Azərbaycan Tibb Universitetinin İnsan anatomiyası kafedrasının müdiri, tibb elmləri doktoru, professor, Əməkdar elm xadimi, Rusiya Tibb Elmləri Akademiyasının akademiki Vaqif Şadlinski xalqımızın tarixində dəyərli izlər qoyan, mədəni-maarif, təhsil sahəsində böyük xidmətlər göstərən, fəaliyyəti gələcək nəsillərə örnək ola biləcək şadlinskilər nəslinin nümayədəsidir.
Vaqif müəllimin adı ölkəmizin elm və təhsil işçilərinə, ziyalılara, səhiyyə sahəsində çalışanlara yaxşı tanışdır. Onun ömür yoluna nəzər salanda keşməkeşli uşaqlıq və gənclik illəri, məşəqqətli köçkünlük dövrü, əsl ziyalı, müəllim, alim ömrü gözlərimiz önündə canlanır. Həmin ömrün bəzi məqamlarını xatırlatmaq yerinə düşərdi.
V. Şadlinski 1963-cü ilin yayında Bakıya gəlib, sənədlərini N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun stomatologiya fakültəsinə verir və imtahanlardan uğurla keçib tələbə adını qazanır. 1968-ci ildə bu ali təhsil ocağını fərqlənmə diplomu ilə bitirir və Elmi Şuranın qərarı ilə institutda saxlanılır. Yeri gəlmişkən, onun həkim olmaq, insanların sağlamlığı keşiyində dayanmaq istəyi təsadüfi deyildi. V.Şadlinskinin qəlbində bu arzu lap kiçik yaşlarında, hələ doğma Vedidə ikən, böyük qardaşı Heydərin 15 yaşında adi soyuqdəymədən bircə günün içində dünyasını dəyişməsindən sonra baş qaldırmışdı...
Tələbələri, həmkarları, elm ictimaiyyətinin təmsilçiləri professor V.Şadlinskini ciddi, tələbkar, prinsipial müəllim, əsərləri xarici ölkələrdə nəşr edilən, 350 elmi işin, o cümlədən 11 monoqrafiya, 19 dərslik və dərs vəsaitinin, 20 metodik tövsiyənin, 2 səmərələşdirici təklifin, yüzlərlə elmi-kütləvi məqalənin müəllifi olan nüfuzlu alim, eyni zamanda, qayğıkeş insan, cəmiyyətdə yüksək səviyyədə qəbul olunan şəxsiyyət kimi xarakterizə edirlər.
Vaqif müəllimin cəmiyyətdə qazandığı xətir-hörmət, pedaqoji və elm fəaliyyətində əldə etdiyi uğur hər şeydən əvvəl onun keçmişini, nəsil-nəcabətini unutmaması, tayfa-kökünün dəyərlərini itirməməsi, adının xeyirxahlıqla, yaxşılıqla yanaşı çəkilməsi, hamının üzünə şax baxması üçün məsuliyyət hissilə yaşaması ilə bağlıdır. Özü bu barədə deyir: “... Mən DNK analizimi ABŞ-a göndərdim. Oradan cavab aldım ki, Şəddadi nəslinin nümayəndəsiyəm. Təkcə mənim məktubumla əlaqədar 5 nəfər bizim nəslin nümayəndəsi üzə çıxıb. İndi görün dünyada bu nəsildən olan nə qədər adam yaşayır. Bununla mən sübut etdim ki, Əyyubilər sülaləsinin ilk hökmdarı Səlahəddin Əyyubi bizim nəsildəndir. Bununla bağlı tarixi faktlar da var. Mən istəyirəm ki, öz kökümü, keçmişimi dərindən öyrənim. Mənim övladlarım, nəvələrim də öz köklərini bilsinlər. Burada heç bir millətçilik və ya qohumbazlıq yoxdur. Hər kəs öz əcdadını, kökünü tanımalıdır. Mən bəzən tələbələrdən ulu babalarının adlarını soruşanda susurlar. Ata babalarının adlarını isə, ümumiyyətlə, bilmirlər. Belə olan təqdirdə düşmənlə mübarizədən necə söhbət gedə bilər?!.”.
V. Şadlinski dərslərinə ciddi hazırlaşmayan, elmə laqeyd münasibət bəsləyən tələbəyə qarşı son dərəcə tələbkardır, güzəştsizdir. Özü bunu belə əsaslandırır: “Müəllim tədris müəssisəsində təlim- tərbiyə prosesini yaradıcılıqla təşkil edə, həyata keçirə bilirsə, deməli, o, gənc nəslin gələcəyin nümunəvi vətəndaşı kimi yetişməsində üzərinə düşən ən ağır, məsuliyyətli və şərəfli bir peşəni ləyaqətlə yerinə yetirə bilir. Lakin pedaqoji fəaliyyət zamanı bu missiyanı reallaşdırmaqda çətinlik çəkirsə, tələbələrə qayğını güzəştdə görürsə, necə deyərlər, yaxşı ilə yamana eyni gözlə baxırsa, onda təlim-tərbiyə prosesinin səmərəliliyi barədə danışmağa, yüksək uğurdan, müsbət nəticədən söhbət açmağa dəyməz. Ümumiyyətlə, pedaqoji proses elə qurulmalıdır ki, tələbə müəllim qarşısında daim gələcəyin ləyaqətli mütəxəssisi kimi öz məsuliyyətini dərk edə bilsin”.
V. Şadlinskinin fikrincə, ali məktəb auditoriyasında mühazirə oxuyan müəllim hər şeydən əvvəl öz ixtisasını dərindən bilməli və tələbə ilə davranmağı, münasibət qurmağı bacarmalıdır. Unutmamalıdır ki, cəmiyyətimizin xoşbəxt gələcəyi, inkişafı ali məktəblərdə dərs deyən müəllimlərin indiki işinin nəticəsindən asılıdır. Bu isə o qədər də asan məsələ deyil. Ona görə də müəllim təkcə müvafiq ixtisas sahəsini mənimsətmək və tərbiyə etməklə kifayətlənməməli, həm də təlim-tərbiyə prosesində vicdanının səsi ilə məqsədə doğru – yetirmələrinin uğurlarını görənə, bundan fərəh hissi keçirənə qədər yorulmadan, ərinmədən öyrənməlidir.
“Ali məktəblərdə çalışan hər bir müəllim qayğıkeş, eyni zamanda, tələbkar olmalı, tələbələrin xüsusiyyətlərini hiss etməli və onların əhval-ruhiyyəsini müəyyənləşdirməyi bacarmalı, gənclərin gələcəyi üçün daim düşünməlidir. Ədalətlilik pedaqoqun, xüsusilə ali məktəb müəlliminin obyektivliyini müəyyən edən dəqiq meyardır. Bu, həmçinin uğurun çox mühüm şərti deməkdir...”.
Burada həmsöhbətimin bir fikrini də xatırlatmağı zəruri sayıram. Deyir ki, bir müddət bundan əvvəl müxbir ondan soruşub ki, Azərbaycandan müalicə üçün İrana, Türkiyəyə və digər ölkələrə üz tutan insanların sayı niyə çoxdur? Bu, Azərbaycanda səhiyyənin və həkimlərin səviyyəsinin aşağı olması ilə əlaqədar deyilmi? Vaqif müəllimin suala cavabını onun öz dilindən eşidək: “Əvvəlcə sizə bir faktı xatırladım. Hazırda Azərbaycan Tibb Universitetində İrandan 300-dən çox tələbə təhsil alır. Səhiyyə zəif inkişaf etsəydi, bu sahədə elm-təhsil aşağı səviyyədə olsaydı, bu qədər iranlı tələbə nə üçün Azərbaycana gəlirdi? Digər tərəfdən, Azərbaycan İrandan təhsil xərcləri baxımından da ucuz ölkə deyil ki, buna görə maraqlı olsunlar. İranlı tələbələr Azərbaycana gəlir, pul xərcləyir, dövlətə vəsait köçürürlər. Halbuki, orada təhsil alsaydılar, daha az xərcləri çıxardı. Lap təsəvvür edək ki, Azərbaycanda təhsil almaq asan olduğu üçün bura gəlirlər. Bəs geri qayıdıb harada işləyirlər?.. Əlbəttə, öz ölkələrində. Ötən 45 il ərzində Azərbaycan Tibb Universitetində 2 mindən çox iranlı tələbə təhsil aldıqdan sonra vətənlərinə qayıdıb. Əslində isə bizim məzun olan həmin həkimlər indi Azərbaycandan ora gedən xəstələrə xidmət edirlər. Yaxud da onlardan bəziləri Azərbaycana qayıdıb özlərini reklam edir, televiziya kanallarında məsləhətlər verirlər. Bütün bunlar faktdır və araşdırılması elə də çətin məsələ deyil.
Bunu Türkiyə ilə bağlı da demək olar. Hazırda Azərbaycan Tibb Universitetində qardaş ölkədən 300-ə yaxın tələbə təhsil alır. Onlar sonradan qayıdıb, Türkiyə səhiyyəsində çalışırlar...
* * *
V. Şadlinskinin Vətən, vətəndaş barədə düşüncələri də maraqlıdır: “Vətəndaş olmaq – Vətəninə sevgisini əməli ilə sübut etmək, Vətənin maraqlarına xidmət göstərmək, onun güclü dövlətə çevrilməsinə töhfə vermək deməkdir.
Vətəndaş olmaq – doğulduğun Vətəni, vətəndaşı olduğun dövləti, mənsub olduğun milləti sevmək deməkdir.
Torpağını, tarixini, mədəniyyətini, dilini, dinini, mənəvi dəyərlərini və ənənələrini sevməyən vətəndaş sayıla bilməz!
Təəssüf ki, mən elə insanlar tanıyıram ki, vaxtilə ölkəmizdə yüksək vəzifədə işləyiblər, dillərindən Vətən, xalq, millət kəlmələri düşməyib, amma tutduqları postu tərk edəndən sonra xarici ölkələrə gedib, sosial şəbəkələrdə Azərbaycan haqqında, üzr istəyirəm, ağızlarına gələni danışıblar, ölkəmizə, dövlətimizə çamur atıblar. Deməli, onlar Vətən sevgisində səmimi olmayıblar, Vətənə vəzifəyə, karyeraya görə bağlanıblar. Halbuki biz dədə-babadan da görmüşük, öyrənmişik ki, insan kənarda, yad yerdə nöqsanı, çatışmazlığı olsa belə, öz elinin, torpağının təəssübünü çəkməlidir.
Yeri gəlmişkən, son vaxtlar mənə tez-tez Azərbaycandan xaricə miqrasiya edən vətəndaşların sayının artması ilə bağlı sual da verirlər. Deyirəm ki, bundan qətiyyən narahat olmağa dəyməz. Xaricə miqrasiya edən vətəndaşlarımıza pis baxmıram. Hansı statusla gedirlərsə getsinlər, fərq etməz, onlar sonradan hər şeyi anlayacaq, hansı millətin nümayəndəsi olduqlarını dərk edəcəklər. Əsas məsələ onların diaspor qurumlarında düzgün təşkilatlanmaları, Azərbaycan həqiqətlərini, erməni işğalını dünyaya bəyan etmələridir... Görürsünüzmü, ermənilər bütün dünyaya səpələniblər. Son 5-6 ildə 1 milyondan çox erməni xarici ölkələrə qaçıb. Maddi vəziyyətləri barədə danışmırlar, bizə qarşı şər-böhtan kampaniyası aparırlar...
* * *
Vaqif müəllim söhbətinin sonunda yaxşı həkim, yaxşı mütəxəssis olmaq üçün əsas şərti də açıqladı: “Tibb Universitetini bitirən hər bir tələbə yiyələndiyi ixtisasın məsuliyyətini dərk etməli, davamlı olaraq tibbi biliklərini artırmalıdır. Gələcəyin həkimləri seçdikləri ixtisasla yanaşı, anatomiya fənnini də bilməlidirlər. Tibb Universitetinin tələbələri normal anatomiyadan başlayaraq, normal fiziologiya, patoloji fiziologiya, patoloji anatomiya, həm də biokimyəvi analizlərə qədər dərinliklərə sahib olmalıdırlar. Bunların hamısı bir yerdə təməl biliklər adlandırılır və onu bilməyən həkimdən yaxşı mütəxəssis ola bilməz”.
Ə. HƏZİQULİYEV
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.