Azərbaycan Tibb Universitetinin konfrans zalında respublikamızın ilk epidemioloqu, professor İsmayıl Axundovun anadan olmasının 120 illik yubileyi ilə əlaqədar təntənəli mərasim keçirildi.
Azərbaycanın çox dəyərli ziyalılarından olan İsmayıl Axundov 1897-ci il dekabrın 8-də Şamaxı şəhərində anadan olmuşdur. Beş yaşı olanda – 1902-ci ildə Şamaxıda baş vermiş dəhşətli zəlzələdə anası Sitarə xanımı itirmişdir. Şamaxıda xeyirxah təbib kimi tanınan və şəxsi əczaxanası olan atası Əbdülxaliq ailəsini Bakıya köçürəndən az sonra vəfat etdiyinə görə uşaqlar əmisi Məşədi Məmmədin himayəsində yaşamışlar.
İsmayıl Axundov 2-ci kişi gimnaziyasını bitirəndən sonra 1919-cu ildə Bakı Dövlət Universitetinin tibb fakültəsinə qəbul olunmuşdur. O zaman – 1920-ci ilin əvvəllərində Azərbaycan Demokratik Respublikası müstəqil dövlət üçün bacarıqlı kadrlar hazırlamaq məqsədi ilə 100 nəfər gənci seçib xaricdə təhsil almağa göndərmişdi. Həmin seçilmişlər arasında İsmayıl Axundov da vardı. O, ADR dövlətinin hesabına Almaniyaya – Lüdviq Maksimilyan adına Münhen Universitetinin tibb fakültəsində təhsilini davam etdirməyə göndərilmişdir. Münhen Universitetini əla qiymətlərlə bitirən İsmayıl bəy həmin məktəbdə assistent saxlanılmışdır.
Hamburq şəhərində tropik xəstəliklər üzrə mütəxəssis kimi ixtisaslaşan İ.Axundovun istedadı məşhur alim Martinin nəzərindən yayınmamış və ona öz yanında işləməyi təklif etmişdir. 1927-ci ildə İsmayıl bəy bu təklifi qəbul etmişdir.
Professor Martininin rəhbərliyi altında o, malyariyanın epidemiologiyası, kimyəvi profilaktikası və keçiricilərinə aid maraqlı tədqiqatlar aparmış və 1928-ci ildə Almaniyada uğurla doktorluq dissertasiyası müdafiə etmişdir.
Onun elmi tədqiqatları, məqalələri Avropa, Asiya, Amerika və hətta Afrika ölkələrində böyük maraqla qarşılanmışdır. Professor Martini həmin dövrdə Afrikada geniş yayılmış malyariya və sarı qızdırma epidemiyalarına qarşı mübarizə aparmaq məqsədilə onu Konqo, Əlcəzair, Tunis və Nigeriyaya göndərmişdir. Bu ölkələrdə epidemiyalara qarşı böyük əzmkarlıqla mübarizə apardığına görə dünyanın onlarca dövlətindən – hətta uzaq Yaponiyadan ona çox sərfəli dəvətlər gəlmişdir. Lakin o, bunların heç birini qəbul etməmiş, Almaniyada aldığı biliyi doğma Vətənində tətbiq etmək üçün akademik Mustafa bəy Topçubaşovun təklifi ilə Azərbaycana qayıtmışdır. Burada o, müxtəlif vəzifələrdə çalışmış, Tibb Universitetində mühazirələr oxumuş, Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunda tropik xəstəliklər kafedrasının müdiri olmuşdur. O, respublikanın bütün bölgələrində malyariyanın kökünü kəsmək, xalqını bu qorxulu bəladan qurtarmaq üçün gecə-gündüz çalışmış və buna nail olmuşdur.
Böyük Vətən Müharibəsi başlanarkən İsmayıl bəyi Zaqafqaziya Hərbi Dairəsinin baş epidemioloqu təyin etmişlər. 1943-cü ildə ordudan geri çağırılmış və Azərbaycan Tibb İnstitutunda epidemiologiya fakültəsini təşkil etmək ona tapşırılmışdır.
Böyük alim, görkəmli səhiyyə təşkilatçısı, tələbkar müəllim və xeyirxah insan olan İsmayıl bəy Axundov 1952-ci ildə Moskvada ezamiyyətdə olarkən mehmanxanada baş vermiş yanğın nəticəsində 55 yaşında müəmmalı şəkildə vəfat etmişdir. Onun məhsuldar elmi-pedaqoji və təşkilatçılıq fəaliyyəti dövlət tərəfindən qiymətləndirilmiş, müxtəlif mükafatlara, döyüş və əmək cəbhəsində qazandığı çoxsaylı orden və medallara layiq görülmüşdür.
...Qısa şəkildə üzərində dayandığım bu faktlar daha geniş formada həmin mərasimdə səsləndi. Yubiley tədbirini Azərbaycan Tibb Universitetinin elmi işlər üzrə prorektoru, professor Rauf Bəylərov giriş sözü ilə açdıqdan sonra professor İsmayıl bəy Axundovun həyat və fəaliyyətinə həsr olunmuş sənədli film nümayiş etdirildi.
Sonra məruzə üçün söz ATU-nun epidemiologiya kafedrasının müdiri, Əməkdar elm xadimi, professor İbadulla Ağayevə verildi. İbadulla müəllim İsmayıl bəyin həyat və fəaliyyəti barədə o qədər dolğun, səlist məruzə etdi ki, ağzınadək dolu olan böyük konfrans zalındakı dinləyicilər təqribən bir saatın necə keçdiyinin fərqinə varmadılar.
Eləcə də görkəmli tədqiqatçı, Bakı Avrasiya Universitetinin professoru Ədalət Tahirzadə, AMEA Folklor İnstitutunun professoru Seyfəddin Qəniyev, Bakı Dövlət Universiteti kimya kafedrasının müdiri, professor Əyyub Əzizov, İsmayıl bəyin qızı Nailə Axundova dünyaca məşhur vətənpərvər alimin həyat və fəaliyyətinin dərin qatlarına ekskurs edərək, onun tam, bitkin obrazını təqdim edə bildilər.
Bu qeydlərim üçün, “Qədirbilənlik” adını seçməyim də təsadüfi deyil. Son vaxtlar Azərbaycan Tibb Universitetində Vətən və xalq qarşısında böyük xidmətləri olan görkəmli elm adamlarının qədirbilənliklə yad edilməsi bir ənənəyə çevrilib. Heç bir ay olmaz ki, ATU-nun anatomiya kafedrasının yaradıcısı, professor Kamil Balakişiyevin xatirəsi burada yad olundu. Bu mərasimdə isə professor İbadulla Ağayev məruzəsini belə tamamladı:
– Otuzuncu illərdə akademik Mustafa bəy Topçubaşov İsmayıl bəyi Azərbaycana dəvət etdi. İsmayıl bəy 1942-ci ildə Kəlbəcərdə səhiyyə idarəsinin müdiri işləyən Tağı Tağıyevi Bakıya gətirdi və o, uzun illər kafedra müdiri işlədi. Professor Tağı Tağıyev isə məni – ixtisasca müalicə həkimi olan insanı təkidlə epidemioloq alim olmağa həvəsləndirdi. Bu gün həmin şəxsiyyətlərin yaratdıqları kafedraya rəhbərlik edirəm. Gəlin xalqımızın belə ləyaqətli ziyalılarının ənənəsini davam etdirək və onları unudulmağa qoymayaq.
Qüdrət PİRİYEV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.