Azərbaycan travmatoloqları öz işlərini dünya səhiyyəsinin son nailiyyətləri əsasında qururlar

Azərbaycan Səhiyyə Nazirliyi Travmatologiya və Ortopediya İnstitutu Bakıdakı ən qocaman səhiyyə ocaqlarından biridir. Böyük Vətən müharibəsi illərində burada keçmiş sovet ordusunun hospitalı yerləşib və ayrı-ayrı cəbhələrdə yaralanan döyüşçülər müalicə alıblar. Müstəqillik illərində institut Azərbaycanın aparıcı tibb müəssisələrindən birinə çevrilib, burada 8 nəfər elmlər doktoru, professor, 22 nəfər tibb üzrə fəlsəfə doktoru çalışır. Hazırda geniş beynəlxalq əlaqələri formalaşıb. İnstitutun direktoru, əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, məşhur cərrah Vaqif Verdiyev deyəndə ki, fevralın əvvəllərində instituta növbəti qonaqlar - çexiyalı mütəxəssislər gələcək, əməkdaşlıq məsələlərini müzakirə etməklə yanaşı, xəstələr üzərində cərrahi əməliyyatlar aparacaqlar, ustad dərsləri (master-klass) keçəcəklər, biz də marağımızı gizlətmədik. Hətta, cərrahiyyə əməliyyatı prosesində iştirak etmək arzumuzu çatdırdıq. Razılaşdıq.
Amma institutda olarkən cərrahi əməliyyatlara cəlb edilən xəstələrin təhlükəsizliyi məsələsi ilə əlaqədar bizim birbaşa cərrahiyyə otağında olmağımız və əməliyyat prosesində iştirak etməyimiz məsləhət görülmədi. Təbii ki, xəstələrin sağlamlığı və təhlükəsizliyi baxımından biz də bu təkliflə razılaşmalı olduq. Bununla belə, çexiyalı mütəxəssislər - Praqa yaxınlığındakı Klatovu şəhərindəki xəstəxananın ortopediya şöbəsinin müdiri, Çexiyanın aparıcı ortopedlərindən biri olan Yan Peşek, Çexiyadakı implantantlar istehsal edən "Beznoska" şirkətinin ixrac üzrə direktoru Vatslav Roblena və tibb bacısı Mariya Marşikova ilə görüşüb söhbət etmək fürsətini qaçırmadıq.
Cənab Roblena bildirdi ki, təmsil etdiyi firma əsasən Çexiyanı implantlarla təmin edir. Amma qonşu ölkələrlə əməkdaşlıq məsələsi də müəssisənin fəaliyyətində əsas yerlərdən birini tutur. Hazırda ixrac firmanın istehsal etdiyi məhsulların 40 faizini təşkil edir. Dünyanın 17 ölkəsi ilə sıx əməkdaşlıq edirlər. Azərbaycanla əməkdaşlığa isə 2004-cü ildən başlanıb.
Cənab Yan Peşek isə bizimlə söhbətində qeyd etdi: - Azərbaycan Travmatologiya və Ortopediya İnstitutu ilə 3 ildən artıqdır ki, əməkdaşlıq edirik. Burada bizim implatantlardan istifadə edilir. Bizim hazırkı səfərimiz də əməkdaşlığın dərinləşdirilməsi məqsədi daşıyır. Biz, əlbəttə, diz oynaqlarının protezləşdirilməsi sahəsində Azərbaycanla əməkdaşlığı genişləndirməkdə maraqlıyıq. İndiyədək öz klinikamızda 1300-dən artıq belə əməliyyat keçirmişik. Bu sahədə əməkdaşlıq imkanlarımız böyükdür. Fevralın 3-də institutda ustad dərsləri (master-klass) keçdik. Ümid edirəm ki, Azərbaycan mütəxəssisləri də bizimlə elmi-praktik əlaqələri dərinləşdirmək üçün lazımi addımlar atacaqlar.
Tibb elmləri namizədi alimlik dərəcəsini 1978-ci ildə Leninqradda (indiki Sankt-Peterburq), elmlər doktoru dərəcəsini 1985-ci ildə Kiyevdə müdafiə etmiş, Səhiyyə Nazirliyinin baş travmatoloq-ortopedi, Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyası ekspert şurasının üzvü, bir çox beynəlxalq ortopediya cəmiyyətlərinin üzvü Vaqif Verdiyevlə söhbətimiz isə əsasən son illərdə səhiyyə sistemində, eləcə də Travmatologiya və Ortopediya İnstitutunda aparılan islahatlarla bağlı oldu. Vaqif müəllim bildirdi ki, Azərbaycanda səhiyyə islahatlarına ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə başlanılıb və tibbin bir çox sahələrində müsbət dönüşlər əldə olunub. Son yeddi ildə ölkə Prezidenti İlham Əliyevin apardığı sosial siyasət, Səhiyyə Nazirliyinin bu istiqamətdə həyata keçirdiyi çox gərgin işlər nəticəsində isə respublikanın hər yerində, o cümlədən, Bakı şəhərində müalicə ocaqlarının müasirləşdirilməsi sahəsində böyük işlər görülüb. Vaxtilə çox köhnə, uçub-dağılan binalarda yerləşən, 30-40 il bundan əvvəl alınmış tibbi avadanlıqlarla işləyən müalicə müəssisələrinin bu gün, demək olar ki, 80 faizi yeniləşdirilib, binalar rekonstruksiya edilib, xəstəxana və laboratoriyalar ən müasir avadanlıq və laborator cihazlarla təchiz edilib.
"Mənim yadıma gəlir ki, keçən əsrin 90-cı illərinə qədər vətəndaşlarımız kompyuter tomoqrafiyası üçün Bakıdan Tbilisiyə getməli olurdular. İndi bu prosesi nəinki Bakıdakı, yaxud ölkəmizin iri şəhərlərindəki klinikalarda, hətta bölgələrdə də asanlıqla həyata keçirmək mümkündür. Artıq bölgələrimizdə də müasir müalicə-diaqnostika mərkəzləri yaradılıb. Yeni yaradılmış xəstəxanalar dövlət tərəfindən ən müasir, eyni zamanda, ən bahalı cihazlarla təmin edilib. Əgər əvvəl xəstələr diaqnozlarını dəqiqləşdirmək üçün rayonlardan Bakıya - Diaqnostika Mərkəzinə gəlirdilərsə, indi bölgələrdəki mərkəzlərdə də istər kompüter və maqnit-rezonans tomoqrafları, istərsə də digər müasir müalicə-müayinə cihazları mövcuddur və əhalimizin istifadəsindədir" -deyə institut direktoru bildirdi.
Vaqif Verdiyevin sözlərinə görə, Travmatologiya və Ortopediya İnstitutu da bu baxımdan qabaqcıl müalicə ocaqlarından biridir. İnstitut iki korpusdan ibarətdir. Birincisi, İkinci Dünya müharibəsi illərində yaralılara kömək üçün yaradılmış hospitalın binasıdır. 1946-cı ildə burada Bakı Elmi-Tədqiqat Ortopediya və Bərpa Cərrahiyyəsi İnstitutu yaradılıb. Əvvəllər məktəb binası olmuş bu tikili sonradan aparılmış bütün cari təmir-bərpa işlərinə baxmayaraq yenə də lazımi standartlara cavab verməyib. Nəhayət, 2002-ci ildə Avropa Birliyinin ayırdığı vəsait hesabına bu binanın təmirinə başlanılıb və nəticə kifayət qədər yaxşı olub. İkinci korpusda isə son 25 il ərzində, demək olar ki, təmir işləri görülməmişdi. Yalnız son iki ildə burada da əsaslı və yüksək səviyyəli təmir-bərpa işləri aparılıb, müasir havalandırma sistemi quraşdırılıb və işçilərin sərbəst çalışması üçün hər cür şərait yaradılıb. İndi bura texniki-laborator binadır. İnstituta kompyuter tomoqrafı, rəqəmsal rentgen aparatı, ultrasəs müayinəsi, qanın, sidiyin analizləri üçün ən müasir analizatorlar alınıb. Bütün bunların nəticəsində institut əməkdaşları da öz işlərini yeni, ən müasir tələblər səviyyəsində qururlar. Artıq institutda rentgen, kompyuter tomoqrafiyası müayinəsi, ağciyərin tutumunu yoxlamaq üçün spiroqrafiya, neyromioqrafiya, reovazoqrafiya və sair vacib müayinələri həyata keçirmək üçün hər cür avadanlıqlar və onlarla işləmək üçün yüksək ixtisaslı mütəxəssislər vardır.
Vaqif müəllim qeyd etdi ki, son illərdə həyata keçirilmiş səhiyyə islahatları nəticəsində institutda aparılan elmi-tədqiqat işlərinin də səviyyəsi get-gedə yüksəlməkdədir. Hər bir əməkdaş çalışır ki, həm müayinələr, həm müalicə üsulları bugünkü dünya standartlarına cavab versin. "Bununla əlaqədar olaraq beynəlxalq əlaqələrimizi də genişləndiririk. Ötən illərdə Türkiyənin ən sayılıb-seçilən mütəxəssisləri bir neçə dəfə institutumuza gəliblər. Bir dəfə böyük oynaqların süni oynaqlarla əvəz edilməsinə (protezləşdirilməsinə) həsr olunmuş beynəlxalq konfrans keçirmişik. Tədbirdə 6 nəfər türkiyəli professor da iştirak edirdi. Konfrans çərçivəsində onların iştirakı ilə institutda ustad (master-klass) əməliyyatları apardıq. Tədbirə, eyni zamanda, respublikanın bütün travmatoloq və ortopedlərini dəvət etmişdik və onlar da bu sahədəki ən son yeniliklərlə tanış oldular, biliklərini zənginləşdirdilər. Türkiyənin İzmir, Adana, İstanbul və Ankara şəhərlərindən olan mütəxəssislər də mütəmadi olaraq qonağımız olur, bizimlə birgə konfranslarda iştirak edirlər. Bəzi Türkiyə institutları ilə əməkdaşlıq haqqında sazişlər imzalamışıq. Ankaradakı Hacettəpə, İzmirdəki Ege universitetləri artıq bizim institutla elmi əməkdaşlıq edir. Bu da həm müasir müalicə üsullarının dünya standartlarına uyğun şəkildə institutda tətbiqinə imkan verir, həm də bizim mütəxəssislər də Türkiyənin aparıcı müalicə müəssisələri ilə elmi əməkdaşlıq edərək təcrübələrini artırırlar. Artıq dissertasiya müdafiəsi sahəsində də əməkdaşlıq etməyi planlaşdırırıq. Yəni elmi araşdırmaların həm bizdə, həm də Türkiyədə aparılması nəzərdə tutulur" - deyə professor əlavə etdi.
Vaqif Verdiyevin dediyinə görə, institutda baş verən son yeniliklərdən biri də 2009-cu ildən başlayaraq Səhiyyə Nazirliyi tərəfindən süni oynaqların (endoprotezlər) əhaliyə ödənişsiz verilməsi barədə qərar qəbul etməsidir. Bu sahədə institut Çexiyanın aparıcı klinikaları ilə əməkdaşlıq edir və artıq üçüncü dəfədir ki, bu ölkənin yüksək ixtisaslı mütəxəssisləri gəlib burada tamamilə təmənnasız, hər hansı ödənişsiz əməliyyatlar aparırlar. Travmatologiya İnstitutunun mütəxəssisləri də tez-tez Praqaya gedib Çexiyada əldə olunmuş son elmi nailiyyətlərlə tanış olurlar.
Bu il fevralın əvvəllərindən üç nəfər çex mütəxəssisi institutun qonağıdır. Onların bu səfəri zamanı bir neçə gün ərzində 6 nəfər azərbaycanlı xəstə üzərində cərrahiyyə əməliyyatı aparılıb. Təbii ki, bu əməliyyatlarda yerli mütəxəssislər də iştirak ediblər. Səfər çərçivəsində çexiyalı qonaqlar Azərbaycanın digər səhiyyə ocaqlarında çalışan travmatoloq və ortopedlərin iştirakı ilə ustad dərsləri (master-klass) də keçiblər. Bu, bir tərəfdən, bizim mütəxəssislərin elm və təcrübəsinin artırılması üçün vacibdir, digər tərəfdən isə, Azərbaycanın ayrı-ayrı klinikalarında edilən tibbi yardımların, aparılan cərrahiyyə əməliyyatlarının daha da mükəmməlləşməsinə və müasirləşməsinə kömək edir. Vaqif müəllim bildirdi ki, institutda hələ həllini tapmamış məsələlər də var və bunlarla bağlı Səhiyyə Nazirliyi ilə daim sıx əlaqə saxlanılır. Bunlardan biri müasir dövr üçün yeni kadr yetişdirmək problemidir. "Bilirsiniz ki, elm və təbabət, demək olar ki, hər gün yeniləşir, inkişaf edir. Bu sürətlə ayaqlaşmaq üçün bizim gərək yeni kadrlarımız olsun. Məsələnin həlli üçün Təhsil, Səhiyyə nazirlikləri, Tibb Universiteti, Azərbaycan Prezidenti yanında Xüsusi Tibb Xidməti tərəfindən gənc mütəxəssislərimiz bir neçə istiqamətdə təhsillərini artırmaq üçün Avropanın, Rusiyanın, Türkiyənin aparıcı müalicə ocaqlarına, elmi-tədqiqat institutlarına göndərilir ki, gedib tibb elmi sahəsindəki ən son nailiyyətləri mənimsəsinlər və gəlib Azərbaycanda tətbiq etsinlər. Bu məsələdə pərakəndəliyə yol verilmir, hər şey mütəşəkkil qaydada həyata keçirilir. Artıq təbabət üzrə bizim 500 nəfərdən çox gənc mütəxəssisimiz bu qayda ilə öz ixtisaslarını artırırlar. Bu günlərdə Səhiyyə Nazirliyinin kollegiyasında nazir Oqtay Şirəliyev bəyan etdi ki, Bakıda xüsusi layihə əsasında dünya standartlarına uyğun yeni kliniki mərkəz tikilir və burada Avropada təhsilini tamamlayıb vətənə qayıdacaq gənc mütəxəssislər işləyəcəklər".
Bu gün üçün aktual hesab olunan problemlərdən biri də onurğa cərrahiyyəsi (qozbelliyin müalicəsi) ilə bağlıdır. Vaqif Verdiyevin sözlərinə görə bu, çox bahalı bir əməliyyatdır. Ona görə bahalıdır ki, bu xəstəliyin müalicəsində istifadə olunan implantantlar (metal qurğular) bir neçə min manat vəsait tələb edir. Artıq bu məsələ də Səhiyyə Nazirliyi tərəfindən həll olunmaq üzrədir. Belarus və Türkiyə respublikaları ilə materialların alınması, yeni texnologiyaların tətbiqi, kadr məsələlərinin həlli ilə bağlı danışıqlar aparılır. Bu məsələ də tezliklə sahmana salınsa, əsas istiqamətlər üzrə sanballı addımlar atılmış olacaq. "Təbabət, xüsusilə cərrahiyyə elə bir sahədir ki, hər gün yeniləşir, yeni üsullar, yeni metodlar kəşf olunur. Ona görə də biz heç vaxt deyə bilmərik ki, artıq hər şeyə nail olmuşuq".
Vaqif müəllim qeyd etdi ki, son vaxtlar Səhiyyə Nazirliyi tərəfindən həkimlərin sertifikasiyası aparılır. Hazırda Travmatologiya İnstitutunun kollektivi də test imtahanlarının suallarına hazırlaşır. Aprel ayında onların da sertifikasiyaya cəlb edilməsi nəzərdə tutulur. İnstitutda bunu vacib bir addım hesab edirlər. Bu, həkimlərin öz üzərlərində daha səylə işləməsinə, biliklərini daim artırmasına səbəb olur.
Professor bildirdi ki, Travmatologiya və Ortopediya İnstitutu tarixən strateji bir səhiyyə ocağı olub, bu gün də belədir. Yəni fövqəladə hallar nəticəsində insanlarda kütləvi zədələnmələr baş verdikdə bura müraciət edirlər. Qarabağ müharibəsi zamanı yaralanan döyüşçülərimizə institut tərəfindən hər cür travmatoloji-ortopedik yardım göstərilib. Gündəlik həyatımızda bu gün də müxtəlif hadisələr baş verir. Hardasa lift xarab olur, yaxud başqa bir hadisə olur, insanlar zədə alır. Və təbii ki, üz tutulan ilk ünvan Travmatologiya və Ortopediya İnstitutu olur. Burada isə xəstələrin həyatı təkcə Hippokrat andına sədaqət baxımından deyil, həm də Tanrı payı olaraq müqəddəs hesab edilir. Biz də bu müqəddəs peşə sahiblərinə işlərində böyük uğurlar arzulayırıq.{nl}

Paşa ƏMİRCANOV, Rafiq SALMANOV (foto), "Xalq qəzeti"

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında