Ötən il Azərbaycanda səhiyyə xidmətinin yaxşılaşdırılması istiqamətində önəmli tədbirlər həyata keçirilib

Ötən il səhiyyə sistemində görülən işlər və əldə olunan nailiyyətlərlə də yadda qalıb. Ağsu, Zərdab, Biləsuvar rayon mərkəzi xəstəxanalarının, o cümlədən, Gəncədə Abbas Səhhət adına xəstəxananın açılışında ölkə başçısı İlham Əliyev şəxsən iştirak edərək, öz xeyir-duasını verib. Əhalinin sağlamlığının daim qayğısına qalan Prezidentin tapşırığına uyğun olaraq, əhalinin profilaktik müayinələri davam etdirilib.

 Müayinə olunmuş əhalinin 3,3 faizində ilkin xəstəliklər aşkar olunub, 1,47 faizi dispanser nəzarətə alınıb, 7,32 faizi sağaldılıb və 0,8 faizi hospitalizasiya olunub. 2016-cı ildə Respublika Uşaq Stomatoloji Mərkəzində aparılan təmir işləri başa çatdırılıb. Hazırda Masallı, Neftçala rayon mərkəzi xəstəxanaları kimi böyük, çoxprofilli tibb müəssisələrində, həmçinin Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda təmir-tikinti işləri başa çatdırılıb və açılışa hazırlanır. Bu il psixiatrik tibb müəssisələrinin maddi-texniki bazalarının gücləndirilməsi istiqamətində ciddi addımlar atılıb. Maştağada yerləşən 1 saylı Respublika Psixiatriya Xəstəxanasında yeni şöbələr istifadəyə verilib, Kürdəmir, Lənkəran rayonlararası ruhi-əsəb xəstəxanalarının tikintisi, o cümlədən Quba rayonlararası psixonevroloji reabilitasiya mərkəzinin təmiri yekunlaşıb.

2016-cı ildə uşaqların 81,5 faizdən çoxu müayinələrə cəlb olunub və onlardan 5,2 faizi sağlamlıq vəziyyətinə görə dispanser qeydiyyata götürülüb, 1 faizi isə ixtisaslaşdırılmış tibb müəssisələrinə hospitalizasiya olunub. Həmçinin, “Ana və uşaqların sağlamlığının qorunması üzrə Dövlət Proqramı” çərçivəsində, mütəmadi olaraq ana və uşaqlara xidmət göstərən tibb müəssisələrinin, xüsusən neonatoloji reanimasion şöbələrin maddi-texniki bazası gücləndirilib, dərman preparatları və tibbi texnika ilə təminatı yaxşılaşdırılıb.

Heydər Əliyev Fondunun prezidenti, birinci xanım Mehriban Əliyevanın təşəbbüsü ilə tikilib istifadəyə verilən Respublika Talassemiya Mərkəzində xəstələrin normal həyat fəaliyyətinin təmin olunması hesabına son 10 ildə talassemiyadan ölüm göstəricisi 5 dəfə azalıb. Hazırda 2800-dən artıq xəstə bu mərkəzdə daimi müalicə alır, irsi qan xəstəliklərinin radikal müalicə üsulu olan sümük iliyinin transplantasiyası əməliyyatı aparılır.

Ötən ilin iyun ayından nikaha daxil olan 230 minə yaxın insanın dövlət başçısının təşəbbüsü ilə qan nümunəsi müayinə olunub. Eyni zamanda, son illər strateji əhəmiyyətli məsələ kimi qan xidmətinin inkişafına xüsusi diqqət yetirilib və əhalinin donorluğa cəlb edilməsi işinin aktivləşdirilməsi nəticəsində tədarük olunan qan və onun komponentlərinin miqdarı ilbəil artırılıb. Belə ki, 2010-cu ildə 19,5 ton qan tədarük edilmişdirsə, 2016-cı ildə bu rəqəm 36 tondan çox olmuşdur.

Qeyd olunmalıdır ki, xroniki böyrək çatışmazlığından əziyyət çəkən insanların hemodializ müalicəsi də öz həllini tapıb. Fəaliyyətdə olan 39 mərkəzdə üç mindən artıq xəstə hemodializ seansları və müvafiq dərman vasitələrilə tam həcmdə pulsuz təmin olunurlar. Bu mərkəzlərdən 30-u bölgələrdə yerləşir və belə xəstələrə hazırda hemodializlə yanaşı, xəstəliyin radikal müalicə üsulu olan böyrəkköçürmə əməliyyatları da həyata keçirilir. İndi Azərbaycanda böyrək köçürülməsi əməliyyatı olunmuş 848 nəfər var və dövlət onların dərman təminatını öz üzərinə götürüb. Həmçinin 218 mindən çox şəkərli diabet xəstəsi, 4122 virus hepatitli insan dövlət hesabına dərman və özünənəzarət vasitələri ilə təmin olunur.

Vətəndaşların səhiyyə ilə bağlı müraciətlərinin təcili həlli məqsədilə yaradılmış Elektron Səhiyyə Mərkəzinə il ərzində 26 minə yaxın insan müraciət edib. Bundan əlavə, Azərbaycan Prezidentinin tapşırıq və tövsiyələrini rəhbər tutaraq səhiyyə naziri tərəfindən bu il 55 rayon və şəhərdə vətəndaşların qəbulu təşkil olunub, 234 müraciət edən hər bir vətəndaş dinlənilib və müvafiq tədbirlər görülüb.

Nazirliyin tibbi yardımın təşkili şöbəsinin müdiri G.Poladov ötən ildə görülən işlər barədə məlumat verərkən bildirib ki, son illər ərzində kadr hazırlığı sahəsində də müstəsna əhəmiyyətli tədbirlər həyata keçirilib. İl ərzində 5399 həkim və 7942 orta tibb işçisi təkmilləşdirmə kurslarında iştirak edib, 3331 həkim və 8608 orta tibb işçisi sertifikat alıb, keçirilmiş imtahanlar nəticəsində 351 həkim mərkəzləşdirilmiş qaydada işə qəbul olunub. Onlardan 171 nəfəri respublikamızın müxtəlif regionlarında işlə təmin ediliblər. 2015--2016-cı tədris ilində rezidentura təhsilini bitirən 332 həkimdən 271 nəfəri təyinatla iş yerlərinə göndərilib.

Nazirliyin göstərdiyi elektron xidmətlərin sayı 39-a çatdırılıb, il ərzində 1000-dən çox müraciət qeydə alınıb və “Vahid elektron tibb kitabxana sistemi”nin tətbiqi başa çatdırılıb.

İl ərzində beynəlxalq əlaqələr sahəsində də görülən işlər davam etdirilib. 350 mütəxəssis və müdavim Almaniya, Türkiyə, Rusiya, Belarus, İspaniya, İsrail, Yaponiya və digər ölkələrdə təşkil edilmiş kurslara göndərilib.

Azərbaycanda səhiyyənin inkişafında, habelə Ümumdünya Səhiyyə Təşkilatına qlobal və regional səviyyədə xidmətlərinə görə səhiyyə naziri, professor Oqtay Şirəliyevin təşkilatın mükafatına layiq görülməsi ötən ilin yaddaqalan hadisələrindəndir.

Ölkə başçısı İlham Əliyev tərəfindən uğurla həyata keçirilən, əhalinin yüksək rifahının təmin olunmasına yönəldilmiş siyasət nəticəsində səhiyyədə əldə edilmiş güclü tərəqqi profilaktik təbabətin inkişafına da öz bəhrəsini verib və bu da əhalinin sağlamlığının qorunmasına öz müsbət təsirini göstərib.

Yoluxucu xəstəliklərlə mübarizə işində müasir strategiyalar tətbiq olunmaqla beynəlxalq təşkilatlarla əməkdaşlıq qurulub. Nəticədə, qonşu ölkələrdə və ümumiyyətlə, regionda qeyd edilən epidemioloji gərginliyə baxmayaraq, respublikada epidemioloji sabitliyi qoruyub saxlamaq mümkün olub. Bu istiqamətdə görülən prioritet tədbirlərdən biri uşaqların immunoprofilaktikasıdır. Ölkə üzrə peyvənd planının 95-97 faiz yerinə yetirilməsi və immunlaşdırma işinin mütəmadi təkmilləşdirilməsi nəticəsində xüsusi profilaktika vasitələri ilə idarə olunan xəstəliklərin azaldılması üzrə stabil dinamika əldə edilib. Belə ki, poliomielit, difteriya, qızılca, məxmərək, göy öskürək, epidemik parotit xəstəlikləri ölkədə artıq müşahidə edilmir.

Sanitar-epidemioloji nəzarət sektorunun müdiri V.Qasımov bildirib ki, həyata keçirilmiş kompleks qabaqlayıcı tədbirlər 2016-cı ildə Avropa regionunun əksər ölkələrində, xüsusən həmsərhəd ərazilərdə ağır gedişli, yüksək ölüm faizi ilə nəticələnən A (H1N1) virusu epidemiyasının ölkəmizə keçməsinin qarşısını alıb. Ötən ilin payız-qış mövsümünün başlanması ilə əlaqədar əhali arasında qrip və kəskin respirator virus infeksiyalarına qarşı profilaktik tədbirlərin, həmçinin epidemioloji monitorinqin gücləndirilməsi istiqamətində işlər aparılıb, elektron proqramlar yaradılıb, elektron sağlamlıq kartlarına nəzarət gücləndirilib və beynəlxalq əlaqələr çərçivəsində mütəmadi görüşlər keçirilib.

Səhiyyə naziri Oqtay Şirəliyev məruzə və çıxışlarında Azərbaycan Prezidenti İlham Əliyevin səhiyyə və tibb sahəsinə böyük diqqət və qayğısını daim vurğulayır. O, qeyd edib ki, ölkədə iqtisadi böhranın hökm sürdüyü bir dövrdə səhiyyə sahəsində inkişaf sürətlə davam edib. 2016-cı il ölkə səhiyyəsinin həyatında böyük zəngin hadisələrlə yadda qalıb və gələcəkdə daha da səylə çalışmaq üçün əlverişli imkan yaranıb. 2017-ci il üçün səhiyyənin ən prioritet sahələri olan dövlət proqramları uğurla tətbiq edilib, bu proqramlar insanların həyatına əhəmiyyətli təsir göstərib. Bu gün ölkəmizdə əvvəllər əlacı olmayan bir sıra xəstəliklər müalicə edilir, mürəkkəb əməliyyatlar, o cümlədən qaraciyər transplantasiyası, süni oynaq və açıq ürək əməliyyatları aparılır. İlin əvvəlindən indiyədək 18 nəfərə qaraciyər köçürülüb, 76 xəstəyə endoprotezləşmə əməliyyatı aparılıb, 63 nəfərə böyrək köçürülüb, 42 sümük iliyi transplantasiyası icra edilib. Bölgələrdə baş tutan qəbullara gələnlərin sayı azalıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, nazir O.Şirəliyevin əmrinə əsasən, ötən ili fəaliyyətləri çərçivəsində yaddaqalan hadisələrlə başa vuran, səhiyyə və tibb elmi sahəsində xüsusi xidmətlərinə görə fərqlənmiş bir sıra tibb işçisinə “Səhiyyə əlaçısı” döş nişanı və Fəxri diplomlar təqdim edilib.

Zərifə BƏŞİRQIZI,
 “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında