Azərbaycanda ürək cərrahiyyəsi böyük uğurlar qazanıb

Mərkəzi Klinik Xəstəxananın baş həkimi Kamran Musayev: "Bu gün ölkəmizdə ürək xəstəliklərinin diaqnostika və müalicəsi dünya standartları səviyyəsində aparılır"

{nl}

Son illərdə Azərbaycanın müasir səhiyyəsində, demək olar ki, yeni cığır açanlardan biri kimi tanınan həkim Kamran Kazım oğlu Musayevi, zənnimizcə, xüsusi təqdim etməyə ehtiyac yoxdur. Onu həmkarları, eləcə də indiyədək müalicə edərək ikinci həyat verdiyi minlərlə pasiyenti yüksək təhsilli və təcrübəli ürək cərrahı kimi tanıyır və sevirlər. Kamran həkim bu gün Azərbaycanda sadəcə olaraq ürək cərrahı kimi deyil, həm də bu ağır və məsuliyyətli sahəni Türkiyədən Azərbaycana gətirərək praktik cəhətdən tətbiq edən ilk həkim kimi tanınır. Ona görə də biz onun həyat bioqrafiyasının yalnız müəyyən detallarını xatırlatmaqla kifayətlənəcəyik.
Cərrah Kamran Musayev 1990-cı ildə Bakıdakı 5 saylı kimya-biologiya təmayüllü məktəbi qızıl medalla bitirib və cəmi bir imtahan verərək Azərbaycan Dövlət Tibb İnstitutunun (indiki Tibb Universiteti) müalicə-profilaktika fakültəsinə daxil olub. İki il burada təhsil aldıqdan sonra 1992-ci ildə istedadlı tələbələr sırasında universitet rəhbərliyi tərəfindən qardaş Türkiyədəki İstanbul Universitetinin tibb fakültəsinə göndərilib. 1996-cı ildə həmin ali məktəbi uğurla başa vurub. Elə həmin ildən də İstanbul Universitetinin Cərrah Paşa tibb fakültəsində illərdən bəri xəyalı ilə yaşadığı ürək-damar cərrahiyyəsi üzrə rezidenturaya başlayıb. 2002-ci ilə qədər burada çalışaraq həm ürək-damar cərrahiyyəsi üzrə rezidenturanı tamamlayıb, həm İstanbulun aparıcı klinikalarında ürək-damar cərrahı işləyib, həm də müdafiə işini yekunlaşdırıb. Həmin ildən Bakıdakı Mərkəzi Klinik Xəstəxanada (keçmişdə müalicə komissiyası ("leçkomissiya") kimi tanınan tibb müəssisəsi) şöbə müdiri, 2006-ci ildən icraçı direktorun müavini işləyib. 2009-cu ildən isə Mərkəzi Klinik Xəstəxananın baş həkimi vəzifəsində çalışır. Tibb elmləri namizədidir.
Kamran həkimlə bu günlərdəki söhbətimiz zamanı bildirdi ki, müstəqillik qazandıqdan sonra Azərbaycanda ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə səhiyyə sahəsində genişmiqyaslı islahatlar aparılıb, müasir səhiyyə anlayışının ən mühüm nailiyyətləri ölkədə tətbiq olunmağa başlayıb. 2000-ci illərin əvvəllərindən başlayaraq Mərkəzi Klinik Xəstəxana Azərbaycanda məhz müasir səhiyyənin ilk qaranquşu kimi fəaliyyətini yenidən qurmaqda idi. Belə bir vaxtda həmin xəstəxananın ən müasir təhsil görmüş və təcrübəyə yiyələnmiş kadrlarla təminatı məsələsi də gündəlikdə dayanırdı. Türkiyədə müasir təhsil və təcrübə sahibi kimi formalaşmış, ürək-damar cərrahı kimi məşhurlaşmaqda olan Kamran Musayev də Bakıya, Mərkəzi Klinik Xəstəxanaya dəvət edilir və ürək-damar cərrahiyyəsi şöbəsinin müdiri vəzifəsinə təyin olunur.
"Sirr deyil ki, o illərdə Azərbaycanda, xüsusilə, ürək xəstəliklərinin diaqnostikası və müalicəsi sahəsində çox ciddi problemlər vardı. Əslində ürək-damar xəstələrinin böyük əksəriyyəti müalicə üçün xarici ölkələrə gedirdi. Azərbaycanda bu cür xəstəliklərin müalicəsi və diaqnostikasını aparmaq üçün nə texniki avadanlıqlarımız, nə müasir xəstəxanalarımız, nə də milli kadrlarımız vardı. Bax, Mərkəzi Klinik Xəstəxana məhz belə bir vaxtda, məhz ümummilli liderimiz Heydər Əliyevin uzaqgörən səhiyyə siyasəti nəticəsində 2001-ci ildə açıldı. Bu, Azərbaycanda müasir səhiyyə anlayışının həyatda tətbiqini tapmış ilk nümunəsi, ilk əməli-praktiki addım idi. Artıq bu xəstəxanada həm ən müasir, günümüzün tələblərinə cavab verən tibbi avadanlıqlar toplanmış, həm də xarici ölkələrdə təhsil almış gənc milli kadrlar cəlb olunmuşdu. Mən də belə bir vaxtda, ümummilli liderimizin qayğı və diqqəti sayəsində doğma Vətənə qayıdıb cərrah kimi fəaliyyətə başlamışam", - deyə Kamran həkim bildirdi.
Onun dediyinə görə, elə həmin vaxtdan etibarən də Azərbaycanda ürək xəstəliklərinin diaqnostikası və müalicəsinin yüksək səviyyədə təşkilinə başlanılıb. Və şübhəsiz ki, bu məsələdə Kamran həkimin də müstəsna xidmətləri olub. "Bu gün, aradan 9-10 il keçəndən sonra bir azərbaycanlı kimi fəxrlə deyə bilərəm ki, artıq Azərbaycanda, Mərkəzi Klinik Xəstəxanada ürək xəstəliklərinin həm diaqnostikası, həm də müalicəsi dünya standartları səviyyəsində aparılır. Təxminən 8-10 il əvvəlki xaricə axının artıq üzünü çevirərək Azərbaycanın özünə dönməsi bunu təsdiq edir. Artıq Azərbaycan vətəndaşları ürək problemləri ilə əlaqədar xaricə üz tutmurlar. Əksinə, bir çox xarici ölkə vətəndaşları ürək xəstəliklərinin diaqnostika və müalicəsi ilə bağlı Azərbaycana gəlirlər. Artıq Azərbaycanda yaşayan və işləyən xarici ölkə vətəndaşları da heç bir tərəddüdsüz ürəklərini bizə əmanət edirlər. Keçmiş sovet ölkələrindən bizə müraciət edən xəstələrin sayı da ilbəil artmaqdadır", - baş həkim qeyd etdi.
Kamran Musayevin sözlərinə görə, Mərkəzi Klinik Xəstəxana fəaliyyət göstərdiyi 10 illik müddətdə Azərbaycan səhiyyəsində müasir səhiyyənin əsasını qoyub, ilk cığır açıb. Xəstəxananın bu sahədə əldə etdiyi uğurlu nəticələrindən sonra Bakıda, eləcə də Azərbaycanın digər guşələrində müasir səhiyyə ocaqları açılaraq fəaliyyətə başlayıb.
Ürək cərrahiyyəsinin özəllikləri haqqında danışan baş həkim bildirdi ki, yalnız bu sahəni ürəkdən sevməklə yaxşı ürək cərrahı olmaq mümkündür. Kamran həkim isə lap uşaq yaşlarından cərrah olmaq arzusu ilə yaşayıb. Bakıda və İstanbulda ali təhsil aldığı illərdə də inadla bu arzusunun reallaşması uğrunda çalışıb, təcrübəli müəllimlərindən və ürək cərrahlığının mahir bilicisi olan türkiyəli həkimlərdən mümkün qədər çox şeylər öyrənməyə can atıb. "Bizim şansımız ondan ibarət oldu ki, təhsil illərimiz Azərbaycanın müstəqillik qazandığı və Türkiyə ilə müəyyən müqavilələrin əldə olunduğu dövrə təsadüf etdi və ali təhsil almaq üçün dövlətimiz tərəfindən bu ölkəyə göndərildik. İstanbul Universiteti kimi 500 illik tarixi olan bir ali təhsil ocağında təhsil aldıq. Orada seçdiyimiz ixtisasa yüksək səviyyədə yiyələndik. Qeyd etməliyəm ki, Türkiyənin ən məşhur cərrahları və müəllimlərinin böyük əksəriyyəti İstanbul şəhərində cəmləşib. Biz də gənc cərrahlar olaraq onlardan dərs aldıq, onlarla yanaşı çalışdıq. Və bu gün qazandığımız bilikləri öz ölkəmizdə tətbiq edirik. Hazırda məqsədimiz budur ki, ürək-damar cərrahiyyəsi işini Azərbaycanda da İstanbuldakı səviyyədə quraq. Son 9-10 ilin təcrübəsi göstərir ki, bu iş Mərkəzi Klinik Xəstəxana başda olmaqla Azərbaycandakı bir çox xəstəxanalarda uğurla qurulub. Bir azərbaycanlı kimi, bu, məni çox sevindirir".
Kamran Musayevin dediyinə görə, ölkəmizdə ürək-damar cərrahiyyəsini daha geniş şəkildə tətbiq etmək üçün bu sahənin mütəxəssisləri 2004-cü ildə Azərbaycan Ürək-Damar Cərrahiyyəsi Cəmiyyətini yaradıb. Hazırda cəmiyyətə Kamran həkim rəhbərlik edir. Cəmiyyətin yaradılmasında əsas məqsəd ürək-damar cərrahiyyəsinin Azərbaycanda kifayət qədər inkişaf etdiyini ictimaiyyət arasında təbliğ etmək, həkimləri bu sahə ilə bağlı ən müasir səviyyədə tanış etmək, xalqımızı tibbi cəhətdən daha yaxşı maarifləndirməkdir. Təşkilat artıq bu məqsədlərin reallaşdırılması üçün bir neçə konqres keçirib. Sonuncu belə beynəlxalq konqres 2009-cu ilin mayında Bakıda keçirilib və ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunub. Tədbirdə dünyanın 16 ölkəsindən nümayəndələr iştirak edib. Bu ilin sentyabrında da Dünya Ürək Gününə həsr olunmuş bir həftəlik silsilə tədbirlər keçirilib. Tibb Universitetində və müxtəlif səhiyyə ocaqlarında seminarlar təşkil edilib, kimsəsiz uşaq evləri ziyarət edilib, uşaqlar ödənişsiz müayinədən keçirilib, alış-veriş mərkəzlərində insanların tibbi maarifləndirilməsi üçün broşürlər, bukletlər paylanıb, vətəndaşların müxtəlif xəstəliklərlə bağlı tibbi müayinəsi həyata keçirilib. Sentyabrın 26-da isə tədbirlər "Mən ürəklə işləyirəm" adlı beynəlxalq elmi konfransla başa çatıb. Tədbirdə respublikanın bütün kardioloqları və kardiocərrahları, xarici ölkələrdən dəvət olunmuş nümayəndələr iştirak ediblər.
Kamran Musayev bildirdi ki, ürək insanın ən həyati əhəmiyyətli orqanıdır. "Ürək çalışırsa, demək, biz yaşayırıq. Ürək fəaliyyətini dayandırdısa, demək, həyat bitdi. Ona görə də bu orqan üzərində cərrahi əməliyyatlar aparmaq hər şeydən əvvəl çox böyük məsuliyyət tələb edir. Şübhəsiz ki, biz əməliyyata başlamazdan əvvəl insanın nə qədər vacib bir orqanı üzərində işləyəcəyimizi aydın təsəvvür edirik. Bilirik ki, xəstə özü də, onun yaxınları da bizdən müsbət nəticə gözləyirlər. Bunun üçün də ürək cərrahiyyəsini bu gün dünyanın qəbul etdiyi səviyyədə və nəticələrlə həyata keçirməyə çalışırıq. Bu isə uzun illər ərzində toplanmış ciddi təhsil, təcrübə və özünü formalaşdırma nəticəsində mümkün olur. Ürək cərrahiyyəsi daim öyrənməyi tələb edən bir sahədir. Çünki tibb elmi çox sürətlə inkişaf edir və biz də bu inkişafı, dəyişiklikləri çox yaxından təqib edirik. Mən özüm 1996-cı ildən Türkiyə Ürək-Damar Cərrahiyyəsi Cəmiyyətinin, 1998-ci ildən Türkiyə Anesteziologiya və Reanimatologiya Cəmiyyətinin, 2005-ci ildən Asiya Ürək-Damar Cərrahiyyəsi Cəmiyyətinin, 2007-ci ildən Avropa Ürək-Damar Cərrahiyyəsi Cəmiyyətinin üzvüyəm. Bu yaxınlarda isə Amerika Ürək Cərrahiyyəsi Cəmiyyətinin də həqiqi üzvü seçilmişəm. Bu cəmiyyətlərin bütün konfrans, konqres və digər elmi toplantılarında çox yaxından iştirak edirəm. Onların ildə azı iki dəfə toplantıları keçirilir. Bu tədbirlərdə mütləq iştirak edərək son elmi nailiyyətlərlə tanış oluram və onları ölkəmizdə tətbiq etməyə çalışıram".
Kamran həkim ürək üzərində ilk müstəqil cərrahiyyə əməliyyatını Türkiyədə həyata keçirib və əməliyyat yaxşı nəticə verib. Bu əməliyyat onu ürəkləndirib və demək olar ki, bütün gələcək taleyini müəyyənləşdirib. Baş həkimin dediyinə görə, son 9 il ərzində Mərkəzi Klinik Xəstəxanada birbaşa onun özünün və digər cərrahların iştirakı ilə 6000-dən çox insan üzərində ürək-damar cərrahiyyəsi aparılıb. Bunların arasında ən azyaşlı xəstə 10 günlük uşaq olub. Ən yaşlı xəstə isə 85 yaşında ürəyindən cərrahiyyə əməliyyatına cəlb edilib və artıq üçüncü ildir ki, ömrünü yaşamaqda davam edir. Həmin xəstə mütəmadi olaraq xəstəxanaya gələrək həkim nəzarətindən keçir. Baş həkimin sözlərinə görə, bu gün dünyada ürək cərrahiyyəsinin səviyyəsi yeni doğulan uşaqlarda da əməliyyat aparılmasına imkan verir. Bu praktika Azərbaycanda da uğurla həyata keçirilir. "Təxminən 100 il əvvələ qədər digər orqanlardan fərqli olaraq ürək toxunulmaz hesab edilirdi. Həkimlər bu orqana hər hansı şəkildə müdaxilə haqqında düşünmürdülər. Hətta məşhur cərrahlardan birinin belə bir sözü vardı ki, kim ürəyə toxunsa, tanrı onun cəzasını verər. Amma iyirminci əsrin ikinci yarısından etibarən ürək cərrahiyyəsi çox sürətlə inkişaf etməyə başladı. Bu gün artıq ürək cərrahiyyəsi dünyada standart icra olunan cərrahiyyə sahələrindən biridir. Bu sahə artıq bizdə də standart sahə hesab olunur. Ona görə də bizim xəstələrin də belə əməliyyatlardan qorxub çəkinməsinə heç bir ehtiyac yoxdur. Ürək cərrahiyyəsi standart şəkildə bu gün dünyada necə tətbiq olunursa, Azərbaycanda da də eyni qaydada icra olunur".
Baş həkimin dediyinə görə, hazırda dünyada ürək köçürülməsi də uğurla tətbiq olunan sahələrdəndir. Bununla bağlı Kamran həkimin özünün də xeyli təcrübəsi var. Son vaxtlar təcrübəsini artırmaq üçün Londonda, ürək köçürülməsi sahəsində dünyanın ən təcrübəli klinikalarından birində - Harefield Hospitalda olub. İndi bu klinika, eləcə də bu tipli bir çox başqa London klinikaları ilə əməkdaşlıq edir. Kamran həkim cəsarətlə bildirdi ki, artıq Azərbaycanda da ürək köçürülməsi ilə bağlı hazırlıq işləri görülür və yaxın vaxtlarda bu işin də uğurla həyata keçiriləcəyinə ürəkdən inanır.

{nl}

Paşa ƏMİRCANOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında