Azərbaycanda ilk dəfə qan dövranı dayandırılmaqla ağciyər damarlarında unikal əməliyyat həyata keçirilib

Mərkəzi Klinik Xəstəxananın baş həkimi, ürək-damar cərrahı, tibb elmləri doktoru Kamran Musayev və onun rəhbərlik etdiyi həkimlər briqadası unikal əməliyyat həyata keçiriblər. Ağciyər damarlarının endarterektomiyası adlanan həmin əməliyyat ölkəmizdə ilk dəfə icra edilib.

Həyat üçün çox təhlükəli olan ağciyər damarlarının tromblaşmasının aradan qaldırılması məqsədilə icra olunan əməliyyatın mahiyyəti barədə məlumat verən Kamran Musayevin AZƏRTAC-a verdiyi məlumata görə, həmin diaqnoz qoyulan xəstələr indiyədək dərmanla müalicə edilir və xəstələrin çox böyük əksəriyyəti həyatını itirirdi.

Baş həkim deyir: "Xəstə 27 yaşlı yeni ana olmuş qadın idi. Hamiləlik zamanı baldır şişkinliyi ilə əlaqədar həkimə müraciət edib və ona baldır damarlarının (venalarının) trombozu diaqnozu qoyularaq müalicə aparılıb. Doğuşdan sonra isə qadında təngnəfəslik başlayanda ona "Ağciyər arteriyasının tromboemboliyası" diaqnozu qoyulub. Aparılan 3-4 aylıq müalicə səmərəsiz olub və xəstədə ağcıyər arteriyasında təzyiq ciddi şəkildə yüksəlib. Biz onu müayinə edəndən sonra "xroniki tromboembolik ağciyər hipertenziyası" diaqnozu qoyduq".

Cərrah yeganə müalicə yolunun xəstənin qan dövranının tam dayandırılmaqla cərrahi müdaxilə olduğunu bildirib: "Açıq metodla ağciyər arteriyalarındakı tromboembolik tıxacları "Ağciyər arteriyasının tromboendarterektomiyası" adlanan əməliyyatda xüsusi cərrahi alətlərdən istifadə edərək təmizlədik. Həmin əməliyyat dərin hipotermiya şəraitində icra olunur və xəstə 18 dərəcə C-yə qədər soyudulur. Ona görə əməliyyatı çox sürətlə və qısa zamanda aparmaq tələb olunur. 20 dəqiqə ərzində əməliyyatı başa çatdırmaq məcburiyyətində idik, əks halda xəstənin həyati orqanlarına ciddi zərər dəyə bilərdi. Əməliyyatın həmin kritik mərhələsini 14 dəqiqə ərzində uğurla başa vurduq. Əməliyyatdan 1 həftə sonra isə xəstə tam sağalaraq evə göndərildi".

Tibb elmləri doktoru Kamran Musayev venalarında tromblaşma olan xəstələrə daha diqqətli olmağı tövsiyə etdi: "Xüsusilə hamilələr, artıq çəkisi olanlar, müəyyən qan xəstəliyi olan xəstələr risk qrupundadır. Ağciyər damarlarında tromb yaranan, ümumiyyətlə venalarında tromblaşma olan bütün xəstələr çox diqqətli olmalıdırlar. Həmin xəstəlik hamiləlik zamanı sadə baldır venalarının tromblaşmasından sonra da əmələ gələ bilər. Damar tromblaşmasını müalicə edən həkimlər həmin diaqnozu mütləq nəzərə almalıdırlar. Artıq respublikamızda da icra olunan həmin əməliyyat zərurət olan bütün xəstələrə məsləhət görülməlidir".

Dünyanın yüksək dərəcədə ixtisaslaşmış çox nadir tibb mərkəzlərində icra olunan əməliyyatın ölkəmizdə, özü də yerli mütəxəssislərin icra etdiyi əməliyyat ölkə səhiyyəsinin son illərdə əldə etdiyi uğurlardan biridir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında