Əczaçılıq məhsulları istehsalının təşkili işləri uğurla davam etdirilir

Ölkə Prezidenti İlham Əliyevin sənayeləşmə siyasətinə uyğun olaraq, son vaxtlar qeyri-neft sektorunda müasir və ixracyönümlü məhsullar istehsal edən müəssisələrin yaradılmasına dövlət dəstəyi tədbirləri daha da gücləndirilib. Dövlət başçısının tapşırığına əsasən, xüsusi əhəmiyyət kəsb edən əczaçılıq məhsullarının istehsalının təşkili üzrə işlərin uğurla davam etdirilməsi də məhz həmin siyasətin tərkib hissəsidir.

İranın ən böyük əczaçılıq holdinqi olan və 31 şirkətin daxil olduğu "Tamin Pharmaceutical İnvestment Company" şirkəti ilə bu ilin aprelində anlaşma memorandumu imzalanıb. Layihəyə uyğun olaraq, istehsal müəssisəsinin yaradılması mərhələli şəkildə həyata keçiriləcək. Birinci mərhələdə həb və kapsula istehsalı, ikinci mərhələdə ampula və flakon, sonrakı mərhələdə isə antibiotik dərmanların istehsalı nəzərdə tutulur. Müəssisə tərəfindən I mərhələdə 54 təsiredici maddə üzrə 84 adda ağrıkəsici, vitamin və antiinfektiv, antidiabetik, antihistamin, sinir sistemi xəstəliklərinə və qastroentroloji xəstəliklərə qarşı dərmanlar istehsal olunacaq. Layihənin ilk mərhələsi çərçivəsində 60 daimi iş yeri açılacaq.

Əczaçılıq məhsullarının istehsalı üzrə danışıqların aparıldığı digər qurum isə Rusiya Federasiyasının "R-Pharm" şirkətidir. Bu ilin iyun ayında təşkil edilən Rusiya-Azərbaycan biznes forumu çərçivəsində "R-Pharm" Azərbaycanın "Vita-A" MMC və Azərbaycan İnvestisiya Şirkəti arasında əczaçılıq məhsullarının istehsalının təşkilinə dair niyyət protokolu imzalanıb. Layihənin icrası məqsədilə "Həyat Farm" MMC təsis edilib. Ümumi dəyəri 47 milyon avro olan layihənin reallaşması zamanı qabaqcıl texnologiya və avadanlıqlardan, Avropanın aparıcı şirkətlərinin mühəndislik işlərindən istifadə olunacaq. Birgə müəssisə tərəfindən onkologiya, QİÇS, hepatit, nevrologiya və psixiatriya istiqamətli dərmanlar və antibiotiklərin istehsal edilməsi, 200 yeni iş yerinin yaradılması nəzərdə tutulur. Layihə çərçivəsində analitik və texnoloji transferlər keçiriləcək, əczaçılıq sahəsində yüksək ixtisaslı lokal iş yerləri açılacaq.

İqtisadiyyat Nazirliyinin məlumatında bildirilir ki, əczaçılıq məhsullarının istehsalının təşkili beynəlxalq standartlara uyğun olaraq üç ardıcıl mərhələdə həyata keçiriləcək. Başqa sözlə, əvvəlcə qablaşdırma istehsalına başlanılacaq, sonra yarımməhsullardan ibarət istehsalın təşkili həyata keçiriləcək, nəhayət, tam silsilənin istehsalı gerçəkləşdiriləcək.

"Yüksək dərəcəli sterelizasiya, avtomatlaşdırma və öz sinfində ən yaxşı istehsal həllərinə malik yeni nəsil dərman istehsalı "GMP" istehsalat praktikası, həmçinin "WHO Technical  Report  series", "ISPE Good Practice Guide"ın tələblərinə, habelə beynəlxalq norma və qaydalara tam uyğun olacaq.

Texnologiyaların transferi sayəsində yeni müəssisə onkoloji, hematoloji, autoimmun və endokrin xəstəliklərin terapiyası, HİV/AİDS, müxtəlif tip viruslu hepatitlərin və digər xəstəliklərin müalicəsi üçün yüksək   effektli dərman vasitələri istehsal edə biləcək. 

Azərbaycanda istehsal olunan müasir preparatların istifadəsi əhalinin tibbi təminatının yaxşılaşmasına imkan verəcək, həmçinin pasiyentlər üçün müalicə qiymətlərini aşağı salacaq və respublika səhiyyə sisteminin maliyyə yükünü azaldacaq", – "R-PHarm" Direktorlar Şurasının sədri Aleksey Repik bildirib.

"R-PHarm" Direktorlar Şurasının sədri daha sonra deyib: "Qeyri-neft sektorunun inkişafı üçün Azərbaycan hökuməti tərəfindən yaradılan cəlbedici investisiya mühiti, ixracyönlü istiqamətlərin həvəsləndirilməsi, azad iqtisadi zonanın yaradılması, vergi güzəştlərinin verilməsi və özəl sektorun inkişafı üçün digər stimullar kompleks innovativ layihələrin daha effektiv həyata keçirilməsinə kömək edir. Sözügedən layihə yeni əczaçılıq sahəsinin inkişafında  Rusiya-Azərbaycan töhfəsi olacaq, Azərbaycanın ixrac potensialının gələcəkdə genişləndirilməsinə xidmət edəcək".

Xatırladaq ki , "R-PHarm"  Rusiyanın yüksək texnologiyalı əczaçılıq şirkətidir. Qurumun missiyası  Rusiyada pasiyentlərin innovativ metodlarla müalicəsinin təminatıdır. Şirkətin ştatı 3500-dən çox yüksək ixtisaslı mütəxəssisdən ibarətdir.

"R-Farm" Rusiya Federasiyası, MDB ölkələri, ABŞ, Almaniya, Yaponiya, Türkiyə və Hindistanda fəaliyyət göstərir. 60-dan çox filial və nümayəndəliyi var. Əsas fəaliyyət istiqamətləri hazır dərman formalarının, kimyəvi  xassəli aktiv əczaçılıq inqredientlərinin və biotexnoloji substansiyaların  istehsalı, innovativ preparatların öyrənilməsi və texnologiyası, müasir dərman vasitələrinin bazara çıxarılması, həmçinin əczaçılıq sənayesi və səhiyyə üçün mütəxəssislərin hazırlanmasıdır.  

Azərbaycanda xüsusi əhəmiyyət kəsb edən əczaçılıq məhsullarının istehsalına başlanılması ilə bağlı ekspertlərin fikirləri də nikbindir. İqtisadçı ekspert Qulu Həmidov söhbət zamanı bildirdi ki, Azərbaycanda  əczaçılıq məhsulları istehsalı müəssisələrinin yaradılması dövlət başçısının insan amilinə yüksək dəyər verməsinin, eyni zamanda, qeyri-neft sektorunun inkişafına xüsusi diqqət yetirilməsinin bariz ifadəsidir.

Ölkədə son vaxtlara kimi əczaçılıq sahəsində mövcud vəziyyət hamını narahat edirdi. Başqa sözlə, dərman satışında qiymət bahalaşması, habelə ölkədə yerli istehsalın olmaması bu sahədə ciddi narahatlıq doğururdu. Ona görə də həm əczaçılıq məhsullarının qiymətlərinin süni bahalaşmasının qarşısı alındı, bu sahə ciddi nəzarətə götürüldü, həm də dərman istehsalına başlanılması üçün müvafiq addımlar atıldı.

Sonda qeyd edək ki, istehsal ediləcək məhsulların yerli bazarla yanaşı, Gürcüstan, İran, Türkiyə, Mərkəzi Asiya və Ukrayna bazarlarında satışının təşkili planlaşdırılır. Əczaçılıq məhsullarının birgə istehsalı üzrə Türkiyə, Ukrayna, Almaniya, İsveçrə və digər ölkələrin aparıcı şirkətləri ilə intensiv danışıqlar aparılır. 

Vaqif BAYRAMOV,
 "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında