ən optimal üsul beynəlxalq səviyyədə qəbul edilmiş hüquq norma və prinsiplərinə əməl etmək, BMT qətnamələrini yerinə yetirməkdir. Avropada bütün dövlətlərin, o cümlədən, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə dəstək və hörmət göstərilməlidir.

Söhbəti yazdı:
Paşa ƏMİRCANOV,
 “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında