“Talassemiya ilə mübarizədə KİV-in rolu”

Ölkəmizdə talassemiyadan əziyyət çəkən insanların müalicəsi və  dövlətin onlara göstərdiyi diqqət və qayğısı,  Talassemiya Mərkəzinin gördüyü işlər ictimaiyyət tərəfindən müsbət qarşılanır. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın və fondun vitse-prezidenti Leyla Əliyevanın mütəmadi olaraq, mərkəzə baş çəkməsi və görülən işlərlə tanışlığı təqdir olunası hadisədir.

Bu fikirlər Talassemiya Mərkəzində keçirilmiş  "Talassemiya ilə mübarizədə KİV-in rolu" mövzusunda konfransda səsləndirildi.

Tədbirdə çıxış edən mərkəzin direktoru Valeh Hüseynov konfransın əsas məqsədi barədə məlumat verdi. Bildirdi ki,  əsas məqsəd KİV-lə birgə talassemiyadan əziyyət çəkən insanların təhlükəsiz və keyfiyyətli qanla təmin olunması üçün könüllü donor xidmətinin inkişaf etdirilməsi və xəstəliyin yayılmasının qarşısının alınması üçün cəmiyyətin maarifləndirilməsidir. Son illər bu istiqamətdə qəbul olunan dövlət proqramlarının səmərəli nəticəsinə toxunan natiq   bildirdi ki, talassemiya bütün dünyada olduğu kimi,  ölkəmizdə də  aktual problemlərdən biridir: “Son statistik göstəricilərə əsasən, ölkədə bir milyondan artıq talassemiya daşıyıcısı var. Məhz bu, daşıyıcıların ailə qurması ilə əlaqədar ölkədə talassemiyalı xəstələrin sayında son illərə qədər artım müşahidə edilirdi. Hazırda respublikamızda 3000-dən yuxarı qeydiyyatda olan irsi qan, o cümlədən talassemiyalı xəstələr var. Son üç il ərzində dövlətimiz tərəfindən qəbul olunan bir sıra proqramlar, o cümlədən nikahdan öncə cütlüklərin yoxlanılması nəticəsində 2017-ci ildə bu xəstəliklə dünyaya gələnlərin sayında əhəmiyyətli dərəcədə azalma müşahidə edilib. Onu da qeyd edim ki, bu cür proqramlar öz nəticəsini qısa müddətdə vermir. Digər ölkələrin təcrübəsinə də əsaslanaraq onu demək olar ki, bu problemin həlli istiqamətində, xüsusilə regionlarda silsilə tədbirlərin keçirilməsi vacibdir. Belə ki, talassemiyanın aradan qaldırılmasında əsas məsələ düzgün müalicə deyil, profilaktik tədbirlərin zamanında aparılmasıdır. Məqsədimiz respublikada talassemiya ilə doğulan uşaqların sayının azaltmaqdır. Burada nikaha girən cütlüklərin müayinəsi əsas rol oynayır. Problemin həlli istiqamətində ikinci əsas məsələ isə prenatal diaqnostikanın inkişafıdır. Son illər aparılan işlər sayəsində xəstəliyin “yaş həddi” böyüyüb. Belə ki, xəstəlikdən əziyyət çəkənlərin çoxunun yaş həddi 20-dən yuxarıdır. Hazırda mərkəzimizdə yaşı 18-dək olan təxminən üç minə yaxın uşaq və yeniyetmə qeydiyyatdadır”.

Heydər Əliyev Fondunun nümayəndəsi Soltan Məmmədov vurğuladı ki, fond tərəfindən talassemiya xəstəliyinin profilaktikası, müalicəsi ilə bağlı mühüm tədbirlər həyata keçirilir. Məhz Heydər Əliyev Fondunun  diqqəti nəticəsində bu sahədə uğurlar əldə edilib.  Onun sözlərinə görə, bu sahədə aparılan maarifləndirici işlərin daha çox görülməsi üçün  medianın üzərinə böyük vəzifələr düşür.

Milli Məclisin deputatı Musa Quliyev mərkəzin gördüyü işlərin əhəmiyyətini vurğuladı və qeyd etdi ki, müxtəlif sosial çarxların çəkilməsi ilə QHT  də bu işə töhfə verə bilər. Talassemiya və bundan əziyyət çəkən insanların həyat tərzinin işıqlandırılması, eləcə də bu istiqamətdə mediada görüləcək işlər barədə jurnalist Rübabə Sahib ətraflı məlumat verdi. Bildirdi ki, jurnalistlər bu mövzunu diqqətlə öyrənib işıqlandırmaqla, talassemiya barədə cəmiyyəti daha dolğun və obyektiv məlumatlandıra bilərlər.

Sonra Azərbaycan Tibb Universitetinin psixiatriya kafedrasının assistenti İkram Rüstəmovun “Talassemiyalı uşaqlarda və yeniyetmələrdə psixoloji problemlər” mövzusunda məruzəsi dinlənildi.  Qeyd edək ki, konfransda müxtəlif dövlət qurumlarının  nümayəndələri  iştirak edirdilər.

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında