Azərbaycanın tərəqqisini davam etdirə biləcək namizədə səs verəcəyik

Ölkəmizdə seçkilər həmişə yüksək əhval-ruhiyyədə keçirilib. Həmişə səsvermədə iştirak etmişəm. Bu vaxta qədər keçirilən seçkilərdə heç bir xoşagəlməz hadisə ilə qarşılaşmamışam. Aprelin 11-də keçiriləcək prezident seçkilərində də iştirak edəcəyəm. Ümumiyyətlə, seçkidə iştirak etmək hər birimizin vətəndaşlıq borcudur. Seçkilər, xüsusilə, prezident seçkiləri hər bir ölkənin tarixində böyük əhəmiyyət kəsb edir. Ona görə də səsvermə hüququ olan hər bir kəs bu siyasi kampaniyada iştirak etməlidir.

Seçkidən-seçkiyə bu proses daha da təkmilləşdirilib, şəffaflığın təmin olunması istiqamətində bütün zəruri vasitələrdən istifadə olunub. Biz, mədəniyyət işçiləri seçkilərdə fəal iştirak edir, ən layiqli namizədə səs veririk. Belə də olmalıdır. Baxın, son illər Azərbaycan dünyanın sayılıb-seçilən dövlətləri sırasına qoşulub. Hər birimiz bunun şahidiyik.

Mən incəsənət xadimi kimi, dünyanın əksər ölkəsində qastrol səfərlərində olmuşam. Bir sıra ölkələrdə konsertimiz 3 gün baş tutmayıb. Səbəbi də bu olub ki, həmin ölkədə gah mədəniyyət, gah nəqliyyat, gah da digər sahələrin işçiləri tətil etdiyindən iş dayanıb. Bununla yanaşı, qastrol səfərlərinə getdiyimiz ölkələrdə etiraz aksiyalarının iştirakçılarıyla polis arasında qarşıdurmanın, hətta iştirakçıların itlərlə qovulduğunun şahidi olmuşuq. Azərbaycanda isə bunların heç biri yoxdur, əmin-amanlıqdır. Ölkəmizdə mədəniyyət işçilərinə hörmət, ehtiram göstərilir. Hər il 100-ə yaxın mədəniyyət işçisinə Prezident mükafatı verilir. Bu mükafat il ərzində hər ay müəyyən məbləğdə pul şəklində verilir. Növbəti il bu siyahı yenidən təkrarlanır və əlavələr olunur. Yaşlı incəsənət xadimlərinə Prezident təqaüdü, əlavə olaraq Heydər Əliyev Fondunun təqaüdü verilir. Bütün bunlar bizim həyat səviyyəmizin daha da yüksəlməsinə çox yaxşı təsir edir. Mən əminliklə deyirəm ki, dünyanın heç bir ölkəsində mədəniyyət və incəsənət xadimlərinə Azərbaycanda olduğu qədər diqqət və qayğı yoxdur. Biz prezident seçkilərində buna xüsusi diqqət yetirməliyik.

Hazırda ölkəmizdə bütün sahələr üzrə abadlıq-quruculuq işləri aparılır, sosialyönümlü iri layihələr icra olunur. Bütün bunlarda əsas məqsəd yeni iş yerlərinin yaradılması, insanların həyat tərzinin yaxşılaşdırılmasıdır. Mədəniyyətin inkişafı da bu layihələrdə öz əksini tapır. Biz bu layihələrin əsasını qoyan siyasətə səs verməliyik ki, bu işlər davamlı olsun. Mədəniyyət və incəsənət xadimləri artıq öz seçimini ediblər.

Yaxşı haldır ki, ölkəmizdə keçirilən bütün seçkilər azad və ədalətli olur. Heç bir seçiciyə təzyiq göstərilmir və seçki prosesi zamanı istiqamət də verilmir. Hər kəs səsvermədə müstəqil və sərbəst olur, istədiyi namizədə səs verə bilər. Bu da demokratik seçki deməkdir. Əminəm ki, xalqımız yaranmış fürsətdən yetərincə istifadə edəcək, seçkilərdə fəallıq göstərəcək və Azərbaycanın dünyada qazandığı reytinqin, hörmətin təsadüfi olmadığını bir daha sübut edəcək.

Avtandil İSRAFİLOV,
Xalq artisti,
Prezident təqaüdçüsü


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında