Birlik və həmrəylik ordunun gücünü təşkil edir. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin muxtar respublika ərazisində yerləşən ordu, birləşmə və hissələrində xidmətin təşkilində “bir nəfər hamı, hamı bir nəfər üçün” prinsipi əsas götürülür. Bu isə şəxsi heyətin mənəvi-psixoloji hazırlığını daha da artırır. Bayram günlərində hərbi hissələrə sovqatların aparılması, əsgərlərə həmrəylik nümayiş etdirilməsi isə xalq-ordu birliyinin daha bir ifadəsidir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən redaksiyamıza bildirilib ki, dekabrın 31-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Naxçıvan Qarnizonunun Hərbi Hospitalına gəlib, burada müalicə olunan əsgərlərlə görüşüb.
Məlumat verilib ki, hərbi hissələrdə şəxsi heyətin sağlamlığının qorunmasına xüsusi diqqət yetirilir. Xüsusilə çətin dağlıq şəraitdə yerləşən birləşmə və bölmələrdə yaradılan şərait, iqlim şəraitinə uyğun rejim qaydalarının və qidalanmanın tətbiqi əsgərlər arasında xəstəliklərin azalmasına səbəb olub. Hərbi hospitalda hərbi qulluqçuların müayinə və müalicəsi üçün lazımi şərait yaradılıb. Dərman vasitələri ilə təminat və müasir avadanlıqların qurulması, eləcə də ixtisaslı həkimlərin olması tibbi xidmətin hərtərəfli təşkilinə imkan verir.
Ali Məclisin sədri hospitalın ayrı-ayrı bölmələrində müalicə olunan əsgərlərin səhhəti və qidalanması ilə maraqlanıb, onların və kollektivin bayramını təbrik edib.
Həkim Fariz İbrahimov hərbi hospitalda müalicə olunan xəstələr və kollektiv adından minnətdarlıq edib.
Hospitalda müalicə alan əsgərlərə və tibb heyətinə bayram hədiyyələri paylanıb, gətirilmiş ərzaq məhsulları mətbəxə təhvil verilib.
Psixi və Ağciyər Xəstəlikləri dispanserlərində,
Onkoloji və Yoluxucu Xəstəliklər mərkəzlərində
müalicə alan xəstələrə bayram sovqatı verilib
Ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulan həmrəylik və birlik ideyaları real iş və əmələ əsaslanır. Çünki həmrəylik həm də xeyirxah əməllərə çağırış deməkdir. Həmrəylik bayramının mahiyyətinə uyğun olaraq xüsusi qayğıya və şəfqətə ehtiyacı olan insanlara diqqət göstərilməsi bu baxımdan mühüm əhəmiyyətə malikdir.
Dekabrın 31-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Psixi Xəstəliklər Dispanserinə gəlib, səhiyyə ocağındakı xəstələri və tibb işçilərini Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il
bayramı münasibətilə təbrik edərək deyib: “Naxçıvan şəhərinin bu ərazisində müasir səhiyyə şəhərciyi yaradılmışdır. Bu gün Psixi və Ağciyər Xəstəlikləri dispanserlərində, Onkoloji və Yoluxucu xəstəliklər mərkəzlərində xəstələrin müalicəsinə xüsusi diqqət yetirilir. İnsana qayğı müalicənin yarısı deməkdir. Ona görə də bu səhiyyə müəssisələrində tibbi xidmətin təşkili ilə yanaşı, həm də xəstələrə qayğı göstərilməlidir”.
Ali Məclisin sədri deyib: “Bu gün Hərbi Hospitalda müalicə olunan əsgərlərlə də görüş keçirildi. Vaxtilə orada xəstələrin sayı çox idi. Lakin bu gün hospitalda ümumi qarnizon üzrə 38 xəstə vardır. İstər Psixi və Ağciyər xəstəlikləri dispanserlərində, Onkoloji və Yoluxucu Xəstəliklər mərkəzlərində, istərsə də hərbi hospitalda xəstələrin sayının ilbəil azalması yaradılan şəraitin, eyni zamanda, dövlətlə səhiyyə işçilərinin birgə fəaliyyətinin nəticəsidir. Kollektivlər bundan sonra da yaradılan şəraitdən səmərəli istifadə etməli, xəstələrə hərtərəfli tibbi xidmət göstərməlidir”.
Psixi xəstəliklər Dispanserində müalicə olunan Zivər Qafarlı və həkim Kəmalə Səfərova bayram günündə onlarla keçirilən görüşə görə minnətdarlıq edib, xəstələr və səhiyyə müəssisələrinin kollektivləri adından Ali Məclisin sədrinə bayram təbriklərini çatdırıblar.
Sonra Ali Məclisin sədri burada müalicə alan xəstələrə bayram hədiyyələri təqdim edib, onların səhhəti, müalicələrinin təşkili və qidalanması ilə maraqlanıb.
Bildirilib ki, muxtar respublikada yaradılan müasir səhiyyə infrastrukturu tibbi xidmətin səmərəli təşkilinə imkan verir. Psixi və Ağ ciyər Xəstəlikləri dispanserlərində, Onkoloji və Yoluxucu Xəstəliklər mərkəzlərində ən son tibbi avadanlıqlar qurulub. Xəstəliklərin tez aşkar olunması və müalicəyə cəlbi məqsədilə mütəmadi olaraq profilaktik tədbirlər həyata keçirilir, səhiyyə maarifi işinə diqqət artırılır.
Ali Məclisin sədri tibbi xidmətin təşkili ilə bağlı müvafiq tapşırıqlar verib.
Gətirilmiş hədiyyələr Psixi və Ağciyər xəstəlikləri dispanserlərində, Onkoloji və Yoluxucu xəstəliklər mərkəzlərində müalicə alan xəstələrə və burada çalışan tibb işçilərinə paylanıb, müxtəlif ərzaq məhsulları anbarlara
təhvil verilib.
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.