Şriftin ölçüsü:
26.02.2011 10:38 | Oxunma sayı: 1587
Mərasimdə fondun prezidenti Mehriban xanım Əliyeva iştirak etmişdir
{nl}
Fevralın 25-də Bakının Pirşağı qəsəbəsində Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı surətdə yenidən qurulan 34 nömrəli şəhər səhiyyə kompleksi istifadəyə verilmişdir.
Kompleksin açılış mərasimində Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva iştirak etmişdir.
Mərasim iştirakçıları Mehriban xanım Əliyevanı hərarətlə qarşıladılar.
Azərbaycanın birinci xanımına gül dəstəsi təqdim edildi.
Mehriban xanım Əliyeva rəmzi açılışı bildirən lenti kəsdi və kompleks ilə yaxından tanış oldu.
Diqqətə çatdırıldı ki, Azərbaycanda səhiyyənin inkişafı və onun maddi-texniki bazasının gücləndirilməsi daim diqqət mərkəzində saxlanılır. Azərbaycanda səhiyyə müəssisələrinin yenidən qurulması, əhalinin sağlamlığının daha yaxşı təşkili, bu sahədə qabaqcıl texnologiyaların tətbiqi və yeni kadr potensialının hazırlanması Heydər Əliyev Fondunun və qurumun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətinin prioritet istiqamətlərindəndir. Mehriban xanım Əliyeva tibbi xidmətin keyfiyyətinin yüksəldilməsi məqsədilə səhiyyə müəssisələrinin yenidən qurulması işlərinin həyata keçirilməsinə xüsusi diqqət yetirir. Ana və uşaq sağlamlığının qorunması fondun diqqətdə saxladığı əsas sahədir. Bu baxımdan fondun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən zəruri proqramlar və layihələr Azərbaycanda tibb sahəsinin inkişafına əvəzsiz töhfələr verir.
Azərbaycanın birinci xanımına məlumat verildi ki, 1980-ci illərdə binada ambulatoriya fəaliyyət göstərmişdir. Ötən ilin fevralında başlanılmış yenidənqurma işləri nəticəsində müasir avadanlıqla təchiz olunmuş tibb ocağının əlavə korpusu və təcili yardım binası inşa edilmişdir. 39 otaqdan ibarət səhiyyə müəssisəsində əhaliyə yüksək tibbi xidmət göstərilməsi üçün bütün zəruri şərait yaradılmışdır. Müxtəlif tibb xidmətinin göstərildiyi səhiyyə kompleksində İtaliya, Türkiyə, Almaniya və Koreya istehsalı olan müasir avadanlıq quraşdırılmışdır.
Heydər Əliyev Fondunun prezidenti pediatr otağı ilə tanış oldu, lor kabinetinə baxdı.
Bildirildi ki, burada xəstələrin müalicəsində lor kombaynı adlanan yeni aparatdan istifadə ediləcəkdir. Cərrah otağında anestezioloji qurğu, habelə əməliyyatlar zamanı nəbz və arterial təzyiqi ölçən kardiomonitor, elektroşok, həmçinin dərman preparatlarının yeridilməsi üçün tibbi infuzion və elektrosovurucu aparatlar vardır. Stomatoloji kabinet də səhiyyə müəssisəsinin digər otaqları kimi ən yeni avadanlıqla, o cümlədən müasir "Dentson" aparatı ilə təchiz olunmuşdur.
Kompleksin okulist otağında müayinə üçün "Tomey" aparatı quraşdırılmışdır. Müəssisədə elektrokardioqram, üçfunksiyalı ultrasəs müayinəsi aparatları da vardır. Kompleksdə lazer və maqnit terapiyası üçün fizioterapiya kabineti, peyvənd otağı fəaliyyət göstərir.
Azərbaycanın birinci xanımı "Heydər Əliyev Fondunun Sabunçu rayonuna hədiyyələri" adlı stendə baxdı.
Stenddə fondun dəstəyi ilə rayon ərazisində inşa edilmiş sosial obyektlər - Bilgəh qəsəbəsində 11 nömrəli internat məktəbi, 231 nömrəli uşaq bağçası, Kürdəxanı Sağlamlıq Mərkəzi, Maştağa qəsəbəsində 21 nömrəli "Təbəssüm" uşaq sanatoriyası, Pirşağı qəsəbəsində 112 nömrəli orta məktəbin yeni korpusunu əks etdirən fotoşəkillər yer almışdır.
Heydər Əliyev Fondunun prezidenti Mehriban ƏLİYEVA tibb işçilərini kompleksin açılışı münasibətilə təbrik edərək dedi:
- Sizi bir daha təbrik edirəm.
Çox gözəl kompleksdir. Tanış oldum, burada xəstələrin səhhəti ilə bağlı problemləri həll etmək üçün hər şey vardır. Bütün mütəxəssislərin öz kabinetləri vardır, avadanlıq ən müasirdir.
İndi siz gərək xəstələrə yalnız və yalnız yaxşı baxasınız. Əlbəttə, həkimlərin də şəraiti yaxşı olmalıdır. Bu baxımdan burada çox gözəl şərait yaradılıbdır. Buna görə bir daha sizi təbrik edirəm. Ümidvaram ki, ölkəmizdə bütün tibb müəssisələri bu səviyyədə olacaqdır. Bilirsiniz, son illər çoxlu yeni xəstəxanalar, diaqnostika mərkəzləri tikilir, eyni zamanda, köhnələri təmir olunur. Bu, çox yaxşı haldır. Bu, belə də davam edəcəkdir.
Kürdəxanı Sağlamlıq Mərkəzinin baş həkimi Esmiralda Abdullayeva çıxış edərək səhiyyə işçilərinə göstərdiyi yüksək diqqət və qayğıya görə Mehriban xanım Əliyevaya minnətdarlığını bildirdi. Paytaxt ilə yanaşı, bölgələrdə də fondun təşəbbüsü ilə yeni səhiyyə obyektlərinin inşa edildiyini, tibb müəssisələrinin yenidən qurulduğunu vurğulayan E.Abdullayeva Pirşağı qəsəbəsindəki 34 nömrəli şəhər səhiyyə kompleksinin kollektivi adından əminliklə bildirdi ki, bundan sonra əhaliyə daha yüksək səviyyədə tibbi xidmət göstəriləcəkdir.
Tibb müəssisəsinin kollektivi Azərbaycanın birinci xanımı ilə xatirə şəkli çəkdirdi.
Sonra Mehriban xanım Əliyeva səhiyyə kompleksinin nəzdində fəaliyyət göstərən 14 nömrəli təcili yardım stansiyasının filialı ilə tanış oldu. Burada 14 nəfərdən ibarət tibbi heyət çalışacaqdır.
Daha sonra Heydər Əliyev Fondunun prezidenti Pirşağı qəsəbəsinin inkişaf planını əks etdirən stendlərə baxdı.
Qəsəbənin sosial məsələlərinin həlli ilə bağlı təkliflər verildi.
Mehriban xanım Əliyeva bildirdi ki, Xəzər dənizinin sahilində yerləşən və Bakının ən qədim qəsəbələrindən biri olan Pirşağının mərkəzinin abadlaşdırılması ilə bağlı təkliflər nəzərdən keçirilərək müvafiq işlər görüləcəkdir.
Azərbaycanın birinci xanımı görülmüş işlərdən razılığını bildirdi və tövsiyələrini verdi.
{nl}
AzərTAc
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.