Dövlət Baytarlıq Xidmətində səyyar müşavirə keçirilib

İyulun 5-də Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətində 2016-2017-ci illərdə baytarlıq xidməti sahəsində görülmüş işlər və qarşıda duran vəzifələrlə bağlı səyyar müşavirə keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov müşavirədə çıxış edərək deyib: Muxtar respublikada kənd təsərrüfatının, eləcə də onun aparıcı sahələrindən olan heyvandarlığın inkişafı daim diqqət mərkəzində saxlanılır. Son illər heyvandarlıqla məşğul olan təsərrüfat subyektlərinə maliyyə dəstəyinin gücləndirilməsi, məhsuldar cins mal-qaranın alınıb gətirilməsi, süni mayalandırmanın tətbiqi, qarışıq yem istehsalı müəssisələrinin fəaliyyətə başlaması, təbii yem və otlaq sahələrinin su təminatının yaxşılaşdırılması, həmçinin qəbul olunmuş dövlət proqramlarında nəzərdə tutulan vəzifələrin icrası heyvandarlığın inkişafına öz təsirini göstərmişdir. 2000-ci illə müqayisədə 2017-ci ilin ötən dövründə muxtar respublikada iribuynuzlu mal-qaranın və xırdabuynuzlu heyvanların sayı 2 dəfəyədək artmışdır. Bu hesaba daxili bazarda heyvan mənşəli ərzaq məhsullarının istehsal həcmində artım əldə olunmuşdur.

Qeyd olunub ki, keyfiyyətli və təhlükəsiz heyvandarlıq məhsulları istehsalına nail olunması müasir dövrdə qarşıda duran əsas vəzifələrdəndir. Çünki sağlam qida sağlam insan deməkdir. Ona görə də insanların sağlamlıqlarının qorunması tədbirlərinə ilk növbədə baytarlıq xidmətində fəaliyyəti səmərəli təşkil etməklə başlamaq lazım idi. Bu amil nəzərə alınaraq muxtar respublikada baytarlıq təbabəti dövrün tələblərinə uyğun qurulub, müasir infrastruktur yaradılıb, maddi-texniki baza möhkəmləndirilibdir. Yerlərdə xidmətin fəaliyyətini gücləndirmək və nəzarət tədbirlərini yaxşılaşdırmaq məqsədilə istifadəyə verilən hər bir kənd mərkəzində baytarlıq məntəqələri üçün lazımi avadanlıqlarla təchiz olunmuş iş yerləri ayrılıb. Muxtar respublikada baytarlıq təbabəti üzrə ixtisaslı kadrların hazırlanmasına da diqqət artırılıb. Naxçıvan Dövlət Universitetində və Naxçıvan Dövlət Texniki Kollecində müvafiq ixtisaslar üzrə kadr hazırlığı həyata keçirilir.

Ali Məclisin sədri deyib: Heyvandarlığın inkişafında müsbət dinamikanın qorunub saxlanması, məhsuldarlığın artırılması və müxtəlif xəstəliklərə qarşı mübarizə tədbirlərinin vaxtında aparılması üçün Baytarlıq Xidməti fəaliyyətini daha da gücləndirməlidir. Xidmət yaradılmış şəraitdən düzgün istifadə edərək epizootik sabitliyi qoruyub saxlamalı, heyvanlar arasında peyvəndləmə, diaqnostik müayinə və digər tədbirlərin səmərəli təşkilinə nail olmalı, istifadə olunan dərmanların keyfiyyətinə və saxlanılma şəraitinə ciddi nəzarət edilməlidir. Naxçıvan şəhərində və rayon mərkəzlərində heyvandarlıq-arıçılıq sahələri üzrə əczaxanaların yaradılması davam etdirilməlidir.

Müşavirədə vurğulanıb ki, heyvandarlığın inkişafında intensiv metodlara daha çox üstünlük verilməlidir. Mövcud mal-qaranın cins tərkibinin yaxşılaşdırılması, məhsuldarlığın yüksəldilməsi, təbii yolla keçən xəstəliklərin qarşısının alınması məqsədilə süni mayalanma tədbirlərinin əhatə dairəsi və əhali arasında maarifləndirmə işləri genişləndirilməlidir. Süni mayalanma işinin səmərəliyini artırmaq üçün keyfiyyətli toxum bankı yaradılmalı, bu sahə üzrə mütəxəssislərin peşəkarlıq səviyyəsi yüksəldilməlidir. Məhsuldarlığı daha da artırmaq, heyvanlara zootexniki qaydalara uyğun qulluq göstərilməsini, eləcə də daim baytar nəzarəti altında olmasını təşkil etmək məqsədilə müasir standartlara uyğun özəl iri damazlıq təsərrüfatlarının yaradılması bundan sonra da diqqətdə saxlanmalıdır.

Ali Məclisin sədri deyib: Sərhəd yaşayış məntəqələrində dezinfeksiya işlərinin aparılmasına, epizootik vəziyyətin təhlilinə nəzarət gücləndirilməli, aşkar olunan xəstəliklərə qarşı operativ tədbirlər görülməlidir. Baytarlıq Xidməti mütəmadi olaraq heyvanların yaylaqda saxlanma şəraiti ilə maraqlanmalı, mövsümə uyğun peyvəndləmə tədbirlərinin aparılmasını təmin etməlidir. Yerli arı genefondunun mühafizəsi, arı xəstəliklərinin qarşısının alınması üçün qabaqcıl təcrübənin öyrənilməsi və tətbiqi ilə bağlı sahibkarlar arasında maarifləndirici tədbirlər görülməlidir. Ali və orta ixtisas məktəblərində baytarlıq təbabəti ixtisası üzrə təhsil alan tələbələrin təcrübi biliklərinin daha da möhkəmləndirilməsi üçün yaradılmış şəraitdən səmərəli istifadə edilməlidir.

Ali Məclisin sədri çıxışını aqrar sahənin inkişafının vacibliyini və əhəmiyyətini qeyd edən ölkə Prezidenti cənab İlham Əliyevin fikirləri ilə tamamlayıb: “Kənd təsərrüfatı ilə bağlı məsələlər xüsusi diqqət tələb edir. Çünki bu sahə həm məşğulluqdur, həm inkişafdır, həm də ixracdır”.

Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri Elşad Əliyev çıxış edərək deyib ki, əhalini ilboyu heyvandarlıq məhsulları ilə təmin etmək aqrar sahədə qarşıda duran əsas vəzifələrdəndir. Hazırda muxtar respublikada 235 böyük heyvandarlıq, 65 quşçuluq, 102 arıçılıq, 15 balıqçılıq təsərrüfatı fəaliyyət göstərir. Göstərilən dövlət qayğısının nəticəsidir ki, hazırda muxtar respublikada 3 ət, 12 süd, 1 gön-dəri emalı, 1 balıq konserv, 1 yem istehsalı müəssisəsi və 2 yem sexi fəaliyyət göstərir. Heyvandarlıqda damazlıq təsərrüfatlarının inkişafı əsas məsələlərdən biridir. 2009-2015-ci illərdə  “Naxçıvan Aqrolizinq” ASC-nin xətti ilə muxtar respublikaya 1937 baş düyə alınıb gətirilərək lizinq yolu ilə sahibkarlara verilib. Damazlıq və süni mayalama tədbirləri mal-qaranın cins tərkibinin yaxşılaşdırılmasına və heyvandarlıq məhsullarının intensiv artımına səbəb olub. Süni mayalanma yolu ilə alınmış hər baş buzova görə heyvan sahiblərinə 100 manat həcmində subsidiyanın verilməsi bu sahəyə olan marağı daha da artırıb.

Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin rəisi Əbil Əbilov deyib ki, Dövlət Baytarlıq Xidmətinin və laboratoriyaların maddi-texniki bazası möhkəmləndirilib, müasir tələblərə cavab verən məntəqələr yaradılıb. Bu gün Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidməti muxtar respublikada mövcud olan 117 min başdan çox iribuynuzlu, 728 min başdan artıq xırdabuynuzlu heyvanların, 1 milyon başdan çox quşların, 70 min arı ailələrinin, o cümlədən vəhşi heyvanların yarada biləcəyi epizootoloji vəziyyəti nəzarətdə saxlayır. 2016-cı il ərzində və 2017-ci ilin müvafiq dövründə muxtar respublikada qarayara, quduzluq, dabaq, brusellyoz, vərəm, çiçək, pasterellyoz, quşlarda taun, o cümlədən arı xəstəliklərinə qarşı epizootiya əleyhinə tədbirlər aparılıb. Bu gün əsas məsələ qeyd olunan xəstəliklərin yarada biləcəyi bioloji, zoonotik, yoluxucu təhlükələrin aradan qaldırılmasından ibarətdir. Göstərilən yüksək dövlət dəstəyi, təsdiq olunmuş tədbirlər planı, koordinasiyalı fəaliyyət, yaradılmış kadr potensialı, maddi-texniki cəhətdən təchiz olunmuş laboratoriyalar qarşıya qoyulan məqsədə nail olmağa imkan verir. Əbil Əbilov Dövlət Baytarlıq Xidmətinin kollektivi adından göstərilən qayğıya görə minnətdarlıq edib.

Sonra Ali Məclisin sədri Dövlət Baytarlıq Xidmətinin işdə fərqlənən əməkdaşlarına xalça və saat hədiyyə edib, texniklərə yeni alınan 3 ədəd süni mayalandırma avadanlığı təqdim olunub.

Ali Məclisin sədri baytarlıq xidməti əməkdaşları ilə söhbət zamanı deyib: Baytarlıq təbabətinin düzgün təşkili cəmiyyətin sağlamlığına xidmət edir. Həyata keçirilən tədbirlərin nəticəsidir ki, muxtar respublikada epizodik vəziyyət sabitdir. Yaz və payız aylarında təsərrüfatlarda dezinfeksiya işləri aparılır, sağlam heyvandarlıq məhsulları istehsal olunur. Naxçıvan Dövlət Universitetində və Naxçıvan Dövlət Texniki Kollecində müvafiq ixtisaslar üzrə kadr hazırlığı bu sahədə varisliyi təmin edir. Muxtar respublikada baytarlıq təbabəti üzrə kadr hazırlığı bundan sonra da diqqətdə saxlanmalı, Dövlət Baytarlıq Xidmətinin əməkdaşları daim öz üzərlərində işləməli, bilik və təcrübələrini artırmalıdırlar. Həkim baytarlar mütəmadi olaraq təsərrüfatlarda olmalı, baytarlıqda elmi metodlarla yanaşı, xalq təbabətindən də geniş istifadə olunmalıdır. Rayon icra hakimiyyətləri süni mayalandırma təbirlərinə, mal-qaranın cins tərkibinin yaxşılaşdırılmasına, məhsuldarlığın artırılmasına və heyvanların saxlanma şəraitinə diqqəti artırmalıdırlar.               

Ali Məclisin sədri Baytarlıq Xidmətinin əməkdaşlarına təşəkkür edib, onlara gələcək işlərində uğurlar arzulayıb.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında