Dünən Azərbaycan Milli Elmlər Akademiyası (AMEA)-nın ümumi yığıncağı və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin kollegiyasının "İnsan sağlamlığı Azərbaycan cəmiyyətinin inkişafının əsasıdır" mövzusuna həsr olunmuş birgə elmi sessiyası keçirilib.
Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə son illər akademiyanın müxtəlif qurumlarla, nazirlik və dövlət komitələri ilə müştərək tədbirlər keçirməsinin artıq ənənə halı aldığını deyib. Akademik Azərbaycanda molekulyar biologiya, biotexnologiya, gen mühəndisliyi və elektron tibb sahəsində görülən işlərdən, biotexnologiya, kök hüceyrələri və nüvə tibbi istiqamətləri üzrə birgə laboratoriyaların yaradılmasının vacibliyindən bəhs edib.
Elmi sessiyada AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov "Azərbaycanda tibb elminin inkişafı, prioritetləri və innovativ perspektivləri" mövzusunda çıxış edərək son illər ölkəmizin səhiyyə, o cümlədən tibb elmi və təhsili sahələrinin beynəlxalq miqyasa çıxdığını, həmin sahələrin inkişafına əlverişli şərait yaradıldığını və nəticədə yeni tədqiqat imkanlarının açıldığını diqqətə çatdırıb. O, məruzəsində dünyada orta yaşın dinamikası, genomika, molekulyar biologiya, hüceyrə texnologiyaları və digər prioritet istiqamətlər, o cümlədən Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikasında elmi fəaliyyətin əsas istiqamətləri haqqında məlumat verib. Periferik sinirlərin mikroskopik səviyyədə tədqiqi, Naftalan neftinin və digər mənbələrin klinik-eksperimental tədqiqi, eləcə də bir sıra xəstəliklərin öyrənilməsi istiqamətində əldə olunan uğurlardan danışıb.
Elmi sessiyada Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəylinin "Əhalinin sağlamlığının qorunması sahəsində tibb elminin müasir nailiyyətləri", AMEA-nın müxbir üzvü Nuru Bayramovun "Kök hüceyrə üzrə tədqiqatların klinik praktikada əhəmiyyəti", Milli Onkologiya Mərkəzinin şöbə müdiri, tibb üzrə fəlsəfə doktoru Fuad Novruzovun "Onkoloji və ürək xəstələrinin diaqnostikası və müalicəsində nüvə tibbinin rolu", AMEA Fiziologiya İnstitutunun direktoru, professor Ulduz Haşımovanın "Azərbaycanda uzunömürlülük fenomeni: tibbi-bioloji və demoqrafik aspektləri", Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru, professor Nazim Qasımovun "Azərbaycanda qeyri-infeksion xəstəliklərin tibbi-sosial və iqtisadi aspektləri", akademik Z.Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru, AMEA-nın müxbir üzvü Elmar Qasımovun "Azərbaycanda çox rast gəlinən oftalmoloji patologiyaların yayılması və tibbi-sosial əhəmiyyəti" mövzularında məruzələri dinlənilib.
AMEA-nın Biofizika İnstitutunun direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor, akademiyanın müxbir üzvü Oqtay Qasımovun çıxışından sonra səhiyyə naziri Oqtay Şirəliyev hər iki qurumun rəhbərliyi səviyyəsində keçirilən birgə tədbirin əhəmiyyətindən danışıb.
Nazir səhiyyənin inkişafında elmi tədqiqatların rolu, ölkəmizin ayrı-ayrı bölgələrində həyata keçirilən yüksək tibbi xidmətləri, peşəkar kadrların fəaliyyəti, müasir avadanlıq və cihazlarla təchiz edilmiş xəstəxana, tibb ocaqlarının istifadəyə verilməsi və həyata keçirilən unikal əməliyyatlar barədə məlumat verib.
Səhiyyə Nazirliyi Mətbuat Xidmətindən bildiriblər ki, çıxışlar ətrafında geniş müzakirələrdən sonra elmi sessiya qərar qəbul edib. Qərarda respublikada tibb elminin və səhiyyənin inkişafı ilə bağlı həyata keçirilməsi zəruri olan bir sıra vəzifələr – müxtəlif istiqamətlər üzrə AMEA və Səhiyyə Nazirliyi arasında daha səmərəli əməkdaşlıq əlaqələrinin yaradılması,tibb elmi ilə təhsilin inteqrasiyasının dərinləşdirilməsi və digər istiqamətlər üzrə kompleks tədbirlərin həyata keçirilməsi öz əksini tapır.
Zərifə HÜSEYNOVA,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.