Bakıda hemofiliyalı xəstələrin multidistiplinar müalicəsinin təşkilinə dair simpozium keçirilib

Bakıdakı “Hyatt Regency” hotelində hemofiliyalı xəstələrin multidistiplinar müalicəsinin təşkilinə dair simpozium keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə reallaşan “Maarifləndirmə və profilaktik təbirlərlə hemofiliyalı xəstələr üçün stomatoloji xidmətin təkmilləşdirilməsi” layihəsi çərçivəsində keçirilən simpoziumda yerli mütəxəssislərlə yanaşı, Rusiyadan dəvət olunmuş həkimlər də iştirak edirlər.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun hematologiya kafedrasının rəhbəri, dosent Elmira Qədimova hemofiliya xəstəliyi üzrə Tədbirlər Proqramının həyata keçirilməsində Elmi–Tədqiqat Hemofiliya Mərkəzinin apardığı işlər barədə simpozium iştirakçılarına ətraflı məlumat verib. Bildirilib ki, hemofiliya bütün dünyada, o cümlədən Azərbaycanda geniş yayılmış irsi qan xəstəliyidir. Hemofiliyalı xəstələr mütəmadi olaraq laxtalanma faktorları qəbul etmədikdə dəfələrlə baş verən şiddətli qanaxmalar, oynaqlara və yumşaq toxumalara qansızmalar onların uşaq və gənc yaşlarında şikəstliyinə, bəzi hallarda isə ölümünə səbəb olur.

Səhiyyə Nazirliyinin baş hematoloqu Çingiz Əsədov bildirib ki, bu gün dünyada 400 min hemofiliyalı xəstə var. Azərbaycan da bu problemdən kənarda qalmayıb. Hazırda 1500 nəfərdən çox xəstə dispanser qeydiyyatındadır. Hemofiliyalı xəstələrin müalicəsi ilə Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun hematologiya kafedrası və akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasının hematologiya şöbəsinin əməkdaşları məşğul olurlar. Qeyd edib ki, ölkə rəhbərliyinin təşəbbüsü ilə hemofiliyalı xəstələrin problemlərinin həll edilməsi üçün ardıcıl tədbirlər həyata keçirir. Belə ki, belə xəstələr üçün ən vacib müalicə vasitəsi olan VIII/IX faktor preparatları ölkəyə gətirilir.

Baş hematoloq diqqətə çatdırıb ki, Azərbaycanda hər il 50-60 nəfərdən çox hemofiliyalı xəstə üzərində müxtəlif cərrahiyyə əməliyyatları həyata keçirilir. 2005-ci ildə Azərbaycanda Hemofiliyaya dair Dövlət Proqramı qəbul edilib. Hemofiliyalı xəstələrin müalicəsi bahalı olsa da, dövlət tərəfindən onların bütün ehtiyacları ödənilir.

Hemofiliya Xəstələrin Respublika Assosiasiyasının sədri Gülnarə Hüseynova bildirib ki, son illər stasionar şəraitdə müalicə olunan xəstələrin sayı azalıb. Evdə və ambulator şəraitdə müalicələrin sayı artır ki, bu da yaxşı göstəricidir.

Rusiyanın Hematoloji Elmi Mərkəzinin koaqulopatiyalar üzrə elmi-konsultativ şöbənin müdiri Nadejda Zozulya ağır hemofili və digər qanda laxtalanma patologiyası olan xəstələrin yeni müalicə metodları haqqında məruzə ilə çıxış edib. Bildirib ki, hemofiliya – qanın laxtalanma xüsusiyyətinin pozulması ilə xarakterizə olunan irsi xəstəlik. Xəstəlik zamanı oynaqlara, əzələlərə və daxili orqanlara öz-özünə zədə və ya qanaxma baş verir. Qeyd edib ki, adətən xəstəlikdən kişilər əziyyət çəkirlər, qadınlar isə hemofiliyanın daşıyıcısı kimi çıxış edirlər və xəstəliyə tutulmurlar. Lakin onlar xəstə oğlan uşaqları və ya daşıyıcı qız uşaqları dünyaya gətirə bilərlər.

Tədbirdə hemofiliyadan əziyyət çəkən insanların müalicəsi üçün son illər Azərbaycanda görülən işlərdən də danışılıb. Hemofiliyalı xəstələri müalicə edən çoxprofilli həkimlərin iştirakı ilə keçən simpoziumda hazırda hemofiliyanın bir sıra problemlərinin həllinə dair mövzular müzakirə olunub.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında