İSRAİLİN XOREV TİBB MƏRKƏZİ GƏNCƏDƏ

 

Gəncənin həyatında daha bir mühüm hadisə baş vermişdir. İsrailin məhşurXorev tibb mərkəzinin şəhərdə «Xorev- Gəncə» Tibb Mərkəzi açılmışdır. Xorevdəki mərkəz bütün dünyaca məşhurdur. İsrailin şimalında, gözəl təbiəti olan Xayfa şəhərində yerləşən mərkəz 30 ilə yaxındır ki, fəaliyyət göstərir və artıq dünyada tibbin bir sıra sahələri üzrə öz sözünü deyə bilmişdir. Bu illərdə nəinki milyonlarla israilli, həm də yüz minlərlə xarici turist mərkəzin xidmətlərindən istifadə edərək öz sağlamlıqlarını bərpa etmişlər. Mərkəzin 53 şöbəsində ən yüksək səviyyəli mütəxəssislər çalışır ki, onların da adları dünyaca məşhurdur. Mərkəzin özünün Texnion Politexnik institututu da var və bu, hər cür tibb avadanlığının hazırlanmasına, müasir texnologiyanın tətbiqinə imkan yaradır və nəticədə mərkəz istədiyinə nail olur.Burada 300-dən çox professor çalışır və dünyada tanınır. Məsələn, hepatoloqlar Elimelex Sukerman, Rou, kardioloq Lyis, ortoped Daniel Rays, onkoloq Avi Koten və onlarla başqaları milyonların sevimlisinə çevrilib.

İndi budur, adını eşidib özünü görmədiyimiz məşhurlar Gəncəyə gəlib. Özü də xeyirxah bir missiya ilə…

Əvvəlcə Mərkəzin nümayəndələrinin iştirakı ilə elmi konfrans keçirildi və bu konfransda şəhərin səhiyyə işçiləri, ziyalılar da iştirak etdi. Şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev qonaqları salamladı, İsrail-Azərbaycan arasında mövcud olan əməkdaşlıqdan danışdı, bu əlaqələrin daha da genişləndirilməsinin vacibliyini diqqətə çatdırdı. Şəhər rəhbəri ölkə başçısının Azərbaycanın tibb sahəsinə olan xüsusi qayğısı, Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən müxtəlif tibbi layihələr haqqında məlumat verdi.

"Xorev” tibb mərkəzinin baş həkimi, “Qızıl Hippokrat" fondunun prezidenti və "Sərhədsiz həkimlər" fondunun rəhbəri Roman Barak ölkəmizdə və Gəncədə onlara göstərilən xoş münasibətə, yaradılan şəraitə görə dövlət başçısına və şəhər rəhbərinə təşəkkür etdi. Səfərin əsas məqsədinin səhiyyədə gedən inkişafı daha da artırmaqdan və ölkələr arasındakı əməkdaşlığın genişləndirilməsindən ibarət olduğunu bildirən professor layihənin bir çox ölkələrdə icra olunduğunu vurğuladı.

İsrailin Ortopediya və Travmatologiya İnstitutunun direktoru professor Mark Edelman, Nevrologiya və insultların qarşısının alınması İnstitutunun direktoru, professor Bella Qross, Ginekologiya və dölün bətndaxili diaqnostikası İnstitutunun direktoru, professor Boris Vaysman, Onkologiya İnstitunun direktoru, professor Qez İliyaqu, Ağır çəkili piylənmə İnstitutunun direktoru professor S.Asaliya, Çənə-üz cərrahiyyəsi İnstitutunun direktoru İ.Avnun məruzələrlə çıxış etdilər, aparılan elmi-tədqiqatlar, əldə olunan nailiyyətlər haqqında geniş məlumat verdilər.

Konfransda Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı ilə “Xorev” Tibb Mərkəzinin Baş həkimi arasında əməkdaşlıq memorandumu imzalandı. Qeyd edək ki, bu əməkdaşlıq gəncəli həkimlərə İsrailin “Xorev” tibb mərkəzində təcrübə keçmək imkanı yaradacaq. Həmçinin İsrailli həkimlər Gəncədəki klinika və xəstəxanalara baş çəkərək, onların fəaliyyəti, aparılan araşdırma və tətqiqatlarla tanış olacaqlar.        Konfransdan sonra “Xorev-Gəncə” Tibb Mərkəzinin açılışı oldu. Elmar Vəliyev bu əlamətdar hadisə münasibəti ilə bütün səhiyyə işçilərini və şəhər sakinlərini təbrik etdi. Rəmzi qırmızı lent kəsildikdən sonra tibb mərkəzi ilə tanışlıq oldu.

"Xorev-Gəncə" Tibb Mərkəzində travmatoloq, endokrinoloq, terapevt, nevropotoloq və digər ixtisasdan olan həkimlər sakinlərə xidmət göstərəcəklər. Bütün müasir avadanlıqlarla təchis olunmuş tibb mərkəzində ehtiyac olduğu təqdirdə pasientlərə İsrailin “Xorev" Tibb Mərkəzinə də göndərişlər veriləcək.

Gəncə şəhərinə səfərləri çərçivəsində 'Xorev' Tibb Mərkəzinin nümayəndələri Abbas Səhhət adına 1 nömrəli şəhər xəstəxanasında və yeni istifadəyə verilən “Xorev-Gəncə” Tibb Mərkəzində 100-dən çox sakinə müayinələr edib, onlarla maarifləndirici söhbətlər apardılar.

                   Hamlet Qasımov,
"Xalq qəzeti"nin bölgə müxbiri.

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında