Ağciyər və bronxların kandidozu

"Kandidoz göbələklərin törətdiyi xəstəlikdir. Xəstəlik qədim dövrlərdən məlum olsa da, onunla xəstələnmə halları XX əsrin ikinci yarısından başlayaraq artıb. Antibiotiklərlə uzunmüddətli müalicələr, onkoloji xəstələrin kimyəvi terapiyası, immun sistemi zəiflədən müxtəlif hallar, şəkərli diabet, ağciyərlərin xroniki iltihabi xəstəlikləri və hormonal müalicələr kandidozun artmasına səbəb olmuşdur. Hazırda bu sahədə kifayət qədər təcrübə toplanıb, xəstəliyin klinikası və instrumental müayinə kriteriyaları müəyyən edilib", - Kliniki Tibbi Mərkəzin həkimi, tibb elmləri namizədi, ali dərəcəli terapevt Eldar Kamranov kandidoz barədə danışarkən deyib.

Onun AZƏRTAC-a söylədiyinə görə, xəstəliyin törədicisi olan göbələk toksin əmələ gətirmə xüsusiyyətinə malikdir. Əlverişli faktorların təsiri altında sürətlə artan göbələk selikli qişalarda yayılır, müəyyən şəraitdə qana keçə bilir. Ən çox yaşlılarda, diabet, avitaminoz, piylənmə, onkoloji xəstəliklərdən əziyyət çəkən və immun sistemi zəifləmiş xəstələrdə kandidoza rast gəlinir. Ağciyər və bronxların kandidozuna səbəb olan xəstəliklər sırasında, həmçinin tənəffüs sisteminin xroniki iltihabi xəstəlikləri, xroniki bronxitlər, ağciyərlərin polikistozu, ağciyər vərəmi, bronxektaziya, bronxial astma və şiş xəstəlikləri də durur.

Kandidozlara çox vaxt digər bakterioloji flora ilə birlikdə rast gəlinir və həmin prosesi daha da ağırlaşdırır.

Xəstəliyin klinikası müxtəlif olduğunu söyləyən ali dərəcəli həkim deyib: "Kandidozlu xəstələr uzun müddət müxtəlif klinikalarda bronxial astma, xroniki pnevmoniya, obstruktiv bronxit, səbəbi məlum olmayan qızdırma, bronxo-spastik sindrom, allergiya kimi xəstəliklərdən müalicə olunur və şübhəsiz ki, dayanıqlı nəticə alınmır.

Tənəffüs sisteminin kandidozlarının diaqnostika və müalicəsi bəzi hallarda çətinlik törədir. Müayinə zamanı xəstədə uzunmüddətli təngnəfəslik, boğulma, davamlı öskürək, yüksək temperatur, yapışqanlı bəlğəm, bəlğəmdə qan, auskultasiyada isə ağciyərlərdə quru və yaş xırıltılar aşkar edilir. Bəzən xəstəlik subfebril hərarətlə müşayiət olunur, uzungedişli və residivləşən olur.

Kandidoz pnevmoniyalara daha çox ağciyərlərin orta və aşağı paylarında rast gəlinir. Xəstələr təngnəfəslik, döş qəfəsində ağrı, quru və bəlğəmli öskürək, bəzən bəlğəmdə qan olması hallarından şikayətlənirlər. Hərarət 37,5-38 dərəcə C-dək yüksəlir. Ağciyər kandidozu digər orqanların zədələnməsi ilə də müşayiət olunur, ağır hallarda sepsis əlamətlərinə keçir və ölümlə nəticələnir".

Terapevt daha sonra xəstəlik barədə bunları söyləyib: "Ağciyərlərin və plevranın fizkal göstəriciləri tez-tez dəyişir. Xəstəliyin spesifik rentgenoloji xüsusiyyətləri olmadığından diaqnoz qoymaq çətin olur. Xəstəliyin başlanğıc mərhələsində bronx-damar şəklinin güclənməsi, sonralar xırda ocaqlı infiltratlar və ağciyərlərdə reaktiv dəyişikliklər görünür.

Ağciyər kandidozlarının klassik variantlarından başqa lal və ya sakit gedişli formalara da rast gəlmək mümkündür. Həmin formalar təkrari rentgen və mikoloji müayinələrdən sonra aşkar edilir.

İmmun sistemi çox zəifləyənlərdə ağciyərlərin disseminə olunmuş kandidozu inkişaf edir. Xəstəliyin sürətlə proqressivləşməsi və antibiotiklərlə müalicəyə tabe olmaması, rentgenoloji olaraq diffuz pay və seqmentar infiltratların, disseminə olunmuş ocaqların olması, bəlğəmdə çoxlu miqdarda Candida tipli göbələklərin tapılması diaqnoz qoymağa kömək edir.

Kandidoz pnevmoniyaların pis proqnoz əlamətlərinə respirator çatışmazlıq, diffuz infiltratlar, qarışıq göbələk infeksiyaları və müalicənin iki həftədən gec başlaması aiddir. Həmin situasiyalarda ölüm hallarının faizi yüksək olur.

Xəstəliyin diaqnostikası bəlğəmin və əsnəkdən götürülmüş materialın bakterioloji müayinəsinə əsaslanır. Yaxmaların əksər hissəsində göbələk aşkar olunur. Həmin göbələk kandidozun ən çox rast gəlinən törədicisidir və tam patogen aktivliyə malikdir.

Ağciyər və bronxların kandidozunun müalicəsində əsas xəstəliyin müalicəsi ilə yanaşı, ağız boşluğunda göbələk mənbəyinin sanasiyası da əhəmiyyətli rol oynayır. Yanaşı xəstəliklər nəzərə alınaraq antifunqal preparatlarla müalicə aparılır. Xəstənin vəziyyətinin ağırlığından asılı olaraq vitamin preparatları, bronxolitiklər və mukolitiklər təyin olunur".


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında