Reabilitasiya sahəsində görülən işlər müzakirə edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində tibbi-sosial ekspertiza və əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində görülən işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş kollegiya iclası keçirilib. 

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov tibbi-sosial ekspertiza və reabilitasiya sisteminin müasir və şəffaf infrastrukturunun yaradılmasının Azərbaycan Prezidenti İlham Əliyevin sosial sahənin inkişafı ilə bağlı islahatlar proqramının əsas komponentlərindən biri olduğunu vurğulayıb. Nazir bildirib ki, dövlət başçısının fərmanına uyğun olaraq, əlilliyin qiymətləndirilməsi prosedurunun Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Alt Sistemi əsasında elektronlaşdırılması son illərdə bu sahədə aparılan effektiv islahat tədbiri olub. BMT tərəfindən Cənub-Cənub Əməkdaşlığı çərçivəsində paylaşılması və digər Cənub ölkələrində də tətbiqi məqsədəuyğun olan müasir və səmərəli, şəffaf iş mexanizmləri kimi qəbul edilmiş nazirliyin fəaliyyət sahələri üzrə avtomatlaşdırılmış sistemlər, o cümlədən də Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Alt Sistemi qabaqcıl təcrübələr kimi BMT-nin "Ərəb ölkələri, Avropa və MDB regionlarında Cənub-Cənub Əməkdaşlığı çərçivəsində Əməkdaşlıq Mexanizmləri və Həllər" adlı portalında yerləşdirilib. Əlillik dərəcələrinin təyin olunmasında obyektivliyə və şəffaflığa təminat verən bu elektron sistem əlilliyin azalmasına da imkan yaradıb. Belə ki, 2017-ci ildə ilkin əlillik təyin olunanların sayı 2016-cı illə müqayisədə 12 min 538 nəfər və ya 31 faiz az olmuşdur.

S.Müslümov Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə uyğun olaraq 2016-cı ilin əvvəlindən I dərəcə əlilliyin müddətsiz müəyyən olunmasının, II və III dərəcə əlilliyin müddətinin beş ilədək, sağlamlıq imkanlarının məhdudluğu müddətinin 3 ilədək uzadılmasının əlilliyin hər il təkrar qiymətləndirilməsi praktikasının aradan qalxmasına səbəb olduğunu və həmin insanlar tərəfindən razılıqla qarşılandığını qeyd edib. Bu islahatların aparılması ilə ümumilikdə 250 minə yaxın insanın hər il təkrar müayinədən keçməsi zərurəti aradan qaldırılıb.

Nazir bildirib ki, bununla belə, əlilliyin müəyyən edilməsi üçün sistemə daxil edilən göndərişlərdə əksini tapan xəstəlik məlumatları əsasında əlillik təyinatlarının aparılıb-aparılmamasına münasibətdə TSEK-lər tərəfindən bir sıra hallarda obyektiv yanaşma meyarının gücləndirilməsi vacibdir. Hər hansı şəxsin əlilliyinin qiymətləndirilməsində ilk növbədə müvafiq göndəriş formasında qeyd  olunan xəstəlik məlumatlarının TSEK-lər tərəfindən düzgün təhlil edilməsi, şəxsin müalicə olunmaqla sağlamlığını bərpa etdirmək, əlilliyə məruz qalmamaq potensialının mövcud olub-olmaması daha diqqətlə nəzərdən keçirilməlidir. Bu amil əlilliyin qiymətləndirilməsində daha obyektiv, dəqiq yanaşma üçün mühüm şərtdir və TSEK-lər bu məsələlərə daha məsuliyyətlə yanaşmalıdırlar.

 Əlilliyi olan insanların sağlamlıqlarının bərpası, reabilitasiya potensiallarının müəyyən olunaraq reallaşdırılması istiqamətində işlər ildən-ilə gücləndirilib. Nazirliyin bərpa mərkəzləri tərəfindən ötən il 39,8 min nəfər əlilliyi olan şəxsə və sağlamlıq imkanları məhdud uşağa stasionar və ambulator şəraitdə bərpa xidmətlərinin göstərildiyi bildirilib. Nazir vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin xüsusi diqqət və qayğısı nəticəsində son illərdə ölkəmizdə  tibbi-sosial reabilitasiya sisteminin müasir tələblərə uyğun qurulması istiqamətində mühüm addımlar atılıb. Həmçinin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi nəticəsində yaradılan Xüsusi Qayğıya Ehtiyacı olan Uşaqların Dövlət Reabilitasiya Müəssisəsi sağlamlıq imkanları məhdud uşaqların  müasir və səmərəli fizioterapevtik müalicə xidmətləri ilə təminatı imkanlarının xeyli genişlənməsinə səbəb olub. 

İclasda çıxış edən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov və digərləri tibbi-sosial ekspertiza, əlilliyin qarşısının alınması, əlilliyi olan şəxslərlə bağlı fərdi reabilitasiya proqramlarının tərtib olunaraq həyata keçirilməsi, həmin insanlarla bağlı qanunvericiliyin təkmilləşdirilməsi, TSEK əməkdaşlarının bilik və peşəkarlığının artırılması, vətəndaşların müvafiq sahə üzrə müraciətlərinə baxılması və başqa sahələrdə görülən işləri diqqətə çatdırıblar.

 

Zərifə HÜSEYNOVA,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında