Azərbaycanda səhiyyənin ən vacib sahələrindən olan onkologiyaya xüsusi diqqət yetirilir

Naxçıvanda “Onkoloji xəstəliklərin müayinə və müalicəsinə müasir yanaşma” mövzusunda elmi konfrans keçirilib

İyunun 17-də Naxçıvan Muxtar Respublika Xəstəxanasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin yüksəkixtisaslı həkimlərinin iştirakı ilə “Onkoloji xəstəliklərin müayinə və müalicəsinə müasir yanaşma” mövzusunda elmi konfrans keçirilib.

Konfransı açan Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Niyazi Novruzov tədbir iştirakçılarını 17 İyun – Tibb işçilərinin peşə bayramı günü münasibətilə təbrik edib. Bildirib ki, bu gün ölkəmizdə, o cümlədən Naxçıvan Muxtar Respublikasında səhiyyənin inkişafı istiqamətində kompleks tədbirlər həyata keçirilir, səhiyyə infrastrukturunun yenilənməsi, yeni ambulator və stasionar müalicə-profilaktika müəssisələrinin yaradılması əhalinin sağlamlığının qorunmasına xidmət edir. Bu gün Naxçıvanda digər xəstəliklərlə yanaşı, onkoloji xəstəliklərin də müalicəsi və profilaktikası diqqət mərkəzində saxlanılır. Naxçıvan Muxtar Respublikası Onkoloji Mərkəzin həkimləri mütəmadi olaraq muxtar respublikanın bölgələrində profilaktik müayinələr aparırlar. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin yüksəkixtisaslı həkim briqadasının iyunun 15-dən 17-dək Naxçıvan Muxtar Respublika Xəstəxanasında humanitar tibbi aksiya keçirməsi də muxtar respublikada əhalinin sağlamlığının qorunması istiqamətində görülən işlərin tərkib hissəsidir. Niyazi Novruzov konfransın işinə uğurlar arzulayıb.

Milli Onkologiya Mərkəzinin baş-boyun şişləri şöbəsinin cərrah-onkoloqu, professor Əziz Əliyev “Baş-boyun şişlərinin müasir cərrahi müalicəsi” mövzusunda çıxışında əvvəlcə ölkəmizdə bu sahədə əldə olunan nailiyyətlərdən danışaraq qeyd edib ki, bu gün respublikamızın sürətli iqtisadi inkişafı bütün sosial sahələrin, o cümlədən səhiyyənin inkişafına müsbət təsir göstərib. Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində səhiyyə sahəsində uğurla aparılan islahatlar, tibb müəssisələrinin maddi-texniki bazanın təkmilləşdirilməsi, təchizat və kadr hazırlığı ilə bağlı görülmüş işlər yeni-yeni uğurlara yol açıb.

“Ölkəmizdə səhiyyənin ən vacib sahələrindən olan onkologiyaya da xüsusi diqqət yetirilir. Prezident İlham Əliyevin diqqət və qayğısının nəticəsi olaraq hazırda Milli Onkologiya Mərkəzi ən müasir tibbi texnika ilə, o cümlədən mobil diaqnostik komplekslə təchiz edilib”, - deyən Əziz Əliyev bildirib ki, 2009-cu ildə mərkəzin cərrahiyə korpusunun və 2012-ci ildə isə Uşaq Onkologiya Korpusunun açılışı olub. Mərkəzin nəzdində regionda birinci olan Uşaq Klinikasının yaradılmasında Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın və Milli Onkologiya Mərkəzinin baş direktoru, akademik Cəmil Əliyevin böyük əməyi var. Ötən il mərkəzin nəzdində Nüvə Təbabəti Mərkəzi də açılıb. Bu mərkəz nəinki Azərbaycanda, hətta regionda bu tipli ilk və yeganə tibb müəssisəsidir.

Vurğulanıb ki, zəngin maddi-texniki bazası və güclü kadr potensialı olan Milli Onkologiya Mərkəzi artıq dünyanın ən qabaqcıl səhiyyə müəssisələri ilə müqayisə olunur. Mərkəz bu gün Ümumdünya Səhiyyə Təşkilatı, “MD Anderson” və “Sloan Kettering” onkoloji mərkəzləri, Avropa Nüvə Təbabəti Assosiasiyası və digər nüfuzlu mərkəzlərlə, təşkilatlarla əməkdaşlığını davam etdirir. Bu gün mərkəzin təcrübəli əməkdaşları tərəfindən respublikanın onkoloji xidmətinin strukturunun təşkili, bədxassəli şişlərin erkən diaqnostikası və bu xəstələrə müasir cərrahi, şüa və dərman müalicəsinin aparılması, mövcud müalicə metodlarının daha da təkmilləşdirilməsi istiqamətində böyük elmi araşdırmalar həyata keçirilir.

Diqqətə çatdırılıb ki, mərkəzə müraciət edən xəstələrin sayı hər il daha da artmaqdadır. Təkcə 2016-cı ildə 91 minədək xəstə bura müraciət edib, onlardan təxminən 31 mini onkoloji xəstə kimi qeydiyyata alınıb. 60 min nəfərin isə qeyri-onkoloji xəstə olduğu müəyyənləşib. Həmin il mərkəzdə 4 minədək uğurlu cərrahiyyə əməliyyatı aparılıb.

Milli Onkologiya Mərkəzinin baş-boyun şişləri şöbəsinin cərrah-onkoloqu deyib ki, hazırda mərkəzin baş-boyun şişləri şöbəsində qırtlağın xərçəngində larinqektomiya, qırtlağın tam və ya qismən çıxarılması əməliyyatları həyata keçirilir. Yeni üsulla aparılan larinqektomiya zamanı xəstənin cəmiyyətə normal adaptasiyası, digər insanlar kimi adekvat həyat tərzinə malik olması üçün də bütün zəruri tədbirlər görülür. Bu prosesin reallaşması üçün “Provoks” səs bərpa sistemi və ya protezi tətbiq olunur. “Provoks” protezindən hava xəstəyə birbaşa traxestoma ilə yox, protezin süzgəcləri vasitəsi ilə daxil olur. Buna görə də xəstədə ağ ciyər iltihabının baş verməsi təhlükəsinin qarşısı alınır. Nəticədə xəstə özünü yaxşı hiss edir, rahat, sərbəst şəkildə doğmaları və yaxınları ilə ünsiyyətdə ola bilir. Mərkəzdə son 3 ildir tətbiq edilən bu cərrahi əməliyyat tibb sahəsində çox böyük addım, nailiyyət hesab olunur.

 Daha sonra konfransda mərkəzin həkimlərindən professor İsa İsayevin “Xərçəng xəstəliyinin profilaktikası”, Fuad Əliyevin “Qalxanabənzər vəzi xərçənginin erkən diaqnostikasında incə iynə biopsiyasının rolu”, Fuad Quliyevin “Onkourologiyada minimal invaziv cərrahi üsullar”, Fuad Novruzovun “Nüvə diaqnostika yeni era: PET KA” mövzularında çıxışları dinlənilib. Mərkəzin digər həkimlərinin xərçəng xəstəliyinin müalicə və müayinəsində müasir yanaşmaları özündə əks etdirən çıxışları maraqla qarşılanıb. 

Konfransda xərçəng xəstəliyinin cərrahi əməliyyatlarında tətbiq olunan yeni üsullar videogörüntülər vasitəsilə izah olunub, suallar cavablandırılıb.

Tədbir iştirakçılarına akademik Cəmil Əliyevin və professor İsa İsayevin “Bəd xassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi və nəticələri” kitabı və xərçəng xəstəliyinin yaranmasına səbəb olan amilləri, onun diaqnostikasını, cərrahi müalicəsini əks etdirən kitabçalar, broşürlər paylanılıb.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında