İlk azərbaycanlı epidemioloq

İsmayıl Axundov - 120

Xalqımız ömrünü öz millətinin tərəqqisi, inkişafı naminə sərf edən ləyaqətli övladlarının, ziyalılarının xatirəsini həmişə əziz tutur və ehtiramla yad edir. Belə ziyalılardan biri də 120 illik yubileyini qeyd etdiyimiz tibb elmləri doktoru, professor İsmayıl Əbdülxalıq oğlu Axundovdur.

İsmayıl Axundov 1897- ci il dekabrın 8- də Şamaxı şəhərində anadan olmuşdur. Kiçik yaşlarından valideynlərini itirən İsmayıl bir müddət dayısının, sonra isə qardaşının himayəsində yaşamışdır. O 1908- ci ildə Bakıda 2- ci kişi gimnaziyasına daxil olmuş və 1918- ci ildə həmin məktəbi bitirmişdir.

1919- cu ildə Bakı Dövlət Universitetinin tibb fakultəsinə daxil olan İsmayıl Axundovun istedadını nəzərə alan Azərbaycan Demokratik Respublikası 1920-ci ilin əvvəlində onu dövlət hesabına Almaniyaya – Lüdviq Maksimilyan adına Münhen Universitetinin tibb fakultəsində təhsilini davam etdirməyə göndərmişdir.

1926- cı ildə Münhen Universitetini əla qiymətlərlə bitirən İsmayıl assistent kimi həmin universitetdə saxlanılmışdır.

1927- ci ildə Hamburq şəhərində tropik xəstəliklər üzrə mütəxəssis kimi ixtisaslaşan İ.Axundovun istedadı məşhur alim Martinin nəzərindən yayınmamış və o, İsmayıla öz yanında işləməyi təklif etmişdir. İ.Axundov bu təklifi qəbul etmişdir.

Almaniyada olduğu müddətdə o, malyariyanın epidemiologiyasına, kimyəvi profilaktikasına və keçiricilərinə aid bir sıra maraqlı tədqiqat işləri aparmış, elmi məqalələr dərc etdirmişdir. Bunun nəticəsi olaraq 1928- ci ildə Almaniyada böyük uğurla doktorluq dissertasiyası müdafiə etmişdir.

Onun Almaniyada çap etdirdiyi əsərlərdən, elmi işlərdən Yaponiya, Hollandiya, bir sıra Amerika və Afrika ölkələri alimləri də xəbərdar idi və bu işlərin surətinin göndərilməsi barədə ona müraciət etmişdilər.

Professor Martini gənc alimin elmi potensialını nəzərə alaraq, malyariya və sarı qızdırma epidemiyaları ilə mübarizə aparmaq üçün onu Konqo, Əlcəzair, Tunis və Nigeriyaya göndərmişdir.

İ.Ə.Axundovun bu ölkələrdə epidemiyalarla mübarizədəki əzmkarlığını görən yaponlar onu öz ölkələrinə işləməyə dəvət etmişlər. Afrikadan qayıdan İsmayıl Axundov professor Martiniyə hesabat verdikdən sonra ona yüksək vəzifələr təklif edilmişdir. Lakin Vətəninin vurğunu olan gənc alim xalqımızın böyük oğlu, məhşur cərrah, Sosialist Əməyi Qəhrəmanı, akademik Mustafa bəy Topçubaşovun dəvəti ilə Hamburqda ona təklif olunan yüksək vəzifələrdən və təmtəraqlı mənzilindən imtina edərək 1929 – cu ildə Azərbaycana qayıtmışdır.

İsmayıl Axundov Almaniyada müdafiə etdiyi doktorluq dissertasiyasını 1937-ci ildə öz Vətənində təkrarən müdafiə edərək tibb elmləri doktoru alimlik dərəcəsi almışdır.

Öz əmək fəaliyyəti dövründə professor İ.Ə.Axundov Azərbaycan Tropik İnstitutunda şöbə müdiri işləməklə (1929 – 1946-cı illərdə) yanaşı, eyni zamanda, Azərbaycan Tibb İnstitutunun ölkə patologiyası kafedrasının dosenti (1931 - 1942), Bakı tropik stansiyasının direktoru (1934 - 1939), Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunun tropik xəstəliklər kafedrasının müdiri (1939 - 1940), Azərbaycan Səhiyyə Nazirliyinin malyariya ilə mübarizə şöbəsinin rəisi vəzifələrində çalışmışdır.

Onun 1940-cı ildə monoqrafiya şəklində çap etdirdiyi “Azərbaycanda malyariya və Culicidae” əsəri indi də epidemioloq, parazitoloq və entomoloqların stolüstü kitabıdır.

Böyük alim, bacarıqlı səhiyyə təşkilatçısı İsmayıl Axundovun istedadını nəzərdən qaçırmayan sovet hökuməti 1941-ci ildə onu Böyük Vətən müharibəsinin başlanması ilə əlaqədar olaraq Zaqafqaziya Hərbi Dairəsinin baş epidemioloqu təyin etmişdir.  1943-cü ildə ordudan geri çağırılımış və ona Azərbaycan Tibb İnstitutunda epidemiologiya kafedrasını təşkil etmək tapşırılmışdır. İsmayıl bəy çox böyük həvəs və bacarıqla bu işin öhdəsindən gəlmiş və ömrünün axırınadək həmin kafedraya rəhbərlik etmişdir.

Professor Axundov öz xalqını malyariya kimi bir bəladan qurtarmaq üçün fəaliyyətini tamamilə bu nəcib işə həsr etmiş və buna nail olmuşdur. Onun ən böyük xidmətlərindən biri də budur.

1952- ci ildə Moskvada olarkən mehmanxanada baş verən yanğın onun həyatına son qoymuşdur. Vaxtsız ölüm professor İsmayıl Axundovun yüksək ideallar uğrunda apardığı işləri də yarımçıq qoymuşdur.

Görkəmli alim İ.Ə.Axundov malyariyadan, digər parazitar xəstəliklərdən öz xalqını xilas etmək üçün mümkün olan hər şeyi etmişdir. Onun məhsuldar elmi – pedaqoji və təşkilatçılıq qabiliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. O, “Şərəf nişanı” ordeni, “Qafqazın müdafiəsinə görə”, “Faşist Almaniyası üzərində Qələbəyə görə”, “Vətən müharibəsi illərində şərəfli əməyə görə” medalları, SSRİ və Azərbaycan SSR Səhiyyə nazirliklərinin digər mükafatları ilə təltif edilmişdir.

İsmayıl bəyin həyat və fəaliyyəti barədə məlumatların indiki nəsillərə çatdırılmasında onun tələbəsi və mənim müəllimim olmuş, Əməkdar elm xadimi, professor İ.Axundov dünyasını dəyişdikdən sonra uzun illər ATU-nun epidemiologiya kafedrasının müdiri işləmiş mərhum professor Tağı Ələkbər oğlu Tağızadənin müstəsna xidmətləri olmuşdur.

Mən Azərbaycan xalqının fəxri olan bu ailənin digər üzvləri – İsmayıl bəyin atası, anası, qardaşları, bacıları və onların övladları barədə yazılmasını vacib hesab edirəm. Qoy qədirbilən xalqımız bilsin ki, bu nəsil Azərbaycan xalqına və onun elminə dünya şöhrətli alimlər bəxş etmişdir.

İsmayıl bəyin atası Əbdülxalıq Şamaxının məşhur təbiblərindən idi. Onun şəxsi əczaxanası olmuşdur. Əbdülxaliq bəy orada xəstələri qəbul və müalicə etmiş və habelə onlara özünün hazırladığı dərmanları təmənnasız vermişdir.

1902 – ci ilin zəlzələsində İsmayılın anası Sitarə xanım məsçiddə namaz qılarkən həlak olmuşdur. İsmayıl bəyin Mirzə Əhməd və Məşədi Məmməd adlı əmiləri olmuşdur. Sonralar bu ailənin bütün qayğılarını İsmayılın əmisi Məşədi Məmməd öz üzərinə götürmüşdür.

İsmayıl Əbdülxaliq oğlu Axundovun şərəfli adı ölkəmizdə epidemiologiyanın, parazitologiyanın, inkişaf tarixində layiqli yer tutur. Onun Azərbaycan xalqı üçün gördüyü işlər, saf əməlləri həmişə xatirimizdə yaşayacaqdır.

İbadulla AĞAYEV,
Azərbaycan Tibb Universitetinin epidemiologiya kafedrasının müdiri,
Əməkdar elm xadimi,
tibb elmləri doktoru, professor


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında