“Azərbaycanın gündən-günə artan nailiyyətləri ilə qürur duyuruq”

Çağdaş dünyamızı idmansız təsəvvür etmək mümkün deyil. İnsanları mənəvi və fiziki cəhətdən kamilləşdirməklə yanaşı, onları ədalətə, birlik və dostluğa səsləyən idman dünyanın ən qabaqcıl ölkələrində inkişaf etdirilir. İdmanın insanların həyat tərzinin mühüm bir hissəsinə çevrilməsi Azərbaycanda  da  günün reallığıdır.

Ölkəmizdə idman özünün ən yüksək inkişaf zirvəsinə müstəqillik dövründə çatıb. Ölkəmiz müstəqilliyini bərpa etməmişdən qabaq da idmançılarımız yetişirdi. O dövrdə idmanla məşğul olmaq üçün elə də yaxşı şərait yox idi. İdmançılarımızın beynəlxalq miqyaslı yarışlara çıxmaq imkanları çox məhdud idi. Belə ki, SSRİ miqyaslı turnirlərdə iştirak edib, sovet yığmasının tərkibində yer alan atletlərimizin nəinki Olimpiya oyunlarında, hətta Avropa və dünya çempionatlarında iştirak etməsi üçün də çox çətin mərhələlər adlamaq lazım gəlirdi.

Ümummilli liderimiz Heydər Əliyev o dövrdə Azərbaycan idmanının dünya idmanından ayrı düşməsi, beynəlxalq aləmdə layiqli şəkildə təmsil olunmaması ilə bağlı demişdir: "Xalqımız, millətimiz genetik xüsusiyyətlərinə görə fiziki cəhətdən sağlam insanlardan ibarət olan xalqdır, millətdir. Fiziki sağlamlıq və fiziki güc, mənəvi sağlamlıqla bərabər Azərbaycan xalqına, millətinə xas olan xüsusiyyətdir. Amma bu xüsusiyyət həmişə bizim daxilimizdə qalıbdır. Keçmiş dövrlərdə də, əsrlərdən-əsrlərə pəhləvanlarımız da, güləşçilərimiz də, oxatanlarımız da, fiziki imkanlarını cürbəcür oyunlarda nümayiş etdirənlərimiz də olubdur. Ancaq məlum olan səbəblərə görə bunlar yalnız öz ölkəmizin çərçivəsində qalıb, dünya miqyasına çıxmayıbdır".

Ölkəmiz öz müstəqilliyini bərpa etdikdən sonra ilk illər idmanımız üçün çox çətin keçdi. Ö dövrdə  Azərbaycanda, ümumiyyətlə, bütün sahələrdə tənəzzül yaşandığı üçün idmanda da dərin böhran baş verdi. İdmançılarımız böyük həyəcan və narahatlıq keçirirdilər. 1992-ci ildə –Azərbaycan üçün çox çətin bir dövrdə Barselona Olimpiadasında Olimpiya yığmamızın tərkibində MDB ölkələrinin birləşmiş komandasında mübarizə apardım və qızıl medal qazandım.

Ulu öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı ilə ölkəmizdə bütün sahələrdə sürətli inkişaf baş verdi, müasir, güclü  Azərbaycan dünyada, həm də ən nüfuzlu idman dövlətlərindən biri kimi tanındı. 

Bu gün ölkəmiz, həm də dünyanın ən nüfuzlu tədbirlərinin keçirildiyi idman mərkəzlərindən biri kimi diqqəti cəlb edir. İlk Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları kimi irimiqyaslı yarışların yüksək səviyyədə təşkili bu sahədə respublikamızın nə qədər güclü potensiala malik olduğunu göstərdi. Gələn ay Bakı dünyanın ən məşhur avtomobil yarışları, “Formula-1” Azərbaycan Qran-prisinə artıq üçüncü dəfə ev sahibliyi edəcək.

Biz idman veteranları Azərbaycanın gündən-günə artan  nailiyyətləri ilə qürur duyuruq. Mən hazırda cüdo üzrə ölkə yığmasının məşqçisi kimi komandanı çalışdırıram. Qarşıda bizi böyük yarışlar gözləyir.  Dövlətimizin diqqət və qayğısına cavab olaraq, yeni qələbələr əldə etmək üçün daha böyük əzmlə çalışacağıq.

Xalqımız çox mühüm bir siyasi kampaniya, prezident seçkiləri ərəfəsindədir. Ümumiyyətlə, müstəqillik dövründə Azərbaycanda ədalətli və şəffaf seçki təcrübəsi formalaşıb.  Seçkilərdən-seçkilərə bu təcrübə daha da zənginləşir, insanlar öz fikirlərini azad şəkildə ifadə etmək üçün bu fürsətdən yararlanırlar. İdman ictimaiyyəti üçün də prezident seçkiləri mühüm əhəmiyyət kəsb edir. Biz, veteran idmançılar dövlətimizin bugünkü siyasətini bəyənir və onu dəstəkləyirik. Əminəm ki, növbəti seçkilərdə də xalq layiqli namizədini seçib, inkişafımıza yeni-yeni töhfələr verəcək.

Nazim HÜSEYNOV,
Olimpiya çempionu


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında