Beynəlxalq qurumlar Azərbaycan səhiyyəsinin uğurlarını təsdiqləyir

İnsanların sağlamlığının qorunması, gələcək nəslin sağlam böyüməsi ölkə başçısının daim diqqət mərkəzindədir və bu məsələ 2016-cı ildə də dövlət siyasətinin prioritet istiqamətlərindən biri olub.

Hazırda maliyyə böhranı ilə bağlı əksər ölkələr sosial sahələr hesabına büdcə xərclərini azaltsalar da, Azərbaycanda, əksinə, bu sahəyə diqqət artırılıb və 2016-cı ildə səhiyyənin inkişafina, maddi-texniki bazasının gücləndirilməsinə əlavə olaraq 83 milyon manat ayrılıb. Bununla bağlı Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ölkə başçısı demişdir: "Dövlət büdcəmizdə bütün sosial proqramlar öz əksini tapmalıdır. Ümumiyyətlə, gəlirlərimizin azaldılmasına baxmayaraq, biz sosial sahədə tam vəsaiti təmin edirik. Heç bir sosial təşəbbüs və layihə ixtisar olunmadı. 2017-ci ildə də büdcəmiz sosialyönümlü olmalıdır və əlbəttə ki, investisiyalar üçün də kifayət qədər vəsait nəzərdə tutulmalıdır".

Səhiyyə Nazirliyindən bildirirlər ki, hazırda həm paytaxtda, həm də ölkənin müxtəlif bölgələrində 33 səhiyyə obyekti inşa olunub, təmir edilib, 28 tibb müəssisəsində isə təmir-tikinti işləri davam edir. Ənənəvi olaraq, bu il əsaslı təmir və tikintidən sonra əhalinin istifadəsinə verilən Gəncədəki 1 saylı Şəhər Xəstəxanasının, Ağsu və Biləsuvar mərkəzi rayon xəstəxanalarının açılışında dövlətimizin başçısı şəxsən iştirak edib. Hazırda daha 8 rayon mərkəzi xəstəxanasının tikintisi davam etdirilir. Onlardan üçünün-- Neftçala, Masallı, Zərdab xəstəxanalarının bu ilin sonunadək istifadəyə verilməsi planlaşdırılır.

On il əvvəl, dövlət başçımız insanların hər hansı xəstəliyə görə  müayinə və əməliyyat üçün paytaxta gəlmək məcburiyyətindən xilas olmaları üçün yol göstərmiş, tapşırıq vermişdi. Artıq Azərbaycanın hər bir bölgəsində, hər bir rayonunda əhali müasir xəstəxanalarda, müalicə-diaqnostika mərkəzlərində keyfiyyətli tibbi yardım ala bilir. Vaxtilə ölkəmizdəki yeganə Dövlət Hemodializ Mərkəzində cəmi 431 xəstə müalicə alır, 800 nəfər xəstə növbə gözləyirdi. Bu gün həmin növbələr ləğv olunub. 27-si bölgələrdə olmaqla, 34 dövlət hemodializ mərkəzində 3112 xəstə dövlət hesabına müalicə olunur. Mərkəzlərdən üçü məhz bu il istifadəyə verilib, daha biri ilin sonunadək açılacaq.

Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə başlanan "Talassemiyasız həyat naminə" proqramı çərçivəsində inşa edilən Respublika Talassemiya Mərkəzində bu xəstəlikdən əziyyət çəkənlər yüksək səviyyədə müayinə olunur və müalicə alırlar. Mərkəzdə dispanser qeydiyyatında 2729 xəstə var ki, onlar da müvafiq qaydada dövlət hesabına müalicələrini davam etdirir, lazımi dərman və qan preparatları ilə təmin edilirlər.

Qlobal xəstəliklər sırasında yer alan talassemiya (irsi qan azlığı) xəstəliyindən əziyyət çəkənlər daim dövlətimizin diqqəti və qayğısı ilə əhatə olunub. "2016--2020-cı illər üçün talassemiya xəstəliyinin müalicə və profilaktikası üzrə Tədbirlər Planı"nda müalicə tədbirləri ilə yanaşı, əsas diqqət talassemiyanın profilaktikası və əhalinin bu istiqamətdə maarifləndirilməsi, həmçinin perinatal diaqnostika müayinə üsulu ilə dölün sağlamlığının yoxlanılmasına istiqamətlənmişdir. Talassemiya Mərkəzində, həmçinin ilik transplantasiyası da aparılır. İndiyədək 35 uşağa sümük iliyi köçürülüb və ilin sonunadək daha 15 nəfərin əməliyyat olunması planlaşdırılır. Bu mürəkkəb müalicə üsulu böyük investisiyalar, xüsusi şərait, yüksək ixtisaslı mütəxəssislər tələb edir. Mərkəzdə ilkin olaraq ilik transplantasiyası xarici mütəxəssislərin köməyi ilə edilirdisə, artıq yerli həkimlərimiz bu işin öhdəsindən məharətlə gəlirlər. Əlamətdar haldır ki, cari ilin aprel ayında Talassemiya Mərkəzi Beynəlxalq Transplantasiya Təşkilatına üzv seçilib və Azərbaycan sümük iliyi transplantasiyası əməliyyatları edən az sayda ölkələr siyahısına daxil olub.

Gələcək nəsildə irsi qan xəstəliklərinin qarşısını almaq məqsədilə nikaha daxil olanların tibbi müayinəsi də böyük əhəmiyyət daşıyır. Bu ilin 9 ayı ərzində müayinədən keçən 113 min nəfərin 3587-də talassemiya daşıyıcısı aşkarlanıb. Qeyd etmək lazımdır ki, tibb müəssisələri ilə yanaşı, həmin müayinələrin böyük bir qismi insanların rahatlığı üçün "ASAN xidmət" mərkəzlərində həyata keçirilib. Bu müayinələr xəstəliklərin vaxtında aşkarlanmasından başqa, həm də insanların düşünülmüş qərar qəbul etməsinə imkan yaradır. Əlbəttə ki, ən vacibi irsi qan xəstəliklərinin yayılmasının qarşısının alınması, sağlam körpələrin doğulmasıdır. Hazırda Azərbaycanda vaxtından xeyli tez, ekstremal az çəki ilə doğulan körpələrin də xilası istiqamətində ciddi işlər görülür.

Bütün dünyada geniş yayılmış şəkərli diabet xəstəliyi üzrə ölkəmizdə bir neçə il əvvəl 55 min xəstə dövlət hesabına dərman vasitələri ilə təmin olunurdu. Bu gün bu rəqəm 213 minə çatıb. Xəstəliyin vaxtında aşkarlanması, dövlətin onun müalicəsini tam öz üzərinə götürməsi nəticəsində, diabetin ağır formaları, fəsadları dəfələrlə azalıb. Nəticədə, şəkərli diabetdən ölüm göstəricisi 15,8-dən 8,2-yə düşüb. Qeyd etmək lazımdır ki, təkcə şəkərli diabet xəstələri deyil, böyük maliyyə vəsaiti tələb edən hemofiliya, dağınıq skleroz, onkoloji və digər xəstələrin dərman təminatı da dövlətin nəzarətindədir.

Bu il region ölkələrində epidemioloji gərginlik olmasına baxmayaraq, Azərbaycanda bu sahədə vəziyyət sabitdir. Belə ki, qış aylarında qonşu ölkələrdə H1N1 virusu epidemiyası nəticəsində yüzlərlə ölüm hadisəsi qeydə alınmasına baxmayaraq, Azərbaycanın həmin ölkələrlə nəqliyyat əlaqələri kəsilməsə də, gömrük və sərhəd xidmətləri ilə birgə görülən xüsusi tədbirlər, ciddi nəzarət sayəsində epidemiya ölkəmizə keçməyib.

Digər yoluxucu xəstəliklərlə bağlı da tam sabitlik qeydə alınıb. Əgər bir müddət əvvəl il ərzində Azərbaycanda on minlərlə qızılca, məxmərək, epidemik parotit hadisəsi baş verirdisə, bu gün həmin xəstəliklər ləğv edilib və ya eliminasiya səviyyəsinə çatdırılıb. Ümumdünya Səhiyyə Təşkilatının Avropa regional bürosu ölkəmizin bu nailiyyətini yüksək qiymətləndirib, bu münasibətlə ünvanladığı müraciətdə səhiyyəyə ayırdığı diqqət və qayğıya görə Azərbaycan rəhbərliyinə minnətdarlığını bildirib.

Qeyd edək ki, əhalinin elliklə tibbi müayinələrdən keçməsi son illər artıq ənənəyə çevrilib. Bu il səhiyyə müəssisələrində ölkənin bütün şəhər və rayonları üzrə 5 milyon 373 min nəfər tam müayinə olunub. Müxtəlif xəstəlikləri aşkarlanan 650 mindən çox insan ambulator, 42 min 800 nəfər stasionar müalicəyə cəlb edilib.

Vaxtilə ölkəmizdə əlçatmaz olan müasir diaqnostik tədqiqatlar, mürəkkəb kardiocərrahiyyə, invaziv, transplantasiya, süni oynaq əməliyyatları indi rezidentura pilləsinin tətbiqi, həkimlərin sertifikasiyası, mütəxəssislərin tanınmış xarici klinikalarda hazırlıq keçməsi və digər tədbirlər nəticəsində yetişən yerli mütəxəssislər tərəfindən aparılır.

Azərbaycan səhiyyəsi bu gün tibb xidmətini beynəlxalq standartlara uyğun təşkil etmək iqtidarındadır. Ölkəmizdə bu ilin ən mühüm idman hadisəsi -- altı yüz minə yaxın tamaşaçısı olan "Formula-1" yarışlarının hazırlıq mərhələsində təşkilatçılar tibb xidmətinin təşkili ilə bağlı müasir tibb infrastrukturunun olmasını tələb edən şərtlər qoymuşdular. Yalnız tibb müəssisələrinin təchizatını, personalın səviyyəsini, tibbi yardımın səviyyəsini öyrənəndən sonra yarışda tibb xidmətinin təşkilini Azərbaycana həvalə etdilər.

Azərbaycanda səhiyyənin tərəqqisindən danışarkən onu da qeyd etmək lazımdır ki, ölkə üzrə dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi prosesi aparılır. Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin (AEM) "Dərmanların keyfiyyətinin yoxlanılması laboratoriyası"na Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Dövlət Akkreditasiya Xidməti tərəfindən laboratoriyanın dərman vasitələrinin sınağının həyata keçirilməsi üçün Akkreditasiya attestatı verilib. Dövlət başçımız İlham Əliyevin tapşırığına əsasən dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi prosesi davam etdirilir.

Səhiyyəmizin son illərdə tərəqqisini müxtəlif beynəlxalq qurumların təsdiqləməsi də danılmaz faktdır. Böyük Britaniyanın tanınmış "The Legatum Institute" Tədqiqat Mərkəzi 142 ölkənin monitorinqi nəticəsində son iki ildə Azərbaycan səhiyyəsini 91-ci pillədən 68-ci pilləyə qaldırıb. Bu il ölkəmizin iki tibb müəssisəsi dünyanın ən nüfuzlu JCI (Joint Commission International) beynəlxalq standartlaşdırma təşkilatı tərəfindən akkreditasiyadan keçib. Ölkəmizə xarici qonaqlar və turistlərin axınını nəzərə alsaq, deyə bilərik ki, JCI sertifikatlı səhiyyə müəssisələrinin olması beynəlxalq sığorta şirkətləri üçün çox vacib amildir.

Zərifə BƏŞİRQIZI,
 "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında