Şriftin ölçüsü:
25.12.2010 07:31 | Oxunma sayı: 1747
Mərkəzi Klinik Xəstəxanada (MKX) maqnit sahəsinin gücü 3 Tesla olan, regionda birinci MAGNETOM Verio maqnit-rezonans tomoqraf işə salınmışdır. Bu fakt Azərbaycan Prezidenti İlham Əliyevin əhalinin rifah səviyyəsinin yüksəldilməsinə daim diqqət və qayğı göstərməsinin əyani nümunəsidir. Klinikaların müasir tibb avadanlığı ilə təchiz edilməsi və buna müvafiq olaraq əhaliyə tibbi xidmətin səviyyəsinin yüksəldilməsi sosial sahədə vəziyyətin hərtərəfli yaxşılaşmasına kömək edir.
Müasir müalicə-sağlamlıq kompleksi olan Mərkəzi Klinik Xəstəxana 2000-ci ildə əsaslı yenidən qurulduqdan sonra açılmışdır. Hazırda Siemens şirkətinin iştirakı ilə klinikada yenidənqurma işləri aparılır, tibb avadanlığı tamamilə yenilənir.
MKX ən müasir avadanlıqla təchiz ediləcək və haqlı olaraq regionun ən yaxşı klinikası sayılacaqdır. Klinikada təcrübəli həkimlərlə yanaşı, Avstriya, Almaniya, Rusiya, Türkiyə və digər ölkələrin aparıcı klinikalarında təcrübə keçmiş gənc mütəxəssislər tibbi xidmətlər göstərirlər. Bütün bunlar Azərbaycan Prezidentinin Xüsusi Tibb Xidmətinin fəal dəstəyi sayəsində mümkün olmuşdur.
MKX-da tanınmış professorlar və yüksək səviyyəli mütəxəssislər müntəzəm məsləhətlər verir, beynəlxalq konqreslər və seminarlar keçirilir.
Buna görə də Siemens şirkətinin qabaqcıl maqnit-rezonans tomoqrafiyası sistemini məhz bu klinikada quraşdırmaq qərara alınmışdır.
Qeyd edək ki, MAGNETOM Verio bü gün ən qısa 3 Tesla sistemdir. MAFNETOM Verio sistemi özündə 3 Tesla maqnit sahəsi, diametri 70 santimetr olan geniş tunel və Tim texnologiyası (tam vizual matrisa) birləşdirir. Bu təsvirin yüksək keyfiyyətini, xəstə üçün hər cür rahatlığı təmin edir, diaqnostikaya geniş imkanlar açır. Bundan əlavə, sistemin belə konstruksiyası həm dolu bədənli, həm də klaustrofobiyadan əziyyət çəkən xəstələrin diaqnostikasını asanlaşdırır, bəzi hallarda isə MR-vizuallaşdırma aparmağın yeganə vasitəsidir. Tim texnologiyası əməyin təşkilini sadələşdirir, xəstələrə xidmətin səmərəliliyini artırır.
MAGNETOM Verio sistemi bazarın bütün tələblərinə cavab verir: xəstələr üçün maksimum rahatlıq yaradır, təsvirlərinin yüksək keyfiyyəti və heyətin əməyinin səmərəli təşkili metodları ilə seçilən MR-tomoqraflara artan tələbatı təmin edir.
Sistemin tunelinin diametrinin 70 santimetr olması klaustrofobik reaksiyaların inkişafı riskini xeyli azaldır. Bundan əlavə, tunelin diametrinin böyüməsi elə xəstələri müayinə etməyə imkan verir ki, belə xəstələrdə, məsələn, aşkar kifozdan, hərəkət məhdudiyyətlərindən, lokal ağrılardan əziyyət çəkənlərdə, uşaqlarda və dolu bədənli xəstələrdə müasir tələblərə cavab verməyən MR-tomoqrafların köməyi ilə skanlama aparmaq mümkün deyildir. 3 Tesla sahəsinin gərginliyi və geniş tunel texnologiyası həyat təminatı qurğularına qoşulmuş xəstələri, intensiv terapiya bölmələrinin xəstələrini və üzərində intraəməliyyat prosedurları aparılacaq xəstələri müayinə etməyə imkan verir.
MAGNETOM Verio sistemi ağır xəstəliklər və "problemli" xəstələr üzərində çox tez və etibarlı tədqiqatlar aparmağa şərait yaradır ki, bu müalicənin düzgün seçilməsini asanlaşdırır.
Uzunluğu cəmi 173 santimetr olan MAGNETOM Verio sistemi hazırda beynəlxalq tibb avadanlığı bazarında 3 Tesla gücündə ən qısa MR-tomoqrafdır. Yığcamlığı və çəkisinin az olması sayəsində sistemin quraşdırılması ucuz başa gəlir. Bundan əlavə, heliumun buxarlanma göstəricisi sıfır olan müasir maqnit bu bahalı maddənin ehtiyatının müntəzəm doldurulmasını tələb etmir və daim işlək vəziyyətdə olur.
Beləliklə, Azərbaycan Prezidentinin Xüsusi Tibb Xidmətinin MKX-da apardığı islahatlar bir daha əyani şəkildə göstərir ki, keyfiyyətli səhiyyə dövlətimizin başçısının bu vacib sahəyə daim diqqət və qayğı göstərməsi sayəsində günün reallığına çevrilmişdir.{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.