Gənc tibb işçiləri Azərbaycan səhiyyəsinə ləyaqətlə xidmət edəcəklərinə and içdilər

Azərbaycan səhiyyəsinin kadr təminatında özünməxsus yer tutan,  səhiyyə-sağlamlıq müəssissləri üçün orta ixtisaslı tibb işçiləri yetişdirən 2 nömrəli Bakı Baza Tibb Kolleci bu gün də kadr hazırlığı prosesinin önündə gedir. Ötən müddətdə Azərbaycan səhiyyəsinə on minlərlə layiqli kadr bəxş edən  qocaman tibb ocağı bu günlərdə növbəti məzunlarını yola saldı. 

Bu münasibətlə keçirilən “Məzun günü”ndə çıxış edən kollecin direktoru, tibb elmləri namizədi Dilarə Məmmədəliyeva məzun adını qazanan gəncləri və qonaqları salamlayaraq ölkəmizdə orta ixtisaslı tibb işçilərinin hazırlanmasında müstəsna rol oynayan bu tədris ocağının tarixindən söhbət açdı.  Qeyd olundu ki, 1975-ci ildən fəaliyyət göstərən 2 nömrəli Bakı Baza Tibb Kolleci xalqımızın ümummilli lideri Heydər  Əliyevin təşəbbüsü ilə yaradılmışdır. Belə ki, 1973-cü ildə ulu öndərimiz Heydər Əliyevin təhsilə və səhiyyəyə olan qayğısı, uzaqgörən siyasəti və səyi nəticəsində Bakıda yerləşən kiçik tibb məktəbləri birləşdirilərək zamanın tələbinə cavab verən daha böyük, yeni tipli tədris müəssisəsinin inşası qərara alınmışdır. Natiq bildirdi ki, ümummilli lider Heydər Əliyevin 1975-ci ilin yanvar ayında 2 nömrəli Bakı Tibb Texnikumun yeni inşa edilmiş binasının  istifadəyə verilməsi  mərasimində iştirakı, müəllim və tələbələr qarşısında çıxış edib öz xeyir-duasını verməsi unudulmaz, xoş bir xatirəyə çevrilmişdir.

Ötən müddətdə kolleci bitirmiş 30 mindən artıq məzunun hazırda ölkəmizin müxtəlif səhiyyə ocaqlarında uğurla çalışaraq əhalinin sağlamlığının keşiyində dayandığını diqqətə çatdıran natiq son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyatın bir çox sahələri kimi təhsilə və səhiyyə göstərilən dövlət qayğısından söhbət açdı. Qeyd olundu ki, dövlət başçısı İlham Əliyevin, eləcə də Heydər Əliyev Fondunun prezidenti UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın diqqət və qayğısı sayəsində  ötən 13 ilə yaxın bir dövr ərzində ölkəmizdə 500-dən artıq səhiyyə ocağı tikilmiş və ya əsaslı şəkildə təmir edilərək vətəndaşların istifadəsinə verilmişdir. Hazırda ən müasir tibbi avadanlıqlarla təchiz edilmiş həmin səhiyyə ocaqlarında əhaliyə yüksək səviyyəli tibbi  xidmət göstərilir. Bununla yanaşı, ölkəmizdə tibbi xidmətin səviyyəsini daha da yüksəltmək üçün 15-dək Dövlət Proqramı qəbul edilmiş, kadrların peşəkarlıq səviyyəsinin, bilik və bacarıqlarının artırılması üçün sertifikatlaşdırma tədbirləri həyata keçirilmişdir. Təkcə 2015-ci ildə ölkəmizdə 6 min həkim və 11 min orta ixtisaslı tibb işçisi sertifikatlaşdırma prosesindən uğurla  keçmişdir.

Kollec rəhbəri bildirdi ki,  hüquqi formasına görə dövlət orta ixtisas təhsilli tədris müəssisəsi sayılan 2 nömrəli Bakı Baza Tibb Kollecinin təsisçisi Azərbaycan Respublikası Səhiyyə Nazirliyidir. Son illər burada yeni tədris metodlarının hazırlanması, eksperimentlərin, təcrübələrin  keçirilməsi, əldə edilən nəticələrin kollec daxilində və respublika orta ixtisas tibb  məktəbləri arasında yayılması sahəsində mühüm işlər görülüb. Bu da kollecin tibbi pedaqoji  təmayüllü orta ixtisas tibb məktəbləri arasında baza müəssisəsinə, pilot məktəbinə çevrilməsinə səbəb olub. Hazırda  2 nömrəli Bakı Baza Tibb Kollecində səhiyyə müəssisələri üçün müalicə işi, tibbi profılaktika, ortopedik stomatologiya, laboratoriya diaqnostikası,  tibb bacısının işi,  mamalıq işi və əczaçılıq ixtisası üzrə orta ixtisaslı tibb işçiləri hazırlanır. Bütövlükdə isə hazırda 1320 nəfərə  yaxın tələbənin təhsil aldığı bu tədris müəssisəsində 420 müəllim çalışır. Kollecin tədris otaqlarında nəzəri və təcrübə dərsləri ilə yanaşı, xəstəxana və poliklinikalarda kliniki fənlərdən təcrübə dərsləri keçirilir. Buradakı kabinet və laboratoriyalar lazımi avadanlıqlarla və əyani vəsaitlərlə təchiz olunub. Bütövlükdə isə kollecdə 112 sinif otağı, 33 laboratoriya, 36 fənn kabineti, təcrübə otaqları, geniş informatika otağı, kompüter və oxu zalları, 240 nəfərlik yeməkxana, dünya standartlarına cavab verən 800 kvadratmetrlik idman zalı və idman meydançası, tibb məntəqəsi fəaliyyət göstərir.  Kollecdə tələbələrə bilik verilməklə yanaşı, onların bir şəxsiyyət kimi formalaşması, vətənpərvərlik ruhunda tərbiyə olunması, gələcəyin tibb işçilərində milli-mənəvi dəyərlərin, mərhəmət hissinin aşılanması yönümündə mühüm işlərin aparıldığını diqqətə çatdıran D.Məmmədəliyeva  tədris müəssisəsini müvəffəqiyyətlə bitirərək məzun adını qazananları  səmimi qəlbdən təbrik etdi, onlara gələcək fəaliyyətlərində, orta ixtisaslı tibb işçisi andına sadiq qalaraq xalqımızın sağlamlığının qorunması kimi müqəddəs və şərəfli işdə uğurlar arzuladı.

“Məzun günü”ndə  Akademik Mirqasımov adına Pespublika Kliniki Xəstəxanasının baş həkimi Telman İbadov və Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova çıxış edərək təhsillərini müvəffəqiyyətlə başa çatdıran məzunlara  təbriklərini çatdırdılar, onlara gələcək fəaliyyətlərində uğurlar arzuladılar.

Sonra təhsildə və ictimai işlərdə xüsusi fəallıqları ilə seçilən bir qrup məzuna fəxri fərmanlar verildi.

Çıxış edən məzunlar təhsil illərində onlara göstərdikləri hərtərəfli diqqət və qayğıya görə kollecin rəhbərliyinə, eləcə də sevimli müəllimlərinə minnətdarlıqlarını bildirdilər, cəmiyyətimizin layiqli vətəndaşları kimi gələcəkdə çalışacaqları səhiyyə ocaqlarında xalqımızın sağlamlığının keşiyində ləyaqətlə dayanaraq doğma kollecin adını daim uca tutacaqlarını əminliklə söylədilər.

 Sonda kolleci müvəffəqiyyətlə bitirən 340 nəfər məzunun iştirakı ilə “andiçmə” mərasimi keçirildi.

“Məzun günü” kollec tələbələrinin hazırladıqları maraqlı və rəngarəng bədii proqramla başa çatdı.

Mirbağır YAQUBZADƏ,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında