Dövlətin diqqət və qayğısı altında sağlam nəsil yetişir

Azərbaycan idmanının dünya şöhrəti qazanması, ölkəmizin güclü idman dövləti kimi tanınması müstəqillik dövrümüzə təsadüf edir. Məhz bu dövrdə bütün sahələrdə hərtərəfli inkişafı ilə beynəlxalq aləmdə böyük nüfuz qazanan ölkəmiz qüdrətli dövlətə çevrilmiş, bütün sahələrdə, o cümlədən idmanda parlaq qələbələrə imza atmışdır.

 Yaxşı xatırlayıram. Ümummilli lider Heydər Əliyev ötən əsrin 90-cı illərinin ortalarında idman ictimaiyyətimizin nümayəndələri ilə görüşü zamanı “Azərbaycan Prezidenti kimi, şəxsən mən söz vermişəm və indi də bunu təsdiq edirəm ki, idmana xüsusi qayğını öz üzərimə götürürəm. Azərbaycan gənclərinə xüsusi qayğını öz üzərimə götürmüşəm və əmin ola bilərsiniz ki, bu qayğını daim hiss edəcəksiniz”, – deyə bildirməsi xalqımızın ürəyindən xəbər vermiş, ona böyük ümidlər bəxş etmişdi. Çünki müstəqilliyimizin ilk illərində bütün sahələrdə baş verən tənəzzül və geriləmələr, o cümlədən idman sahəsinin baxımsızlıq üzündən bərbad hala düşməsi, tanınmış idmançılarımızın bir çoxunun ölkəni tərk etməsi uşaq və gənclərin idmandan tamamilə uzaqlaşmasına səbəb olmuşdu.

Ulu öndər “Biz idman haqqında danışarkən bunu böyük siyasi, milli problem kimi qəbul edirik, anlayırıq”, -  deyə bu sahənin həyatımızda nə qədər mühüm rol oynadığını bildirmişdi. Çox keçmədi, bu böyük qayğının, dövlətin idman sahəsinə göstərdiyi diqqətin nəticəsi kimi yüksək nailiyyətlərin şahidi olduq. İdmançılarımız dünya, Avropa çempionatlarında, ən mötəbər idman tədbiri olan Olimpiya oyunlarında böyük əzmlə mübarizə apardılar, Azərbaycanın dövlət bayrağı yüksəklərdə dalğalandı, dövlət himni səsləndirildi. Nailiyyətlər bir-birini əvəz etdikcə, beynəlxalq dairələrdə yekdilliklə Azərbaycanın qabaqcıl idman dövlətləri sırasında qərarlaşaraq, Olimpiya ailəsində öz layiqli yerini tutması etiraf edildi, idman sahəsinin inkişaf etdirilməsində toplanmış zəngin təcrübə təqdir edildi. Təsadüfi deyil ki, dünyanın ən mötəbər idman qurumlarının rəsmiləri irimiqyaslı, çoxnövlü idman yarışlarının ev sahibliyini böyük məmnunluqla  ölkəmizə həvalə edirlər.

Halbuki müstəqilliyimizin ilk illərində ən kiçik idman tədbirinin belə Bakıda təşkili böyük çətinliklər yaradırdı. Beynəlxalq aləmdən təcrid vəziyyətinə düşərək informasiya blokadasından əziyyət çəkən və  qeyri-sabit vəziyyətin hökm sürdüyü ölkəmizə qarşı dünyada mənfi rəy formalaşmışdı. Digər tərəfdən, infrastrukturun olmaması böyük çətinliklər törədirdi. Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra həyatın bütün sahələrində misli görünməmiş canlanma, inkişafın yüksək tempi qısa müddət ərzində dünyanın diqqətini Azərbaycana yönəltdi. Bu gün ölkəmizin müsbət, təhlükəsiz, dayanıqlı inkişafı onu dünyanın ən qabaqcıl ölkələri sırasına çıxarmışdır.

İnsanların mənəvi və fiziki sağlamlığında böyük rol oynayan bədən tərbiyəsi və idmanın inkişafına xidmət edən nəhəng idman infrastrukturu – bir-birindən gözəl, müasir üslubda inşa edilmiş Olimpiya idman kompleksləri, meydançalar, müxtəlif təyinatlı idman qurğuları ölkəmizə qədəm basan hər kəsdə xoş təəssürat oyadır. Bu gün uşaq, yeniyetmə və gənclərimizin nəinki Bakıda, ölkəmizin hər bir bölgəsində, rayonlarda istədiyi idman növü ilə məşğul olması üçün gözəl şərait yaradılıb. Dövlətin diqqət və qayğısı altında sağlam nəsil yetişir və onlar müasir dünyanın qurucularıdır.

Azərbaycan gəncləri ölkəmizin daha da tərəqqisi naminə həyatın bütün sahələrində yüksək fəallıq göstərir, aparılan böyük quruculuq işlərinə qiymətli töhfələr verirlər. Aprelin 11-də ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edən prezident seçkiləri keçiriləcək. İnanırıq ki, budəfəki seçkilər də yüksək səviyyədə keçiriləcək və xalq layiqli namizədini seçərək inkişaf yoluna davam edəcək.

İradə AŞUMOVA,
Olimpiya mükafatçısı


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında