Tibb Universiteti ilə Türkiyənin Memorial Xəstəxanalar Qrupu arasında əməkdaşlıq genişləndiriləcək

Azərbaycan Tibb Universiteti (ATU) Türkiyənin Memorial Xəstəxanalar Qrupu ilə əməkdaşlığı genişləndirmək niyyətindədir.

Universitetin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, yaxın gələcəkdə iki müəssisə arasında birgə tədbirlər, əməliyyatlar, seminar və elmi konfranslar keçirilməsi planlaşdırılır. Memorial Xəstəxanalar Qrupunun baş direktoru Uğur Gençin ATU-nun rektoru, professor Gəray Gəraybəyli ilə görüşü zamanı bununla bağlı ilkin razılıq əldə olunub.

Görüşdə Gəray Gəraybəyli ATU ilə Memorial Xəstəxanalar Qrupu arasında uzun illərdən bəri əməkdaşlığın mövcud olduğunu vurğulayaraq deyib: “İndiyədək bir çox sahələrdə birgə tədbirlər təşkil olunub. Lakin bu tədbirlər tibbin əsas istiqamətləri - ginekologiya, endokrinologiya, cərrahiyyə ilə bağlı olub. Biz digər önəmli sahələr - pediatriya, oftalmologiya, psixiatriya, nevrologiyaya da diqqət ayırmaq istərdik”.

Rektorun sözlərinə görə, indiyədək azərbaycanlı gənc həkimlərin Türkiyədə təcrübə keçməsi ilə bağlı problem olmayıb. Həmçinin rezidentura pilləsində çalışan həkimlər də qardaş ölkədə praktikada ola bilirlər: “Biz İstanbul Universiteti müəllimlərinin ATU-dakı tədris prosesinə cəlb olunması arzusundayıq. Tələbələrin də biliklərinin artırılması üçün xüsusi dərslərin keçirilməsi, əməliyyatların canlı yayımla nümayiş olunmasını təşkil etmək istərdik. Simulyasiya otaqlarımızda praktiki vərdişlərin tədrisi ilə bağlı qısamüddətli kursların təşkili tələbələrimizin bacarıqlarının artırılması üçün böyük töhfə olardı”, - deyə G.Gəraybəyli bildirib.

Uğur Genç isə Türkiyə səhiyyəsində invaziv cərrahiyyə, qaraciyər nəqli, radiologiya, süni mayalanma və digər sahələr üzrə əldə olunan nailiyyətlərdən danışıb. O, bu təcrübəni Azərbaycanla paylaşmaq niyyətində olduqlarını bildirib: “Türkiyənin müxtəlif yerlərində 10 xəstəxanamız var, bu müəssisələrdə 1000-dən çox yüksək səviyyəli peşəkar həkimlərimiz işləyir. Hesab edirik ki, bilik və təcrübə paylaşılanda daha dəyərli olur. Bu baxımdan biliklərimizi Azərbaycanla paylaşmağa hər zaman hazırıq”.

Görüşdə qeyd olunub ki, Memorial Xəstəxanalar Qrupuna daxil tibb müəssisələrində hər il yüzlərlə qaraciyər nəqli əməliyyatı həyata keçirilir və onların 92 faizi uğurla nəticələnir. Bu klinikalarda ildə 125 min xəstə olur, 60 min əməliyyat aparılır. Yaxın vaxtlarda İstanbulda bu şəbəkəyə daxil olan yeni xəstəxana açılacaq.

Söhbət zamanı əməkdaşlıq perspektivləri müzakirə olunub. Türkiyəli həkimlərin ATU-da qısamüddətli kurs keçməsi, eləcə də onların keçirdiyi nadir əməliyyatların bu təhsil ocağının tələbələri üçün canlı yayımlanması barədə razılıq əldə edilib.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında