Ulu öndər Heydər Əliyevin sayəsində səhiyyəmiz beynəlxalq standartlar səviyyəsinə yüksəldi

Azərbaycan xalqı uzun illərdən bəri əsarətində olduğu imperiya zəncirini qıraraq dövlət müstəqilliyini bərpa etməklə ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi həyatında yeni dövrə qədəm qoydu. Tarix dəfələrlə sübut etmişdir ki, millətin tale məsələsi olan dövlət müstəqilliyini qoruyub saxlamaq onu əldə etmək qədər çətindir.
Azərbaycan xalqının və türk dünyasının böyük oğlu, XX və XXI əsrlərin mühüm bir dövrünü əhatə edən ən yeni tariximizin yaradıcısı, müstəqilliyimizin qorunub saxlanılmasında, tarix və xalq qarşısında misilsiz xidmətlər göstərmiş müdrik şəxsiyyət Heydər Əliyev hər bir azərbaycanlının qəlbində həyat durduqca yaşayacaqdır.
Ulu öndər xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə gələndə Azərbaycan "Olum, ya ölüm" dilemması qarşısında qalmışdı. 1989-cu ildən başlayaraq, Azərbaycanda bir-birini əvəz edən rəhbərlərin idarəetmədəki təcrübəsizliyi və naşılığı ucbatından respublikamızda vəziyyət ağırlaşır, iqtisadiyyatımız tənəzzülə uğrayır, beynəlxalq əlaqələrimiz getdikcə pisləşirdi. Özbaşınalıq və anarxiya baş alıb gedirdi. Qeyri-qanuni silahlı dəstələr açıq şəkildə talançılıq və qarətçiliklə məşğul olur, ayrı-ayrı dövlət məmurlarının sifarişlərini yerinə yetirirdilər. Hakimiyyətdə olan boşluq, qətiyyətsizlik, dövlət məmurlarının prinsipiallıq nümayiş etdirməmələri, cəsarətsizliyi və qorxaqlığı yenicə qazanılmış müstəqilliyimizi uçuruma aparırdı. Ümummilli lider Heydər Əliyev bunun qarşısını cəsarətlə aldı. Xalqımızın böyük oğlu görülmüş işləri sonralar belə xarakterizə edirdi. "1994-cü ilin iyunundan başlayaraq ilk növbədə hakimiyyət boşluğu aradan qaldırıldı, respublikanın müxtəlif bölgələrində baş qaldırmış separatçı qüvvələr və parçalanma meyilləri sağlam düşüncəli vətəndaşların, xalqın böyük əksəriyyətinin fəal köməyi ilə zərərsizləşdirildi, vətəndaş müharibəsi təhlükəsinin qarşısı alındı. Ayrı-ayrı şəxslərə və siyasi qruplaşmalara xidmət edən silahlı birləşmələr ləğv edilməyə başlandı. Azərbaycan dövlətçiliyinə, müstəqilliyə, ərazi bütövlüyünə qəsdlər təşkil edən cinayətkar ünsürlər cəmiyyətdən təcrid edildi, etnik və dini mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşlarda dövlətə və Vətənə mənsubluq hissləri aşılanmağa başlandı".
Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra həyata keçirilən quruculuq işləri Azərbaycan xalqında ruh yüksəkliyi, öz gələcəyinə inam yaratdı. Zaman-zaman Azərbaycanın başı üstündə dolaşan qara buludlar dağılmağa başladı, Azərbaycan parçalanma təhlükəsindən xilas oldu. Ulu öndərin polad iradəsi, qətiyyəti, uzaqgörənliyi, zəngin idarəçilik təcrübəsi, Vətənin azadlığı və müstəqilliyi uğrunda apardığı gərgin mübarizə nəticəsində ölkədə ictimai-siyasi sabitlik, əmin-amanlıq bərqərar oldu, demokratik-hüquqi dövlət quruculuğunda böyük nailiyyətlər əldə edildi.
Bütün sahələrdə olduğu kimi, səhiyyə sahəsində də ciddi problemlər yaranmışdı. 1993-cü ilin ikinci yarısına qədər hakimiyyətdə olanları əhalinin sağlamlığının qorunmasından daha çox şəxsi mənafeləri maraqlandırırdı. Səhiyyə ocaqları dağıdılır, sovet dövründən qalmış tibb avadanlıqları talan edilir, yoluxucu xəstəliklər baş alıb gedirdi. Türk dünyasının lideri Heydər Əliyev 1969-1982-ci illərdə respublikamıza rəhbərlik edərkən, eləcə də 1982-1987-ci illərdə SSRİ-nin rəhbərlərindən biri olarkən Azərbaycanda səhiyyənin əsaslı bünövrəsini qoymuş, onun misilsiz yüksəlişini, tərəqqisini təmin etmiş, poliklinika və xəstəxanaların müasir avadanlıqlarla təchizatına nail olmuşdu. Ulu öndər 1993-cü ildə yenidən hakimiyyətə qayıtdıq sonra da bu sahədə çox böyük işlər gördü.
Xalqımızın böyük oğlu Heydər Əliyevin səhiyyə sahəsindəki fəaliyyətində insanların sağlamlığının yüksək səviyyədə qorunması və uşaqlar arasında yoluxucu xəstəliklərin qarşısının alınması prioritet məsələ idi. Qüdrətli şəxsiyyət uşaqları böyük məhəbbətlə sevirdi və deyirdi ki, onlar bizim gələcəyimizdir. Uşaqların sağlam böyümələri, Vətənə layiqli övlad olmaları üçün bütün imkanlardan istifadə edilməlidir. Ümummilli lider səhiyyə sistemində çalışanların yüksək ixtisas sahibi olmalarına xüsusi əhəmiyyət verirdi. O deyirdi ki, insanların sağlamlığı ilə məşğul olan şəxslərin səhv etməyə haqları yoxdur. Onların kiçik bir səhvi kimlərinsə həyatına son qoya bilər. Sağlamlığın keşiyində duran şəxslərin yol verdikləri kobud bir səhv cinayətə bərabər tutulmalıdır. O, Azərbaycan Dövlət Tibb İnstitutunun (indi Universitetin) professor-müəllim heyəti və tələbələri ilə keçirdiyi görüşündə demişdir: "Sizin zay məhsul - biliksiz həkim buraxmağınız ağır nəticələr verir. Cəmiyyət qarşısında məsuliyyət hər birinizdən tələb edir ki, son dərəcə səmərəli işləyəsiniz ki, hər bir məzununuz yüksək dərəcəli mütəxəssis olsun". Ulu öndərin bu fikri təkcə dünən üçün yox, elə bu gün və sabah üçün də qiymətlidir. Ona görə də tibbi kadrların hazırlığı vaxtında beynəlxalq standartlara uyğun qurulmalıdır ki, xalqımız gələcəkdə yol ayrıcında qalmasın.
Ümummilli lider Heydər Əliyevin göstərişinə uyğun olaraq ölkə səhiyyəsinin mövcud potensialından maksimum səmərə ilə istifadə etməklə əhalinin sağlamlığının qorunması işini yaxşılaşdırmaq məqsədilə səhiyyədə geniş islahatlar proqramı işlənib hazırlandı və böyük uğurla həyata keçirilməyə başlandı.Heydər Əliyevin "Azərbaycan Respublikasında səhiyyə sahəsində islahatlar üzrə Dövlət Komissiyasının yaradılması barədə" 13 mart 1998-ci il tarixli sərəncamı bu işlərin daha geniş miqyasda və sürətlə aparılması üçün şərait yaratdı. Səhiyyə orqanlarının idarəetmə aparatlarında bir-birini təkrarlayan struktur bölmələri ixtisar edildi, müalicə-profilaktika müəssisələri tərəfindən əhaliyə göstərilən xidmət genişləndirildi, özəl, qismən, tam təsərrüfat prinsipi ilə fəaliyyət göstərən tibb müəssisələri yaradıldı. Əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması, səhiyyə müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi aparılan islahatların əsasını təşkil edirdi.
Ulu öndərin tövsiyələrinə uyğun olaraq Azərbaycanda müasir müayinə və müalicə üsulları tətbiq edildi. Müasir standartlara cavab verən özəl tibb müəssisələrinin və ulu öndərin bilavasitə iştirakı ilə MDB çərçivəsində ən qabaqcıl yer tutan Mərkəzi Klinik Xəstəxananın istifadəyə verilməsi Azərbaycanda o vaxta qədər müalicəsi mümkün olmayan bir sıra xəstəliklərin diaqnostikası və müalicəsi ilə məşğul olmağa imkan yaratdı. Bununla yanaşı, ən müasir səviyyədə elmi-tədqiqat işlərinin aparılmasına və həkimlərin ixtisasartırma kursu keçmələrinə şərait yaradıldı.
Həkimlərin qabaqcıl təcrübəyə yiyələnmələri və səhiyyə sistemindəki son yeniliklərlə tanış olmaları üçün Azərbaycanda elmi-praktik konfranslar, beynəlxalq əhəmiyyətli tədbirlər səhiyyəmizin müasir tibb elminin nailiyyətlərini nəzərə alınmaqla beynəlxalq aləmə inteqrasiya etməsinə imkan yaratdı. Ümummilli liderin rəhbərliyi altında müstəqil Azərbaycan səhiyyəsində həyata keçirilən islahatlar nəticəsində əhaliyə göstərilən tibbi xidmətin kökündən yaxşılaşdırılması, səhiyyə müəssisələrinin maddi texniki bazasının möhkəmləndirilməsi, kadrların ixtisaslarının artırılması, tibb müəssisələrində yenidənqurma işlərinin aparılması, Avropa və dünya standartlarına uyğun tibb müəssisələrinin əhalinin istifadəsinə verilməsi qarşıya qoyulan vəzifələrin uğurla həyata keçirilməsinin məntiqi nəticəsi idi.
Ulu öndərin qarşıya qoyduğu vəzifələr bü gün onun layiqli yetirməsi möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən yerinə yetirilir. Möhtərəm Prezidentimizin göstərişi ilə şəhər və rayonlarda beynəlxalq standartlara cavab verən, ən müasir tibbi avadanlıqlarla təchiz olunmuş diaqnostika mərkəzləri tikilib istifadəyə verilmişdir. Dövlət müəssisələrində əhaliyə göstərilən pullu tibbi xidmətlər ləğv edilmişdir. Səhiyyə ocaqlarında, elə mənim çalışdığım rayon mərkəzi xəstəxanasında da əsaslı təmir və yenidənqurma işlərinin aparılması, səhiyyə xidmətlərinin daha da yaxşılaşdırılması məqsədi ilə Prezidentin Ehtiyat Fondundan xeyli vəsait ayrılmışdır. Bütün bunlar möhtərəm Prezident İlham Əliyevin insanların sağlamlığının yüksək səviyyədə qorunmasını daim diqqət mərkəzində saxladığını göstərir.

{nl}

Əhədağa SOLTANOV, Saatlı Rayon Mərkəzi Xəstəxanasının şöbə müdiri, ali kateqoriyalı cərrah

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında