Göygöl səhiyyəsində yaxşılığa doğru ciddi dəyişikliklər var

Azərbaycanda tibb kadrlarının yetişdirilməsinin, səhiyyə müəssisələrinin, elmi - tədqiqat institutlarının maddi-texniki bazalarının əsaslı surətdə yeniləşdirilməsinin əsası müstəqil Azərbaycanın memarı və qurucusu ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. 1993-cü il iyun ayının 15-də ümummilli liderin xalqımızın istək və arzusu ilə yenidən hakimiyyətə qayıdışından sonra isə tibb müəssisələrində,   xəstəxana və poliklinikalarda yeni islahatlar əsasında yaxşılığa doğru ciddi dəyişikliklər baş verdi.

Adı Azərbaycan tarixinə əbədi həkk edilən ulu öndər Heydər Əliyevin genişmiqyaslı titanik fəaliyyəti nəticəsində 25 il əvvəl parçalanmaqda olan ölkəmiz bu gün dünyanın diqqət mərkəzində olan dövlətlərdən biridir. Respublikamızın bu cür inkişafının, regionda liderlik etməsinin səbəbkarı məhz ümummilli liderimiz olmuşdur. Hansı sahənin adamını dindirsən, o sahədəki uğurların başında böyük şəxsiyyət Heydər Əliyevin adının durduğunu təsdiqləyər. 17 iyunun Səhiyyə İşçiləri Günü kimi qeyd olunması da məhz dahi öndərin adı ilə bağlıdır.

Hazırda Azərbaycan bütün dünyada demokratik, qüdrətli, öz sözünü deməyə qadir olan ölkə kimi tanınır. Azərbaycan Prezidenti cənab İlham Əliyevin düşünülmüş siyasəti, möhkəm iradəsi, ölkəmizdəki ictimai-siyasi sabitlik sayəsində respublikamız hər sahədə inkişaf edir. İnsanların sağlamlığının qorunması dövlət başçısının daim diqqət mərkəzindədir və bu məsələ dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.

Azərbaycanda səhiyyənin inkişafı ilə bağlı dövlət səviyyəsində reallaşdırılan islahatlar artıq öz bəhrəsini verməkdədir. Yüksək ixtisaslı tibb kadrlarının hazırlanmasından tutmuş, səhiyyə müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsinə, yeni müəssisələrin yaradılmasına, ən müasir tibb avadanlıqlarının respublikamıza gətirilməsinə qədər görülən işlər inkişafın əsas göstəriciləri olmaqla yanaşı, eyni zamanda, hər bir ölkə vətəndaşının konstitusion hüquqlarının etibarlı təminatına layiqli xidmətin bariz ifadəsidir.

Azərbaycanda uğurla reallaşdırılan regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının da səhiyyə sisteminin tərəqqisinə müsbət təsiri danılmazdır. Belə ki, həmin sənədlərdə bölgələrdə insanlara yüksək səviyyədə tibbi xidmətin göstərilməsini təmin edəcək bir sıra təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi - yeni xəstəxanaların, poliklinikaların inşası, yaxud mövcud səhiyyə müəssisələrinin müasir tələblər səviyyəsində təmir və bərpa olunması, onların maddi-texniki, habelə zəruri tibb ləvazimatları ilə təminatı məsələləri öz əksini tapıb.

Burada bir məsələni də qeyd etmək istərdim. Bu sahəyə olan qayğı və diqqətin nəticəsində getdikcə sayı artan səhiyyə ocaqları xalqın sağlamlığı üçün lazım olan müayinə və müalicə üçün son model aparat və avadanlıqlarla təchiz edilib. Təkcə Heydər Əliyev Fondunun xətti ilə istifadəyə verilən tibb müəssisələrindəki müayinə üsullarını son illərədək təsəvvürə gətirmək belə mümkün deyildi. Bu gün isə ən ağır xəstələrin, hətta regionlarda müayinə və müalicəsi üçün istənilən şərait yaradılıb.

Respublikamızın hər bir bölgəsində olduğu kimi, dağlar qoynunda qərar tutan Göygöl rayonunda 2009-cu ildə inşa edilən, müasirliyi və möhtəşəmliyi ilə seçilən mərkəzi rayon xəstəxanasında bu gün əhaliyə yüksək səviyyəli tibbi xidmət göstərilir. Müxtəlif kabinetlərdə çalışan həkim və tibb bacıları bilik və bacarıqlarından istifadə edərək xəstəxanaya üz tutanların istək və problemlərinə uyğun müayinə və müalicə aparırlar. Yüksək səviyyəli tibbi xidmət göstərilməsinin nəticəsidir ki, hətta ətraf rayonların sakinləri də bu şəfa ocağına gəlirlər.

Xəstəxanada öz peşəsini dərindən sevən, həkim andına sadiq olan, xidməti düzgün quran həkimlər az deyil. Onlardan biri də bu səhiyyə ocağının kliniki laboratoriyasının müdiri Sahib Rəsulovdur. O, Qərbi Azərbaycanda ziyalı ailəsində anadan olub. Hələ orta məktəb illərindən həkim olmaq arzusu ilə yaşayıb. Elə bu niyyətlə də sənədlərini Azərbaycan Tibb İnstitutuna verib və 1978-ci ildə təhsilini uğurla başa vuraraq təyinatla Daşkəsən rayonuna göndərilib. S. Rəsulovun burada, eləcə də Azərbaycanın digər rayonlarında, habelə respublikamızdan kənarda həkim kimi çalışdığı illərdə qarşısına qoyduğu əsas vəzifə o olub ki, özünün bacarıqlı mütəxəssis olduğunu sübut etsin, insanların sevgisini qazansın.

Xatırladım ki, Sahib həkim 1991-ci ildə mərkəzi rayon xəstəxanasının kliniki-laboratoriya şöbəsində işə başlayıb. Bacarığı, əzmkarlığı, xəstələrə nümunəvi xidmət və qayğısı ilə kollektivdə hamıya örnək və nümunə olub. Məhz bu sevgi ilə rayon əhalisinin məhəbbətini qazanıb. O, həkimlik fəaliyyətində peşəsinin məsuliyyətini həmişə dərindən dərk edib, tutduğu vəzifənin öhdəsindən layiqincə gəlib. Söhbət zamanı Sahib həkim dedi:

– Ölkəmizin hər yerində olduğu kimi, Göygöl rayonunda da son illərdə dövlət başçımızın tapşırığına əsasən, əhalinin kütləvi tibbi müayinədən keçirilməsi, əhalinin sağlamlığının qorunması, yoluxucu xəstəliklərin qarşısının alınması, ana və uşaqların mühafizəsinin gücləndirilməsi, tibb müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində xeyli iş görülüb. Rayonun səhiyyə işçilərinin üzləşdikləri hansısa bir problemin həllinə səhiyyə naziri Oqtay Şirəliyev,  rayon icra hakimiyyətinin başçısı Arif Seyidov xüsusi diqqət və qayğı ilə yanaşıb.

Sahib Rəsulov söhbətinin sonunda dedi:

– Bugünkü səhiyyəmizin mövcud vəziyyəti, gələcək inkişaf perspektivləri, dövlət başçısı cənab İlham Əliyevin bu sahəyə göstərdiyi yüksək qayğı və diqqət, tibb sahəsində həyata keçirilən geniş tədbirlər əhalinin sağlamlığının qorunmasına mühüm töhfələr verməklə yanaşı, hər birimizdə gələcəyə inam hissini artırır.

Babək ƏLİYEV, Göygöl rayonu


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında