Uzun onillərdir ki, dünyanın aparıcı tibb mərkəzlərində insanın sinir sisteminin degenerativ xəstəliklərinin müalicəsi istiqamətində olduqca gərgin, bir an səngiməyən tədqiqatlar aparılır. Çox təəssüf ki, mənşə və əlamətlərinə görə bir-biri ilə “qohum” olan hantinqton, altsheymer, parkinson və digər ağır xəstəlikləri hələ ram etmək mümkün deyil.
Lakin son iki-üç il ərzində professor Sara Təbrizinin yaradıcısı və direktoru olduğu London Hantinqton Xəstəliyi Araşdırmaları Klinikasında bu sahədə heyrətamiz uğurlar əldə edilir. Ötən il dünya təbabət elmində ilk dəfə olaraq yeni “İonis-HTTRx” preparatının Sara xanımın rəhbərliyi ilə hazırlandığı bəlli olub. Sevindirici haldır ki, yeni dərman uğurlu kliniki nəticələr verir.
Qeyd edək ki, professor Sara Təbrizinin kəşf etdiyi yeni dərman hantinqton xəstəliyinə mübtəla olmuş insanların orqanizmlərində xəstə hüceyrələri aşkarlayaraq, onların zəhərli zülal ifraz etməsinin və nəticə etibarı ilə ağırlaşmanın qarşısını alır. Obrazlı şəkildə, “Genin susdurulması” adlanan bu müalicə üsulu yuxarıda adlarını çəkdiyimiz digər irsi sinir xəstəliklərinin də müalicəsi üçün açar rolunu oynaya bilər.
Məlumat üçün bildirək ki, hantinqton xəstəliyi irsi əsəb sistemi xəstəliyidir. Xəstəlik CAĞ kodonunun insan genində artması səbəbindən yaranır. Bu gün funksiyası naməlum olan 350-kDA kodonu hantinqton zülalı ilə kodlaşdırılır. Təbii halda, bu, müxtəlif orqanizmlərdə fərqli miqdarda olur, lakin onların sayı
36-nı keçəndə xəstəliyin ilkin əlamətləri özünü göstərir.
Əksər hallarda xəstəlik 35-dən 44 yaşadək insanlarda özünü büruzə verir. İlkin mərhələdə xəstələr üçün nizamsız, düşünülməmiş hərəkətlər səciyyəvidir. Belə xəstələrin gözlərində sıçrayışvarı hərəkətlər müşahidə olunur. Xəstəlik ağırlaşdıqca xəstələrin sifətləri, ağız-burunları qeyri-ixtiyari əyilməyə başlayır. Xəstələr qəfil, qeyri-ixtiyari hərəkətlər edirlər. Nitqləri anlaşılmaz olur, əl-əzələ hərəkətləri kəskin pozulur, yuxusuzluq, yaddaşsızlıq problemi yaranır. Xəstələr ağır depressiya və panikaya düşür, öz yaxınlarını və doğmalarını tanımır, alkoqola və başqa zərərli vərdişlərə meyil salırlar.
Hazırda hantinqton xəstəliyindən təkcə ABŞ-da təxminən 7 minə yaxın insan əziyyət çəkir. Avropanın əksər ölkələrində bu xəstəliyə düçar olanların sayı getdikcə artır. Maraqlıdır ki, xəstəlik Avropa mənşəli insanlarda daha çox müşahidə olunur. Hesablanıb ki, “Köhnə qitə”də hər 100 min insandan 3-7 nəfərdə bu xəstəliyə təsadüf edilir. Dünyanın digər qitələrində, xüsusilə Afrikada hantinqton xəstəliyinə təsadüfi hallarda rast gəlmək olur.
Qeyd edək ki, hantinqton xəstəliyinin patoloji vəziyyəti barədə təbiblər hələ XVII əsrdən başlayaraq məlumat veriblər. Lakin xəstəliyin ilk dəfə klassik tibbi xarakteristikasını 1872-ci ildə amerikalı həkim Corc Hanqinton təqdim edib. Məhz bundan sonra xəstəlik alimin soyadı ilə adlandırılmağa başlanıb.
Dünya təbabət elmi hazırda hantinqton xəstəliyinin tam müalicə olunacağına böyük ümidlər bəsləyir. Ümumi rəy belədir ki, bu istiqamətdə ən üstün araşdırmalar məhz londonlu professor Sara Təbriziyə məxsusdur.
Hörmətli oxucu, burada dərin qürur hissi ilə qeyd etmək istəyirik ki, 1964-cü ildə Edinburq şəhərində dünyaya göz açan Sara əslən Təbrizdən olan azərbaycanlı professor Qulamrza Səbri Təbrizinin qızıdır. Bəli, bu həmin Qulamrza müəllimdir ki, Avropada Azərbaycan diaspor fəaliyyətinin qurucularından biri, Dünya Azərbaycanlıları Konqresinin fəxri prezidentidir.
Onu da əlavə edək ki, ulu öndər Heydər Əliyev 1994-cü ilin əvvəllərində Böyük Britaniyaya rəsmi səfəri zamanı dövlət rəhbərləri ilə apardığı söhbətlərdən sonra İngiltərədə yaşayan azərbaycanlılarla Londonun “Hilton” otelində görüş keçirmişdi. Çox səmimi dialoq şəklində keçən görüşdə həmin ölkədə fəaliyyət göstərən Azərbaycan icmasının rəhbəri, Edinburq Universitetinin professoru Qulamrza Səbri Təbrizinin çıxışı, irəli sürdüyü təkliflər ümummilli liderin xoşuna gəlmiş və onu Vətənə – Azərbaycana dəvət etmişdi. Bundan sonra, Vətənə xidmət etmək üçün Bakıya gələn Qulamrza bəy Dünya Azərbaycanlılarının I Qurultayında ulu öndərin təklifi ilə Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurası sədrinin birinci müavini vəzifəsinə seçilmişdir. O vaxtdan bəri Bakıda yaşayan professor Q.S.Təbrizinin Azərbaycan diasporunun formalaşaraq indiki səviyyəyə gəlib çatmasında misilsiz xidmətləri olmuşdur.
Bu məqamda Sara Təbrizinin həyat və elmi fəaliyyəti barədə məlumat verməyə də ehtiyac duyuruq. Sara hələ Edinburqda orta təhsil aldığı illərdə elmə, biliklərə sonsuz marağı, qeyri-adi istedadı ilə seçilib. 2000-ci ildə Edinburq Universitetinin biokimya və tibb fakültəsini qızıl medalla bitirib. London Nevrologiya və Neyrocərrahiyyə Universitetində nevrologiya üzrə doktorluq işini müdafiə edib. Böyük Britaniyanın Milli Səhiyyə Departamentinin -- Neyrodegenerativ xəstəliklər şöbəsində baş elmi işçi – pedaqoq vəzifəsində çalışıb.
Sara Təbrizi 2007-ci ildən Nevrologiya İnstitutunda mühazirə oxumağa başlayıb. Onun neyrogenetika sahəsində, xüsusilə də hantinqton xəstəliyi ilə bağlı araşdırmaları dünyanın elmi dairələri tərəfindən böyük maraqla qarşılanıb. Professor Sara Təbrizi həm də London Milli Nevrologiya və Neyrocərrahiyyə Xəstəxanasının fəxri məsləhətçisidir. Onun elmi-kliniki araşdırmalarına hər il milyonlarla qrant cəlb edilir ki, bunu alimin uğurlu fəaliyyətinə verilən yüksək dəyər kimi qiymətləndirmək olar.
Professor Sara Təbrizi 300-dən artıq elmi məqalənin müəllifidir. Onun elmi işlərinə 15 mindən çox istinad olunub. 2014-cü ildə Böyük Britaniya Tibb Elmləri Akademiyasının üzvü seçilib. Professor S.Təbrizinin araşdırmaları barədə məlumatlar “New England Journal of Medicine”, “The Economist”, “Lancet Neurology”, “Nature Reviews Molecular Cell Biology and Scientific American” və digər tanınmış mətbu orqanlarında ətraflı işıqlandırılıb.
Xatırladaq ki, “The Sunday Telegraph” qəzetinin 2015-ci il 16 avqust sayında elm rubrikasının redaktoru Sara Knaptonun imzası ilə gedən məqalədə Sara Təbrizinin araşdırmalarına yüksək qiymət verilib. Sara Təbrizi qəzetə açıqlamasında bunları bildirib: “Biz həqiqətən maraqlı nəticələr əldə etmişik. Belə ki, nəticələr 3 insan beyninin hantinqton xəstəliyinə adaptasiya qabiliyyətində olduğunu göstərir. Bu prosesin hantinqton xəstəliyi kimi digər neyrodegenerativ xəstəliklərdə də mümkün ola biləcəyi haqqında düşünməyə əsas verir”.
Professor Sara Təbrizinin hantinqton xəstəliyi ilə bağlı elmi-nəzəri araşdırmaları, eləcə də kliniki tədqiqatları, xəstəliyin müalicəsi zamanı yeni, original yanaşma metodları bu gün dünya tibb elminin diqqət mərkəzindədir. Alimin hər bir uğuru dərin razılıq və rəğbət hissi ilə qarşılanır. Təbabət aləmi londonlu professordan bu sahədə inqilabi kəşflər gözləyir. Mətbuatda gedən belə elmi məqalələrdə onun tezliklə Nobel mükafatı alacağını və buna tamamilə layiq olduğunu dilə gətirənlər də az deyil.
Yeri gəlmişkən, bir neçə gün əvvəl məşhur BBC teleradio şirkəti hantinqton xəstəliyinin müalicəsi sahəsində sensasiyalı məlumat yayımlayıb. Orada deyilir ki, dünya təbabət elmində ilk dəfə olaraq, professor Sara Təbrizi və onun komandası artıq insanın qanında və cerebrospinal mayedə hantinqton xəstəliyi genlərinin və onun zülallarının aşkar edilməsi vasitələrini təkmilləşdirə bilib.
Alimin bu istiqamətdə apardığı tədqiqatlar barədə geniş məlumatlar bir müddət əvvəl Böyük Britaniyada nəşr olunan nüfuzlu “Lancet Neurology” nəşrində dərc olunub. 2017-ci ilin sentyabrında isə professor Sara Təbrizinin rəhbərlik etdiyi mərkəz beynəlxalq tibbi araşdırmalar qrupu – Huntington Study Group tərəfindən nüfuzlu “Insight of the Year” mükafatına layiq görülüb.
Bütün bu uğurları nəzərə alaraq, Beynəlxalq İrsi Xəstəliklər Mərkəzi professor Sara Təbrizini 2017-ci il üçün Beynəlxalq Leslie Gehri Brenner mükafatına layiq görüb. Qeyd edək ki, mükafat məşhur memar Frank Gehri və onun ailəsinin təklifi ilə 2008-ci ildə xərçəng xəstəliyindən dünyasını dəyişmiş qızları Gehrinin xatirəsini əbədiləşdirmək məqsədilə Beynəlxalq Hantinqton Fondu tərəfindən təsis edilib. 100 min ABŞ dolları məbləğində olan bu mükafat hantinqton xəstəliyinin araşdırılması sahəsində ən yüksək nəticələrə görə verilir.
Bu günlərdə Nyu-Yorkda mükafatın təqdimetmə mərasimi keçirilib. Professor Sara Təbrizi tədbirdə çıxış edərək deyib: “Mən bu yüksək mükafata layiq görüldüyümdən hədsiz qürur hissi keçirirəm. İrsi Xəstəliklər Fonduna və Gehri ailəsinə hantinqton xəstəliyinin müalicəsi sahəsində göstərdikləri dəstəyə görə dərin minnətdarlığımı bildirirəm. Bu mükafat ilk müayinədən tutmuş xəstəxana şəraitində müalicə alan bütün xəstələrin ən yüksək səviyyədə müalicəsi üçün bizim mərkəzin yorulmaz səylərinin qiymətləndirilməsinə nümunədir”.
Tədbirdə çıxış edən Beynəlxalq İrsi Xəstəliklər Fondunun prezidenti, dünya şöhrətli alim Nensi Veksler bildirib: “Biz bu mükafatı professor Sara Təbriziyə təqdim etməkdən sonsuz qürur duyuruq. Professor tükənməz bir enerji və şövqlə hantinqton xəstəliyinin qarşısının alınması və bu ağır xəstəliyin geri çəkilməsi yollarının axtarışında fövqəladə işlər görüb”.
Professor Sara Təbrizinin əldə etdiyi parlaq uğurlar artıq Azərbaycan oxucusuna da tanışdır. Hələ 2012-ci ildə Saminə Hidayətqızının “Apostrof” nəşriyyatında işıq üzü görən “Türkün 100 məşhur qadını” kitabında da professor Sara Təbrizi haqqında məlumat var.
Yeri gəlmişkən, “Xalq qəzeti”nin 21 avqust 2015-ci il tarixli nömrəsində də dünya şöhrətli həmyerlimiz haqqında əməkdaşımız Səbuhi Məmmədovun “Bəşəri bəlaya qarşı mübarizə aparan azərbaycanlı alim kimdir?” sərlövhəli məqaləsi dərc olunub.
Bu günlərdə professor Qulamrza Səbri Təbrizi ilə onun İçərişəhərdəki mənzilində görüşüb qızı Sara Təbrizi barədə söhbət etdik. Biz əvvəllər də dəfələrlə Qulamrza müəllimlə həmsöhbət olmuş, ondan müxtəlif mövzularda müsahibələr almışıq. Qocaman professor qızının uğurları barədə danışarkən çox həyəcanlanırdı. Haqlı olaraq fəxrlə dedi ki, xalqımın, millətimin başını uca edən Sara Təbrizi təkcə mənim qızım deyil, bütün Azərbaycan xalqının övladıdır!
Qulamrza bəy Saranın uşaqlıq və gənclik illəri ilə bağlı maraqlı əhvalatlar danışdı: Bir dəfə Saranın Edinburq şəhərində təhsil aldığı universitetin rektoru məndən soruşdu ki, burada bir ziyalı xanım var, əslən Təbrizdəndir, onu tanımırsan? Mən “yox”, dedim, sonra fikirləşdim ki, birdən qızım Sara olar. Rektor sonradan biləndə ki, Sara mənim qızımdır, təəccübləndi ki, “a kişi, bunu niyə gizlədirsən, mənim belə qızım olsaydı, onun adını yaxama taxıb gəzdirərdim. Universitetin təsis etdiyi mükafatların hamısını alıb”.
Qulamrza müəllim sonra bildirdi ki, Saranı işləmək üçün Amerika Birləşmiş Ştatlarına çağırdılar və çoxlu pul təklif etdilər. Təklif olunan pul Britaniyada aldığı maaşın 3-4 mislinə bərabər idi. Sara etirazını bildirib, hətta mənimlə məşvərət etmədən. Xəbər tutandan sonra, dedim ki, qızım, axı, bu, böyük puldur. Dedi, ata, mən burada təhsil almışam, buranın çörəyini yemişəm, Britaniya mənim üstümdə zəhmət çəkib, məni yetişdirib, indi bu zəhmətin meyvələrini aparım töküm Amerikanın ətəyinə? Bu rəvadırmı? Dedim: qızım, sən düz fikirləşirsən... İndi bir türk qızı olaraq Londonda böyük nüfuza malikdir. Bu sahədə ondan irəlidə gedəni yoxdur.
Amma Qulamrza müəllimin bir arzusu ürəyində qalıb. O, çox istəyirdi ki, Sara xanımı dünya şöhrətli Lütfi Zadə ilə görüşdürüb tanış etsin. Axı, Lütfi Zadə ilə onun şəxsi dostluq əlaqələri vardı. Həm Lütfi Zadə, həm də Sara bu görüşün arzusunda idilər. Dünya qeyri-səlis məntiq nəzəriyyəsinin banisinin ölümü səbəbindən bu arzu həyata keçmədi.
Qulamrza bəy indi böyük səbirsizliklə dünya şöhrətli alim qızının yolunu gözləyir. Sara 2018-ci ilin yazına kimi Bakıya gələcəyini vəd edib. Qulamrza müəllim deyir ki, Saranı Azərbaycan paytaxtının ən gözəl guşələri ilə tanış etmək arzusundadır: “Qoy görsün ki, onun mənsub olduğu Azərbaycan xalqı necə istiqanlı və mehribandır. Həm də fəxr etsin ki, müstəqil Azərbaycan qısa müddət ərzində necə böyük tərəqqi yolu keçə bilib”.
Qüdrət PİRİYEV,
Məsaim ABDULLAYEV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.