Şriftin ölçüsü:
05.12.2010 08:10 | Oxunma sayı: 1651
Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin rəhbəri Leyla Əliyeva Yekaterinburqdakı 1 nömrəli vilayət kliniki xəstəxanasının (VKUX) uşaq onkohematoloji mərkəzində olmuş və müasir xüsusi tibbi avadanlıqla təchiz edilmiş "Sobol" markalı təcili yardım maşınını Heydər Əliyev Fondu adından həmin mərkəzə hədiyyə etmişdir.
Leyla Əliyevanı Sverdlovsk vilayətinin səhiyyə naziri Arkadi Belyavski, vilayət qubernatorunun müavini Vadim Dubiçev və xəstəxananın baş həkimi Sergey Boyarski qarşılamışlar. Onlar Leyla Əliyevanın şəxsində Heydər Əliyev Fondunun RF-dəki nümayəndəliyinə uşaqların sağlamlığı problemlərinə göstərilən qayğı və diqqətə görə dərin təşəkkürlərini bildirmişlər.
Sverdlovsk vilayətinin səhiyyə naziri Arkadi Belyavski, 1 nömrəli vilayət kliniki xəstəxanasının baş həkimi Sergey Boyarski və mərkəzin rəhbəri Larisa Feçina uşaq onkohematoloqlarının işi barədə məlumat vermişlər. Balaca xəstələrin müalicəsi üçün yaradılmış ən müasir və rahat şərait, yüksək texnologiyalara əsaslanan əməliyyat və laboratoriya bloku - bütün bunlar Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin rəhbəri Leyla Əliyevanın marağına səbəb olmuşdur. Məsələn o, laboratoriyaların fəaliyyəti ilə tanış olarkən çoxlu sual vermişdir: "Həkimlər gövdə rüşeymlərini tiplərə ayırmağa necə nail olurlar", "Konkret donorun münasib olub-olmaması necə aydınlaşdırılır?", "Terapiyanın uğurlu olub-olmaması necə izlənilir?" və s. Leyla Əliyeva klinikanın səviyyəsini, burada tətbiq edilən və işlənib hazırlanan yeni metodikaları qiymətləndirərək ümid etdiyini bildirmişdir ki, Azərbaycan onkoloqları urallı həmkarları ilə əməkdaşlıq edəcəklər.
Leyla Əliyeva demişdir: "Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi artıq dörd ildir ki, fəaliyyət göstərir. Fond səhiyyə məsələlərinə böyük diqqət yetirir. Azərbaycanda xeyriyyəçilik ianələri hesabına fond xəstəxanalar tikdirir, diabetli uşaqlara kömək edir, təhlükəli xəstəliklərə qarşı vaksinləri xeyriyyəçilik yolu ilə paylayır, bir sıra başqa tədbirlər həyata keçirir. Buna görə də Yekaterinburqdakı xəstəxanaya baş çəkmək bizim üçün vacib idi. Uşaq onkoloji mərkəzi mənə çox yaxşı təsir bağışladı. Burada hər şey funksional olmaqla bərabər, həm də qəşəng, təmiz, çox müasirdir. Lakin əsas məsələ bu deyil, mənim üçün ən əhəmiyyətlisi buradakı auradır. Auranı isə burada böyük bir ailə kimi işləyən insanlar yaradırlar. Həkimlərin hər bir uşağa öz övladı kimi münasibət bəsləməsi, məncə ən başlıca məsələdir".
Mərkəzdə xəstələrin çoxu üçün ən ciddi steril rejim müəyyən edilmişdir (məsələn, havanın onqat təmizlənməsi sistemi). Buna baxmayaraq, həkimlər Severouralsk şəhərindən olan 11 yaşlı Marinanın Leyla Əliyeva ilə tanış olmasına icazə verdilər. Xüsusən ona görə ki, qızcığaz bu tanışlığı çoxdan arzu edirdi - o, Şərq rəqsləri ilə ciddi məşğul olur. Marina festivallarda uğurla çıxış edir, ümumrusiya müsabiqəsində ikinci yeri tutmuşdur. Marina indiyə qədər çıxış etdiyi şəhərlər barədə Leyla Əliyevaya danışmışdır. Xeyriyyə Fondunun rəhbəri Severouralskdan olan bu balaca artisti Moskvadakı səfirlikdə və Bakıda çıxış etməyə dəvət etdi.
Leyla Əliyevanın klinikaya gəlişindən uşaq onkohematoloji mərkəzinin fəxri qonaqlar kitabında belə bir yığcam qeyd qaldı: "Qoy hamı həmişə sağlam olsun, sizə ən xoş arzularımı bildirirəm".
Neçə-neçə uşağın həyatını xilas edəcək qiymətli hədiyyəyə görə, bütün kollektiv adından L.Əliyevaya səmimi təşəkkür bildirildi.
Qeyd etmək lazımdır ki, Yekaterinburqdakı uşaq onkohematoloji mərkəzi Uralda onkoloji və hematoloji xəstəliklərdən əziyyət çəkən uşaqlara yüksək texnoloji səviyyədə tibbi yardım göstərən ilk klinikadır. Beynəlxalq müalicə protokollarının tətbiq edilməsi sayəsində uşaqların 70 faizini sağaltmaq mümkün olmuşdur. Bu xəstəxananın həkimləri onkoloji xəstəliklərin müalicəsində qazandıqları uğurlarla şöhrətlənmişlər. Onların çoxu dünyanın ən yaxşı klinikalarında - ABŞ-da, Almaniyada, Avstriyada, İsraildə öz ixtisaslarını artırmışlar.{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.