Aprelin 21-də Bakıda cərrahiyyə, onkologiya və qastroenterologiya üzrə ikinci Azərbaycan-alman-türk konqresi öz işinə başlayıb.
AZƏRTAC xəbər verir ki, əvvəlcə konqres iştirakçıları Fəxri xiyabana gələrək, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üstünə gül dəstələri düzülüb.
Sonra tədbir Bakıdakı “Monolit Plaza” hotelində davam edib. Almaniya-Azərbaycan Tibbi Əməkdaşlıq Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən konqresin işində Almaniya və Türkiyənin aparıcı universitet klinikalarında tibbin müxtəlif sahələrində çalışan 15 nəfər tanınmış professor referent qismində iştirak edir.
Tədbirdə çıxış edən Almaniya-Azərbaycan Tibbi Əməkdaşlıq Cəmiyyətinin sədri, professor Qurbanxan Müslümov bildirib ki, respublikamızda artıq ikinci dəfə təşkil edilən bu konqres davamlı tibb təhsili ilə məşğul olan Avropa mərkəzləri tərəfindən beynəlxalq statuslu tədbir kimi tanınıb və konqresə 24 CME (davamlı tibb təhsili) balı verilib. Bu da konqresin beynəlxalq səviyyəli tədbir kimi qəbul edilməsindən və nüfuzundan xəbər verir. “Ötən il olduğu kimi, bu il də maraqlı diskussiyalar və çıxışlarla yanaşı, azərbaycanlı, alman və türk mütəxəssisləri tərəfindən laparoskopik və açıq cərrahiyyə, endoskopiya və radiologiya üzrə treninqlər keçiriləcək. Söz yox ki, bu da mütəxəssis hazırlıgı baxımından xüsusi əhəmiyyət kəsb edir”, - deyə Q.Müslümov bildirib.
Son illərdə Azərbaycanda bütün sahələrdə olduğu kimi, tibb sahəsində də əhəmiyyətli inkişafa nail olunduğu diqqətə çatdırılıb. Vurğulanıb ki, Azərbaycanda səhiyyənin inkişafında Türkiyə və Almaniyanın tibb mərkəzləri ilə əlaqələrin böyük rolu var.
Qeyd olunub ki, həkim, tələbə və rezidentlər üçün ümumi, laparoskopik və damar cərrahiyyəsi, endoskopiya, ultrasonoqrafiya və radiologiya sahələrində adi sadə vərdişlərdən tutmuş ən mürəkkəb tibbi prosedurların icra olunmasına qədər treninqlər təşkil ediləcək. Treninqlər Avropanın və dünyanın qabaqcıl ölkələrində tibb mütəxəssislərinin ixtisaslaşması ilə məşğul olan mərkəzlərdə istifadə edilən ən qabaqcıl texnologiyaların istifadəsi ilə gündə 6 saat olmaqla müxtəlif qruplarda və səviyyələrdə aparılacaq. Fasilələr zamanı isə öyrədilən tibbi vərdişlərlə bağlı müzakirələr aparılacaq. Treninqlərdə istifadə ediləcək avadanlıq və ləvazimatlar Almaniya-Azərbaycan Tibb Cəmiyyətinin nəzdində fəaliyyət göstərən Tibbi Treninq Mərkəzi tərəfindən Avropadan gətirilib. Almaniya, İsveçrə və Türkiyədən dəvət edilmiş mütəxəssislərlə yanaşı, Azərbaycanın da bu sahədə təcrübəsi olan yüksək ixtisaslı mütəxəssisləri treninqlərə rəhbərlik edəcəklər. Konqres çərçivəsində, həmçinin tələbə, rezident və gənc həkimlərin cərrahiyə, onkologiya, radiologiya və qastroenterologiyanın aktual problemlərinə həsr edilmiş məruzələrindən ibarət forum keçiriləcək. Münsiflər heyətinin qərarı ilə 2-ci və 3-cü yerlərin sahibləri xüsusi mükafatlarla təltif olunacaq, 1-ci yerin qalibi isə Almaniyada biraylıq tibbi praktika keçmək imkanı qazanacaq. Bundan əlavə, forum zamanı Almaniyanın qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı ilə simpozium təşkil olunacaq.
Türkiyənin Azərbaycandakı səfiri Alper Coşkun, almaniyalı professor Mixail Gebel, türkiyəli qonaqlar Mustafa Taşkın və Deniz Uyak çıxış edərək konqresin işinə uğurlar arzulayıblar, mütəxəssis hazırlığı və təcrübə mübadiləsi baxımından bu beynəlxalq tədbirin faydalı olacağını bildiriblər. Diqqətə çatdırılıb ki, həmçinin konqres ölkələrimiz və insanlarımız arasında mədəni və sosial əlaqələrin dərinləşdirilməsinə də töhfə verəcək. “Müasir Avropa ölkəsi olan Azərbaycanda inkişaf etmiş səhiyyə sisteminə şahidlik etmək Almaniyadan gələn qonaqlar üçün çox əhəmiyyətlidir. Bu konqres sayəsində Azərbaycanın mədəniyyəti və tarixi ilə tanış olmaq, yeni dostlar tapmaq və köhnə dostlarla əlaqələri möhkəmləndirmək şansı əldə edirik”, - deyə almaniyalı professor Georg Kahler bildirib. Vurğulanıb ki, konqres təkcə Azərbaycan üçün deyil, ümumilikdə Avropada tibbin inkişafı, tibbi biliklərin mübadiləsi və yeni istiqamətlərin müəyyən edilməsi baxımından böyük əhəmiyyət kəsb edir.
Konqres paralel olaraq bölmə iclaslarında işini davam etdirib. Bölmələrdə əsasən cərrahiyyə, onkologiya və qastroenterologiya üzrə ən son yeniliklərə dair məruzələr dinlənilir, müzakirələr aparılır.
Konqres işini aprelin 25-də başa çatdıracaq.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.