Cari ildə Azərbaycan Səhiyyə Nazirliyi tərəfindən 45 iri səhiyyə müəssisəsində təmir-tikinti işləri aparılmış, bir sıra yeni tibb ocaqları istifadəyə verilmişdir

Azərbaycan Səhiyyə Nazirliyi (SN) tərəfindən 2010-cu il ərzində görülmüş işlərə dair kollegiya iclası keçirilmişdir.
Azərbaycan səhiyyə naziri Oqtay Şirəliyev əvvəlcə bütün səhiyyə işçilərini qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi və Yeni il bayramları münasibətilə təbrik etmişdir. Məlumat verilmişdir ki, cari ildə nazirlik tərəfindən 45 iri səhiyyə müəssisəsində təmir-tikinti işləri aparılmış, nazirliyin yeni inzibati binası, Azərbaycan Tibb Universitetinin tədris-terapevtik klinikası, M.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanası, Ə.Qarayev adına 2 nömrəli Klinik Uşaq Xəstəxanası, M.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzi, Respublika Psixiatriya xəstəxanasının 3 korpusu, Kliniki Tibbi Mərkəzin hemodializ şöbəsi, habelə Balakən Rayon Mərkəzi Xəstəxanası və.s istifadəyə verilmiş, onlar müasir tibbi avadanlıqla təchiz olunmuşdur.
Vurğulanmışdır ki, səhiyyə sahəsində qəbul edilmiş Dövlət Proqramlarının icrasına son 5 il ərzində 200 milyon manata yaxın büdcə vəsaiti sərf olunmuşdur. Səhiyyənin prioritet sahələri olan şəkərli diabet, irsi qan xəstəlikləri, qan xidməti, xroniki böyrək çatışmazlığı, vərəm, yoluxucu xəstəliklərin immunoprofilaktikası üzrə növbəti beş ili əhatə edən yeni proqramlar hazırlanaraq Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmişdir. Hökumətin dəstəyi ilə həyata keçirilən tədbirlər nəticəsində ana və uşaqlara, onkoloji, endokrinoloji, irsi qan xəstəliyi, böyrək çatışmazlığı və s. xəstələrə göstərilən tibbi xidmətin səviyyəsi xeyli yaxşılaşmış, ölüm hallarının sayı azalmışdır.
Məlumat verilmişdir ki, hazırda respublikanın şəhər və rayonlarında fəaliyyət göstərən 21 mərkəzdə 1500-ə yaxın xəstə hemodializ seansları və müvafiq dərman vasitələri ilə tam pulsuz təmin olunurlar. Ana və uşaqların sağlamlığının qorunması Dövlət proqramı ilə nəzərdə tutulmuş 7 perinatal mərkəzdən 5-i (Bakı, Naxçıvan, Gəncə, Lənkəran, Quba) artıq fəaliyyət göstərir. Digər 2-si isə yaxın vaxtlarda istifadəyə veriləcəkdir. Qan xidmətinin təkmilləşdirilməsinə də xüsusi diqqət yetirilmişdir. Son illər ərzində tədarük olunan qan və onun komponentlərinin miqdarı artmış, əhalinin qanvermə aksiyalarına cəlb edilməsi işi fəallaşmışdır. Hazırda tibb müəssisələrinin və xəstələrin qana olan ehtiyacı tam ödənilir. Son illər cərrahiyyə xidmətinin fəaliyyətində də nəzərə çarpan müsbət dinamika müşahidə olunur. Belə ki, ümumi cərrahi profilli stasionarlara daxil olan xəstələrin, eləcə də keçirilən cərrahi əməliyyatların sayı artmışdır. Bununla yanaşı, diaqnostik və taktiki səhvlər xeyli azalmışdır. Uşaqlara cərrahi yardımın yaxşılaşdırılması məqsədilə K.Fərəcova adına ET Pediatriya İnstitutunda sutka ərzində fəaliyyət göstərən erkən yaşlı uşaqların cərrahiyyəsi şöbəsi yaradılmışdır. Yoluxucu xəstəliklərlə mübarizə işində də müsbət nəticələr əldə edilmişdir. Respublikada aparılmış geniş miqyaslı tədbirlər nəticəsində epidemioloji sabitlik yaranmış, idarəolunan xəstəliklərdən poliomielit, difteriya, qızılca, məxmərək qeydə alınmamış, epidemik parotit 2 dəfə azalmış, digər infeksiyalar üzrə də azalma qeyd olunmuşdur. Malyariya xəstəliyinə qarşı 2008-2013-cü illər üçün qəbul olunmuş Milli Strategiyaya və Milli Fəaliyyət Planına uyğun olaraq profilaktik tədbirlərin həyata keçirilməsi nəticəsində xəstələnmə səviyyəsi stabilləşmiş və cari ildə keçən illə müqayisədə 35 faiz azalmışdır.
Elmi-tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda yaradılmış Milli Referens Laboratoriyası artıq tam gücü ilə fəaliyyətə başlamışdır və cari ilin aprel ayında Dünya Səhiyyə Təşkilatının sertifikatını almışdır. 2010-cu ilin yazında Kür və Araz çaylarının daşma zonalarında aparılan operativ qabaqlayıcı tədbirlər nəticəsində epidemiya təhlükəsinin qarşısı alınmışdır. Təbii fəlakət zonasında ilk günlərdən operativ şəkildə səyyar səhiyyə xidməti yaradılmış və ehtiyacı olanların hamısına tam həcmdə tibbi yardım göstərilmişdir.
Qeyd edilmişdir ki, səhiyyəmizin dünya standartları üzrə inkişafının əsas istiqamətlərindən biri tibbi təhsil və kadr islahatıdır. Nazirlik tərəfindən cari ildə bu sahədə müstəsna əhəmiyyətli tədbirlər həyata keçirilmişdir. Tibb işçilərinin bilik və peşə bacarıqlarının artırılması məqsədilə onların sertifikasiyanın tətbiqi üzrə gərgin iş aparılır. Artıq bu istiqamətdə hazırlıq işləri başa çatdırılmışdır. Gələn ilin əvvəlindən sertifikasiya prosesi başlanacaqdır. Tibbi təhsilin müasir səviyyədə təşkili prinsiplərinə uyğun olaraq gələn ildən rezidentura sisteminə keçid də planlaşdırılır. Respublikanın kənd yerlərində kadrların çatışmazlığını nəzərə alaraq Azərbaycan Tibb Universitetinin məzunlarının bilavasitə vakant yerlərə təyinatla göndərilməsi işi də davam etdirilmişdir. 2010-cu ildə məzunların 80 faizi bölgələrə təyinat almışdır.
Səhiyyə sahəsində son illər ərzində qazanılmış nailiyyətlər Azərbaycan səhiyyəsinin beynəlxalq aləmdə nüfuzunun xeyli artmasına səbəb olmuşdur. Belə ki, cari ilin fevral ayında İqtisadi Əməkdaşlıq Təşkilatı ölkələrinin Səhiyyə Nazirlərinin Birinci İclası Bakıda keçirilmiş və Bakı Deklarasiyası qəbul edilmişdir. Dünya Səhiyyə Təşkilatının Avropa üzrə Regional Komitəsinin cari ildə Moskva şəhərində keçirilən 60-cı sessiyasında növbəti Sessiyasının 2011-ci ildə Bakıda keçirilməsi qərara alınmışdır.
Oqtay Şirəliyev səhiyyə müəssisələrində təmir, tikinti və abadlaşdırma işləri, əldə olunan bütün nailiyyətlərin ölkə başçısının diqqət və qayğısının bariz nümunəsi olduğunu vurğulamışdır.
İclasda səhiyyə sistemində səmərəli fəaliyyətlərinə görə 14 nəfər səhiyyə işçisinə təşəkkür edilməsi haqqında nazirin əmri oxunmuşdur. Əhalinin sağlamlığının qorunması sahəsində qüsursuz və səhiyyə sistemində səmərəli fəaliyyətlərinə görə 15 mütəxəssisə diplom və hədiyyələr təqdim olunmuşdur.
Ölkədə baş vermiş fövqəladə hallarda tibb işçilərinin Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ilə birgə fəaliyyət göstərmələri xüsusi vurğulamışdır. Fövqəladə hallar nazirinin müavini, tibb xidməti general-leytenantı Faiq Tağızadə bir qrup əməkdaşa fəxri fərmanlar, səhiyyə naziri Oqtay Şirəliyevə "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 5 illiyi (2005-2010)" yubiley medalını təqdim etmişdir.
İclasda Azərbaycan Respublikası Prezidentinin xüsusi Tibb Xidmətinin rəhbəri, Milli Onkologiya Mərkəzinin direktoru, akademik Cəmil Əliyev iştirak etmişdir.{nl}

 

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında