Ana və uşaqların sağlamlığının qorunması səhiyyənin prioritet istiqamətlərindəndir

 Dövlətin və səhiyyənin əsas prioritet istiqamətlərindən biri olan ana və uşaqların sağlamlığının qorunması strategiyasının əsası müstəqilliyimizin ilk illərindən etibarən xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuşdur və hazırda da uğurla davam etdirilir. Məlumdur ki, müstəqilliyimizin ilk illərində ağır böhran şəraitində dərman vasitələrinin kəskin çatışmazlığı hökm sürürdü və uşaqlar cəmi beş yoluxucu xəstəliyə qarşı peyvənd olunurdu. 

Hələ o zaman ölkə Prezidenti Heydər Əliyevin təşəbbüsü və böyük dəstəyi ilə MDB ölkələri arasında birinci olaraq Avropadan alınan kredit hesabına Azərbaycana külli miqdarda peyvənd materialları, dərman preparatları və tibbi ləvazimat gətirilməklə bu problemlərin həllinə başlanılmışdır.  Qeyd etmək lazımdır ki, 2006-cı ilin fevralından etibarən Səhiyyə Nazirliyinin Kollegiyasının qərarı ilə ana və uşaqların sağlamlığının qorunması səhiyyənin prioriteti kimi müəyyən edilmiş və bu günə qədər də həmin qərar qüvvəsində qalmaqdadır. Keçən on il müddətində uşaqların sağlamlığının qorunması ilə bağlı çoxsaylı dövlət proqramları qəbul edilərək reallaşdırılmış və bu gün də 2014--2020-ci illəri əhatə edən "Ana və uşaqların sağlamlığının yaxşılaşdırılması haqqında" Dövlət Proqramı fəaliyyətdədir.  Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevin şəxsi təşəbbüsü ilə 2013-cü ilin martında "Uşaqların icbari dispanserizasiyası haqqında" qəbul edilmiş qanun uşaqların sağlamlığının qorunması işində müstəsna əhəmiyyət kəsb edir. Eyni zamanda, bu sahədə Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın uşaqlarda irsi qan xəstəliklərinin, şəkərli diabetin, ürək qüsurlarının, nevroloji xəstəliklərin müalicə və profilaktikasında əvəzolunmaz xidmətləri bu gün də davam etməkdədir.

Bu məlumatlar K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda son illər ölkəmizdə uşaq xəstəlikləri ilə mübarizədə görülən işlərlə bağlı keçirilən mətbuat konfransında səsləndi. Tədbirdə çıxış edən ölkənin baş pediatrı Nəsib Quliyev bildirdi ki, ana və uşaqların sağlamlığının qorunması sahəsində görülən işlər zamanla öz nəticəsini göstərir. Ölkədə aparılan kompleks və davamlı tədbirlərin köməyilə 1993-cü illə müqayisədə respublika üzrə körpə ölümü göstəricisi üç dəfəyə yaxın azalmışdır. Əgər 1993-cü ildə hər 1000 nəfər diri doğulana ölüm göstəricisi 28,2 promilli təşkil edirdisə, 2005-ci ildə bu göstərici 12,7 promilliyə, 2014-cü ildə isə 10,2 promilliyə qədər azalmışdır.

Baş pediatrın sözlərinə görə, müstəqilliyimizin ilk illərində ağır böhran şəraitində dərman vasitələrinin kəskin çatışmazlığı hökm sürəndə uşaqlar cəmi 5 yoluxucu xəstəliyə qarşı peyvənd olunurdusa, hazırda onlar 11 yoluxucu xəstəliyə qarşı dövlət hesabına peyvənd olunurlar ki, bu da dünyanın inkişaf etmiş ölkələri səviyyəsindədir. Dünyanın ən çox peyvənd edilən ölkələrində isə peyvəndlərin sayı 13-dür. N. Quliyev dedi: "Biz də meningit və suçiçəyinə qarşı peyvəndi tətbiq etsək, onların sırasına qatıla bilərik. Meningitə qarşı peyvənd tətbiq edilən ölkələrlə müqayisədə bizdə həmin xəstəliyin yükü çox aşağıdır. Amma hazırda respublikada suçiçəyinə qarşı peyvəndin aparılmasına hazırlıq görülür və yaxın illərdə bu peyvəndin də tətbiqi gözlənilir. İndiyə qədər suçiçəyinə qarşı Azərbaycanda peyvəndin niyə aparılmaması ilə bağlı sual yarana bilər. Çünki suçiçəyinə qarşı dünyada tətbiq olunan peyvəndlərin fəsadları da mövcuddur. Bu peyvəndi tətbiq etməyən ölkələr daha təkmil bir peyvənd istehsal olunmasını gözləyirlər. Əsas məqsəd odur ki, tətbiq olunan peyvəndin fəsadı sıfır həddində olsun. Təkmil peyvənd istehsal olunanda bizim ölkədə də uşaqlara tətbiq ediləcək. Amma qeyd etməliyik ki, qızılca və məxmərək xəstəliyinin ölkə səviyyəsində ləğv edilməsinə görə Azərbaycan 53 Avropa ölkəsi içərisində birinci onluqda yer alıb".

Sonda baş pediatr uşaqlar arasında nevroloji xəstəliklərin artması ilə bağlı yayılmış məlumatların həqiqəti əks etdirmədiyini bildirdi. Qeyd etdi ki, böyüklərdə olduğu kimi, uşaqlarda da nevroloji problemlərə rast gəlinir, amma həyəcanlanmağa əsas yoxdur, çünki ildən- ilə bu cür problemlərlə məşğul olan psixoterapevtlərin, psixoloqların da sayı artır".

Zərifə BƏŞİRQIZI,
"Xalq qəzeti"

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında