Ulu öndər Heydər Əliyev 1969-cu il iyulun 14-də Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçiləndən sonra xalqımızın tarixində yeni bir səhifə açıldı. Azərbaycanı sənaye respublikasına çevirməyi, xalqımızın siyasi, elmi, mədəni və mənəvi potensialını üzə çıxarmağı fəaliyyətinin başlıca prinsipi elan edən ümummilli liderimizin güclü təşkilatçılıq qabiliyyəti sayəsində qısa müddətdə bütün sahələrdə tərəqqi başlandı. Nəticədə Azərbaycan qısa müddətdə tənəzzüldən xilas olmaqla yanaşı, həm də keçmiş İttifaq respublikaları arasında birincilər sırasına çıxdı. Bu, Heydər Əliyev dühasının bəhrəsi idi.
Ötən əsrin 90-cı illərinin əvvəlində ölkəmiz yenidən dövlət müstəqilliyinə qovuşanda, xalqımızın başı üzərində qara buludlar dolaşanda isə ulu öndər xilaskar missiyası ilə siyasi səhnəyə qayıdaraq respublikamızı məhv olmaq təhlükəsindən qurtardı. Ulu öndərimizin uğurlu siyasəti qısa müddətdə öz müsbət nəticəsini verdi. Dünyanın aparıcı neft şirkətləri ilə imzalanan “Əsrin müqaviləsi” ölkəmizi bütün dünyaya tanıtdı. Bütün sahələrdə, eləcə də səhiyyə sistemində islahatlar aparıldı, müalicə müəssisələrinin tikintisinə və təmirinə xüsusi diqqət yetirildi, tibb ocaqlarının maddi-texniki bazası möhkəmləndirildi, xidmətin keyfiyyəti yaxşılaşdırıldı, səhiyyə işçilərinə qayğı gücləndirildi. Azərbaycan Prezidentinin 2001-ci il 4 iyun tarixli sərəncamına əsasən, hər il iyunun 17-si tibb işçilərinin peşə bayramı günü kimi qeyd olunmağa başladı.
Ulu öndərin səhiyyədə gerçəkləşdirdiyi islahatlar bu gün onun siyasi kursunu uğurla davam etdirən cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Beynəlxalq standartlara cavab verən xəstəxanaların tikilməsinə, müasir tibbi avadanlıqların respublikamıza gətirilməsinə, eyni zamanda, dərman vasitələrinin qiymətlərinin tənzimlənməsinə xüsusi önəm verilir. Yeri gəlmişkən, onu da qeyd edim ki, möhtərəm dövlət başçımızın tibbi xidmətin müasir tələblər səviyyəsinə qaldırılması kimi qarşıya qoyduğu prioritet vəzifənin yerinə yetirilməsi səhiyyə naziri Oqtay Şirəliyev tərəfindən daim diqqət mərkəzində saxlanılır. Bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi sosial siyasət nəticəsində dövlət büdcəsindən səhiyyəyə ayrılan vəsaitin ildən-ilə artırılması, səhiyyə işçilərinin peşə vərdişlərinin yüksəldilməsi, tibb sahəsində çalışan mütəxəssislərin yüksək səviyyədə hazırlanması, əhalinin pulsuz tibbi müayinəsinin uğurla həyata keçirilməsi, səhiyyədə tibbi xidmətin əhatə dairəsinin genişləndirilməsi, vətəndaşların keyfiyyətli tibbi xidmətlə əhatə olunması istiqamətində görülən işlər məhz bunun bariz ifadəsidir.
Xatırladım ki, Göygöldə də səhiyyənin inkişafına mühüm önəm verilir. Rayonda öz peşəsini dərindən sevən, həkim andına sadiq olan, xidməti düzgün quran həkimlər az deyil. Onlardan biri də Göygöl Mərkəzi Rayon Xəstəxanasının kliniki laboratoriyasının müdiri Sahib Rəsulovdur. O, Qərbi Azərbaycanda ziyalı ailəsində anadan olub. Hələ orta məktəb illərindən həkim olmaq arzusu ilə yaşayıb. Elə bu niyyətlə də sənədlərini Azərbaycan Tibb İnstitutuna verib və 1978-ci ildə təhsilini uğurla başa vuraraq təyinatla Daşkəsən rayonuna göndərilib. Sahib Rəsulovun burada, eləcə də Azərbaycanın digər rayonlarında, habelə respublikamızdan kənarda həkim kimi çalışdığı illərdə qarşısına qoyduğu əsas vəzifə o olub ki, özünün bacarıqlı mütəxəssis olduğunu sübut etsin, insanların sevgisini qazansın.
Xatırladım ki, S. Rəsulov 1991-ci ildə mərkəzi rayon xəstəxanasının kliniki-laboratoriya şöbəsində işə başlayıb. Bacarığı, məsuliyyəti, əzmkarlığı, xəstələrə təmənnasız xidmət və qayğısı ilə kollektivdə hər zaman hamıya örnək və nümunə olub. Məhz bu sevgi ilə rayon əhalisinin məhəbbətini qazanıb. O, həkimlik fəaliyyətində peşəsinin məsuliyyətini həmişə dərindən dərk edib, tutduğu vəzifənin öhdəsindən layiqincə gəlib. Söhbət zamanı Sahib həkim dedi:
- Ölkəmizin hər yerində olduğu kimi, Göygöl rayonunda da son illərdə dövlət başçımızın tapşırığına əsasən, əhalinin kütləvi tibbi müayinədən keçirilməsi, əhalinin sağlamlığının qorunması, yoluxucu xəstəliklərin qarşısının alınması, ana və uşaqların mühafizəsinin gücləndirilməsi, tibb müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində xeyli iş görülüb. Rayonun səhiyyə işçilərinin üzləşdikləri hansısa bir problemin həllinə rayon icra hakimiyyətinin başçısı Arif Seyidov xüsusi diqqət və qayğı ilə yanaşıb.
Sahib Rəsulov daha sonra dedi:
- Bugünkü səhiyyəmizin mövcud vəziyyəti, gələcək inkişaf perspektivləri, dövlət başçısı cənab İlham Əliyevin bu sahəyə göstərdiyi yüksək qayğı və diqqət, tibb sahəsində həyata keçirilən geniş tədbirlər əhalinin sağlamlığının qorunmasına mühüm töhfələr verməklə yanaşı, hər birimizdə gələcəyə inam hissini artırır.
Babək ƏLİYEV
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.