Oftalmoloqların Cocuq Mərcanlıda humanitar aksiyası

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin bölgələrdə keçirdiyi humanitar aksiya davam edir. Mərkəzin 15 nəfərlik həkim heyəti səyyar klinika ilə bu dəfə Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin sakinlərinə xidmət göstərib. Bu barədə oftalmologiya mərkəzinin elmi–təşkilat bölməsinin rəhbəri, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdiyeva məlumat verib.

Y. Abdiyeva bildirib ki, müəyyən səbəblərə görə, bəzən bölgələrdən sakinlərin Bakıya gələrək müayinə olunması çətinlik yaradır. Bu məqsədlə də mərkəzin ən yüksək texnologiya ilə təchiz olunan səyyar klinikası ölkə əhalisinə yerlərdə xidmət göstərir. 2005-ci ildən indiyədək səyyar klinika respublikanın rayon və şəhərlərində bu qəbildən 125 aksiya keçirib.

O, həmçinin qeyd edib ki, mərkəzin Azərbaycanın rayon və şəhərlərində həyata keçirdiyi tibbi aksiyalar ölkədə səhiyyə ilə bağlı reallaşdırılan layihələrin tərkib hissəsidir. Aksiyaların keçirilməsində məqsəd pasiyentlərin səhhətində olan problemlərin həllinə kömək göstərmək, göz xəstəlikləri ilə bağlı monitorinqlər aparmaq, əldə edilən nəticələri müzakirə etmək və problemlərin həllinə çalışmaqdır. Oftalmoloqlar bu aksiyalarda, maarifləndirmə işləri ilə də məşğul olublar.  Onlar yerli sakinlərə bildiriblər ki, göz insan orqanizminin çox zərif və həssas bir üzvüdür.

Ətraf mühitdən məlumatların 90 faizini göz vasitəsilə aldığımızdan, onları qorumaq hər kəsin ən ümdə borcudur. Özünü yeniləməyən, dəyişməyən yeganə orqan olan gözlər vaxtında müayinə və müalicə olunmadıqda həlli müşkül problemlər yaranır ki, bəzən də onların müalicəsi qeyri-mümkündür. Oftalmoloqlar bu gün korluğun, zəif görmənin və digər xəstəliklərin qarşısını almaq üçün əvvəlcədən bir sıra profilaktik tədbirlər görürlər ki, bu, sözsüz, öz səmərəsini verir.

Bölmə rəhbəri işğaldan azad edilən, abadlaşan, tikinti-quruculuq işlərinin davam etdiyi bu bölgəyə səfərinin həm də çox qürurverici olduğunu bildirərək 2016-cı ildə 2–5 aprel döyüşlərində Lələtəpə yüksəkliyi azad edildikdən sonra kəndin bərpasına şərait yarandığını və bərpadan sonra Qarabağa ilk qayıdışın başladığını xatırladıb. Qoy bu sakinlər görsünlər ki, dövlətimiz və hökumətimiz Cocuq Mərcanlılara yaşayış üçün yaradılan bu şəraitlə kifayətlənmir, onların sağlamlıqlarını da daim diqqət mərkəzində saxlayır.

Qeyd edək ki, aksiya çərçivəsində Cocuq Mərcanlıda 120-dən çox xəstə müayinə edilib.  Yerli sakinlər öz növbələrində  görüş, müayinə və tövsiyələr üçün mərkəzin rəhbərliyinə və kollektivinə təşəkkür edib, onlara göstərilən qayğı və diqqət üçün Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıq ifadə ediblər.

Zərifə HÜSEYNOVA,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında