Qlobal Bakı Forumu möhtəşəmliyi ilə diqqətimi çəkdi

VI Bakı Qlobal Forumu Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşəbbüslərindən biri olaraq, gündəlikdə duran məsələlərin müzakirəsi məqsədilə kifayət qədər qısa müddət ərzində dünya platformalarından birinə çevrilib. Toplantıda 50-dən artıq ölkənin 450-dən çox nümayəndəsinin, onların arasında 47 hazırkı və keçmiş dövlət və hökumət başçısı, eləcə də, tanınmış siyasətçilər, dövlət xadimləri, alimlər, vətəndaş cəmiyyətinin təmsilçilərinin olması tədbirin möhtəşəmliyini təsdiq edir.

Paytaxtımızın indiyədək ev sahibliyi etdiyi möhtəşəm tədbirlər arasında Bakı Beynəlxalq Humanitar Forumunu, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunu, Dünya Dini Liderlərinin Forumunu, BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumunu, 2015-ci ildə ilk Avropa Oyunları, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsini diqqətlə izləmişəm. Dövlət başçımız haqlı olaraq bütün bu tədbirlərin əməkdaşlığa, mədəni körpülər salmağa, müxtəlif ölkələrin və dinlərin təmsilçiləri, fərqli fikirli insanlar arasında daha böyük anlaşmanı təmin etməyə yönəldiyini bildirir.

Azərbaycanın bütün səylərinin təhlükəsizliyin, sabitliyin və proqnozlaşdırmanın, eləcə də, xalqlar arasında sülh şəraitində birgə yaşamanın və anlaşmanın möhkəmləndirilməsinə yönəldiyini beynəlxalq aləmdə hamı etiraf edir. Dünya dövlətləri multikulturalizmin Azərbaycanda dövlət siyasəti və ölkənin həyat tərzi olduğunu qəbul edirlər. Dövlət başçımız forumda xatırlatdı ki, biz çoxmillətli, çoxkonfessiyalı cəmiyyətimizdən fərəhlənirik: “Bütün dinlərin və etnik qrupların nümayəndələri Azərbaycanda bir ailə kimi sülh və əmin-amanlıq şəraitində yaşayırlar. Hesab edirəm ki, bu, indiki dünyada böyük zənginlikdir. Biz, həmçinin öz təcrübəmizi bölüşmək istərdik. Fikrimcə, müasir Azərbaycanın bugünkü inkişafı bunun yeganə düzgün siyasət olduğunu göstərir”.

“İnklüziv cəmiyyətlərin qurulması üçün ziddiyyətlərin uyğunlaşdırılması” mövzusuna həsr olunan forumda beynəlxalq münasibətlərdə güc anlayışı və meydana çıxan yeni güclər, çoxluqlar milli azlıqlara qarşı, Yaxın Şərq regionunda sülh və təhlükəsizlik, Balkan regionunda hazırkı və gələcək vəziyyət – regional təhlükəsizlik məsələlərinin proqramı və ya yeni geosiyasi şahmat lövhəsi, Çinin xarici siyasəti, kapitalizmdə iqtisadi inkişaf və ətraf mühitin deqradasiyası məsələləri, nəsillər arasındakı bağların qırılması, dini-mədəni müxtəlifliyin siyasi liderlik uğrunda rolu kimi mövzular müzakirə edildi.

Düşünürəm ki, Qlobal Bakı Forumu artıq öz əhəmiyyətinə görə lokal və regional münaqişələrin müzakirəsi çərçivəsindən çıxaraq bütün dünyada gedən proseslərə münasibət bildirən, qlobal problemlərin həlli yollarının müzakirəsinə yol açan beynəlxalq platformaya çevrilib. Ona görə forum müzakirə, dialoq xarakteri daşısa da, dünyanın qlobal məsələlərinin həllində müstəsna rol oynayır və bu da dövlətlərarası münasibətlərdə öz əksini tapır. Təcrübə göstərir ki, bu qəbildən olan tədbirlər mövcud problemlərin həllinə müsbət təsir baxımından çox mühüm əhəmiyyət kəsb edir.

Mənim diqqətimi çəkən bir məqamı qeyd edim. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, VI Qlobal Bakı Forumunun iştirakçısı, Latviyanın sabiq prezidenti Vayra Vike-Frayberqa müsahibə verərkən Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə möhtəşəm qonaqpərvərliyin nümayiş olunduğunu söylədi. O, uzun illərdir belə mötəbər forumda işləməkdən qürur duyduğunu dilə gətirdi: “Qlobal Bakı Forumu istər əhatə dairəsi, istərsə də keyfiyyəti baxımdan ildən-ilə daha da genişlənir. İkitərəfli əlaqələrimiz olduqca fəaldır. Azərbaycan Latviyanın etibarlı dostudur. Ölkələrimizin rəsmi şəxsləri, iş adamları mütəmadi qarşılıqlı səfərlər həyata keçirirlər”.

Qısa şəkildə dediklərim sübut edir ki, sürətlə inkişaf edən Azərbaycan Respublikasına olan beynəlxalq inam və etimad gündən-günə artır. Eləcə də, şahidi olduq ki, ölkəmizdə keçirilən digər beynəlxalq tədbirlər kimi, bu forum da dünya ictimaiyyətinin diqqət mərkəzində idi. Bunu tədbir iştirakçıları da,  çoxsaylı əcnəbi mətbuat təmsilçiləri də dönə-dönə etiraf etdilər.

Yazgül Abdıyeva,
tibb üzrə fəlsəfə doktoru


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında