İnsan üçün sağlamlıq başlıca amildir. Bu sağlamlığın qorunması isə təkcə insanın özündən asılı deyil. Bəzən içdiyimiz sudan, qəbul etdiyimiz qidadan başlamış, yaşadığımız çevrə, şərait, ətraf mühitdə baş verən bütün neqativ dəyişikliklərə qədər bəzi amillər həm uşaqların, həm də böyüklərin sağlamlığına zərər vurur. Bu təsirlərdən qorunmaq özümüzdən nə qədər asılıdırsa, o qədər də məsuliyyət sanitariya-epidemioloji salamatlıqla məşğul olan mütəxəssislərin boynuna düşür. Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (GEM) fəaliyyətinə dair təşkil edilən "dəyirmi masa"da öncə bu məsələlər – "Sanitariya-epidemioloji salamatlıq haqqında" Azərbaycan Respublikası Qanunu ilə tənzimlənən istiqamətlər üzrə məlumat verildi.
GEM-in baş direktor vəzifəsini icra edən Vaqif Abdullayev mərkəzin əsas fəaliyyətinin ölkə əhalisinin sağlamlığını insanı əhatə edən mühit amillərinin mənfi təsirlərindən qorumaq və möhkəmləndirmək məqsədilə onların sanitariya-epidemioloji salamatlığının təmin edilməsinə yönəldilmiş tədbirlərin təşkili və həyata keçirilməsindən ibarət olduğunu bildirdi. Qeyd etdi ki, GEM tabeliyində olan 74 şəhər və rayon gigiyena və epidemiologiya mərkəzləri, 6 dezinfeksiya stansiyası və 45 profilaktik dezinfeksiya şöbəsinin fəaliyyətinə təşkilati-metodik rəhbərliyi təmin etməklə geniş miqyaslı tədbirləri həyata keçirir. V.Abdullayev xüsusi olaraq vurğuladı ki, Azərbaycan Prezidentinin uğurla apardığı sosial-iqtisadi siyasətin nəticəsi olaraq əldə edilmiş güclü tərəqqi səhiyyənin profilaktik istiqamətinin aparıcı qüvvəsi olan sanitariya-epidemioloji xidmətin də fəaliyyətinin səmərəliliyinə öz müsbət təsirini göstərir. Baş direktorun epidemiologiya məsələləri üzrə müavini Afaq Əliyeva yoluxucu xəstəliklərlə mübarizə və profilaktika sahəsində aparılan tədbirlər nəticəsində vaxtaşırı olaraq qonşu ölkələrdə və ümumiyyətlə, regionda müşahidə edilən epidemioloji gərginliyə baxmayaraq, ölkəmizdə bu sahədə sabitliyin təmin edildiyini diqqətə çatdırdı. Bildirdi ki, beynəlxalq təşkilatlarla əməkdaşlıq şəraitində aparılmış səmərəli profilaktik və əks-epidemik tədbirlərin həyata keçirilməsi, ələlxüsus, profilaktik peyvənd işlərinin ən müasir tələblər səviyyəsində təkmilləşdirilməsi nəticəsində idarəolunan xəstəliklərdən 1995-ci ildən poliomielit, 2008-ci ildən məxmərək, 2010-cu ildən difteriya, 2014-cü ildən qızılca və göyöskürək xəstəlikləri müşahidə edilməyib, epidemik parotit xəstəliyinin səviyyəsi minimuma enib. 2009-cu ildən tətbiqinə başlanan, beynəlxalq təşkilatlar tərəfindən yüksək dəyərləndirilən Yoluxucu Xəstəliklərin Elektron Müşahidə Sistemi keyfiyyətcə tam təkmilləşdirilərək, bütün yoluxucu xəstəliklərin qeydə alınması, epidemioloji vəziyyətin təhlil edilməsi, hətta rayon səviyyəsində yoluxucu xəstəliklərə qarşı mübarizə sahəsində aparılan işlərin elektron qiymətləndirilməsinə imkan yaradıb.
A.Əliyeva yoluxucu xəstəliklərin profilaktikası, bu xəstəliklərdən ölüm və əlilliyin azaldılması və qarşısının alınması işində uşaqların peyvənd olunmasının əhəmiyyətindən söz açdı. Bildirdi ki, yalnız son 5 il ərzində profilaktik peyvənd təqviminə B tipli hemofil infeksiyaya qarşı, pnevmokok əleyhinə vaksinlərin, 2016-cı ilin fevral ayından isə inaktivləşdirilmiş poliomielit vaksininin tətbiq edilməsi bu gün Azərbaycanda uşaqların, qabaqcıl Avropa ölkələrindəki kimi 11 xəstəliyə qarşı peyvənd olunmasını təmin edib. "2016-2020-ci illər üçün yoluxucu xəstəliklərin immunoprofilaktikasına dair Tədbirlər Proqramı"na əsasən 2016-cı ilin aprel ayından respublika ərazisində üçvalentli OPV vaksinin əvəzinə, ikivalentli OPV vaksinin istifadəsinə başlanılıb. Tədqirəlayiq haldır ki, ÜST tərəfindən qızılca və məxmərək xəstəliklərinə qarşı ölkəmizdə aparılan tədbirlər yüksək qiymətləndirilib. Qızılca və məxmərəyin ləğvi üzrə Avropa regional komissiyasının 26-29 oktyabr 2015-ci il tarixli iclasında Azərbaycanda qızılca və məxmərək xəstəliklərinin eliminasiyası elan edilib. Malyariya əleyhinə aparılmış məqsədyönlü kompleks əks-epidemik tədbirlərin nəticəsində 2013-cü ildən etibarən yoluxma halları qeydə alınmayıb, ölkədə malyariyanın tam ləğvinə nail olunub və 2016--2020-ci illər üçün "Azərbaycan Respublikasında malyariya xəstəliyinin yenidən bərpa olunmasının qarşısının alınması" üzrə Milli Strategiyanın icrasına başlanıb. Aşqabadda isə bu ilin iyul ayında "Eliminasiyadan sonrakı dövrdə xəstəliyin yenidən bərpa olunmasının qarşısının alınması" üzrə yeni bəyannamə qəbul edilib. Tədbirdə bildirildi ki, bu sahədə çalışan kadrların hazırlığının təkmilləşdirilməsi işlərinə də geniş yer verilib. Son beş il ərzində gigiyena, epidemiologiya və laboratoriya ixtisasları üzrə 1110 həkim və 2000-ə yaxın orta tibb işçisi təkmilləşmə və ixtisasartırma kurslarını keçməklə, test imtahanlarını verərək sertifikat alıb. Qeyd etmək yerinə düşər ki, çoxsaylı yoluxucu xəstəliklərin profilaktikasında müstəsna əhəmiyyət kəsb edən su təchizatına sistemli dövlət nəzarəti Respublika GEM-in qarşısında duran ən vacib fəaliyyət istiqamətlərindən biridir. V.Abdullayev çıxışında su-kanalizasiya sistemlərinin yenidən qurulması istiqamətində aparılan tədbirlərə böyük diqqət yetirilməsinə toxundu. Bildirdi ki, bu diqqət sanitariya-epidemioloji xidmət orqanlarının fəaliyyətinin də genişlənməsinə səbəb olub. 2010-2016-cı illər ərzində 35 rayon mərkəzinin su təchizatı və kanalizasiya sistemlərinin layihələrinin ekspertizası aparılıb, 9 rayon mərkəzində isə həmin sistemlərin istismara verilməsinə müsbət rəy verilib. "Ölkə əhalisinin təsərrüfat-içməli su təchizatına sistemli nəzarətin bilavasitə Respublika GEM-in daha təkmil olan laboratoriyalarında həyata keçirilməsinə önəm verilir. Respublikanın bütün şəhər və rayon mərkəzlərindən hər rübdə içməli su nümunələrinin Respublika GEM-in laboratoriyalarında müayinələri təşkil olunur. Bundan başqa, Bakı şəhəri əhalisinin içməli su təminatı üzərində aparılan nəzarət Kür və Ceyranbatan Baş Su Təmizləyici qurğularında ayda bir dəfə, mərkəzi su anbarları və nasos stansiyalarında həftədə bir dəfə su nümunələrinin Respublika GEM-də laboratoriya müayinələrinin aparılması ilə həyata keçirilir.
"2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı"nın əhalinin içməli su təminatının yaxşılaşdırılması üçün kənd yerlərində içməli su mənbələrinin qeydiyyata alınması, onların sanitariya-mühafizə zonalarının müəyyən edilməsi istiqamətində geniş tədbirlər həyata keçirilib, 52 rayonun 2683 kəndində 3647 su mənbəyindən laboratoriya müayinələri təşkil edilib, 2835 su mənbəyinin vəziyyəti bilavasitə Respublika GEM-in mütəxəssisləri tərəfindən yerində araşdırılıb, 39 rayonda vəziyyət haqqında rayonların icra hakimiyyətlərinə təkliflər verilib".
Tədbirdə yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanması, müntəzəm daşınması və zərərsizləşdirilməsi məsələlərinə nəzarəti təmin etməklə aşkar olunmuş çatışmazlıqlar barəsində hər il Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq icra qurumlarına təkliflər verildiyi də diqqətə çatdırıldı. Qeyd edildi ki, Bakının çimərlik ərazilərində dəniz suyunun keyfiyyət göstəricilərinə hər il çimərlik mövsümündə laborator tədqiqat üsullarının tətbiqi ilə nəzarət aparılır. Qida zəhərlənmələrinin və qida vasitəsilə baş verən infeksion xəstəliklərin profilaktikası məqsədilə yeyinti məhsullarının normativ sənədlərinin razılaşdırılması, məhsulların gigiyenik sertifikatlaşdırılması, qida təhlükəsizliyi sahəsində qanunvericilik bazasının beynəlxalq tələblərə uyğunlaşdırılması istiqamətində geniş və səmərəli fəaliyyət təmin olunub. Yeyinti məhsullarının təhlükəsizliyinə mikrobioloji və toksikoloji laboratoriya nəzarəti müasir beynəlxalq tələblər səviyyəsinədək yüksəldilib. Mağazalarda gün düşən yerlərdə saxlanan plastik qablaşdırılan su, vitrinlərdəki vaxtı keçmiş ərzaq məhsulları sağlamlığımızın birinci düşmənidir. Bu sahədə təkcə nəzarətlə iş bitmir, eyni zamanda, əhali arasında sağlam qidalanma sahəsində bilik səviyyələrinin genişləndirilməsinə böyük ehtiyac duyulur. Belə ki, əhali arasında hələ də kütləvi qida zəhərlənmələrinin və hətta ölümlə nəticələnən botulizm hadisələrinin baş verməsi bu sahədə ciddi işlərin aparılmasını zəruri edir.
Zərifə BƏŞİRQIZI,
"Xalq qəzeti"
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.