O, qayğıkeş insan, gözəl həkim, istedadlı alim idi

Onun haqqında danışmaq mənim üçün çox ağırdır. Bir vaxtlar hər gün görüşdüyün, hal-əhval tutduğun insanın yoxluğu adamı, doğrudan da bərk ağrıdır. Qayğıkeş insan, gözəl həkim, istedadlı alim Fəxrəddin Cavadovu amansız ölüm vaxtsız haqladı, başladığı böyük işlər yarımçıq qaldı.
Onunla tanışlığım 80-ci illərdən başlamışdı. Elə ilk görüşümüzdən bu sadə, səmimi insanın qayğıkeşliyi məndə gözəl təəssürat yaratmışdı və tale elə gətirdi ki, sonradan bir yerdə işləməli olduq.
Fəxrəddin müəllimin zəngin bioqrafiyası var. O, 20 aprel 1951-ci ildə Bakı şəhərində anadan olmuşdu. 1968-1974-cü illərdə N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə işi fakültəsində təhsil almış, institutu bitirdikdən sonra 1975-1977-ci illərdə Bakı Şəhəri Təcili Tibbi Yardım Stansiyasında səyyar həkim, 1977-1979-cu illərdə 5 saylı şəhər poliklinikasında həkim-cərrah vəzifələrində işləmişdir. 1978-1986-cı illərdə N. Nərimanov adına Azərbaycan Tibb İnstitutunun urologiya kafedrasında baş laborant, assistent və eyni zamanda institutun tələbə həmkarlar ittifaqı komitəsinin sədri vəzifələrində çalışmışdır. 1985-ci ildə Moskva vilayətinin M. Vladimirski adına Elmi-Tədqiqat İnstitutunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1986-cı ildən Azərbaycan KP MK-nın elm və təhsil müəssisələri şöbəsinin, 1989-cu ildən isə ictimai-sosial şöbəsinin təlimatçısı vəzifələrində çalışmışdır. 1990-cı ildə Azərbaycan Respublikası səhiyyə nazirinin I müavini vəzifəsinə irəli çəkilmiş və 1996-cı ilədək bu vəzifədə çalışmışdır. 1998-ci ildə Ə. Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun tibb fakültəsi üzrə prorektoru, daha sonra isə I prorektoru vəzifələrində işləmişdir. F. Cavadov bu müddət ərzində Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun urologiya və operativ nevrologiya kafedrası üzrə dosent vəzifəsinə də seçilmişdir. 2000-ci ilin fevral ayından isə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Mərkəzi Neftçilər Xəstəxanasının baş həkimi vəzifəsinə təyin olunmuş və ömrünün sonuna kimi bu vəzifədə çalışmışdır. Onun rəhbərliyi dövründə Mərkəzi Neftçilər Xəstəxanasında əsaslı dəyişikliklər baş vermişdir.
O, gözəl həkim olmaqla yanaşı, çox cazibədar, çox mehriban bir insan idi. Bu keyfiyyətləri genetik olaraq valideynlərindən keçmişdi ona. Atası Gülmirzə Cavadov Buzovnanın görkəmli ziyalılarından biri, anası isə minlərlə insanın sağlamlığı keşiyində duran gözəl həkim idi.
Fəxrəddin Cavadov bizim xəstəxanaya 2000-ci ildə baş həkim təyin olunanda məni də burada işləməyə dəvət etdi. Bir yerdə işlədiyimiz illərdə ondan əsl qayğıkeş münasibət gördüm. Təkcə mənə deyil, bütün kollektivə öz qayğısını əsirgəmirdi.
Cəmiyyətin bütün təbəqələrindən olan insanlar bir həkim kimi ona həmişə üz tutar, hamı da ondan razı qalardı. Onun Azərbaycan səhiyyəsinin inkişafındakı xidmətləri ölçüyəgəlməzdir. Azərbaycan neftçilərinin sağlamlığı keşiyində dayanmağı çox şərəfli iş hesab edirdi. Həmişə deyərdi ki, neftçilərə qayğı Azərbaycanın gələcəyinə qayğıdır. Çünki neftçilər bu gün Azərbaycanın yüksək nüfuza malik peşə sahibləridir və onların əməyinin nəticəsidir ki, Azərbaycan bu gün dinamik inkişaf mərhələsini yaşayır.
Bu istedadlı insanın son bir neçə illik fəaliyyəti mənim gözlərim qarşısında olmuşdur. İşinə olduqca məsuliyyətli idi. İstəyirdi ki, rəhbərlik etdiyi xəstəxana dünya standartları səviyyəsində qurulsun. Ona görə də bu xəstəxanaya baş həkim təyin olunduğu vaxtdan burada əsaslı dəyişikliklər aparmağa başladı. Ölkə Prezidenti, eləcə də ARDNŞ-in rəhbərliyi tərəfindən göstərilən dəstək ona xəstəxananı tamamilə yenidən qurmağa imkan yaratdı. Yeni-yeni şöbələr açıldı, xəstəxananın maddi-texniki bazası möhkəmləndirilməyə başladı.
Fəxrəddin müəllim bir çox həkimlərin, tələbələrin xaricdə təhsil alması, təcrübə mübadiləsi keçməsi məqsədilə Avropanın aparıcı təhsil və tibb ocaqlarına göndərilməsinə nail olmuşdur. Xaricdə təhsil alan perspektivli gənc milli kadrların Azərbaycana qayıtmaları üçün çalışaraq onları həvəsləndirir, gənc mütəxəssislər üçün bütün müvafiq şəraitin yaradılmasını təmin edirdi.
O, ölkəmizdə ən mürəkkəb əməliyyatların belə həyata keçirilməsi, bunun eyni zamanda yerli kadrlar üçün də vacib təlim kimi əhəmiyyətli olduğunu nəzərə alaraq Avropanın, Türkiyənin, Rusiyanın aparıcı tibb ocaqları ilə birbaşa əlaqələrin qurulmasına, bir sıra müqavilələr imzalanmasına nail olmuş, oradan ən yüksək ixtisaslı həkimlərin Azərbaycana dəvət olunması üçün fədakar xidmətlər göstərmişdir. Yalnız xarici təcrübənin öyrənilməsini deyil, həm də ən yeni avadanlıqların gətirilməsini də vacib məsələ hesab edirdi. Özü də nə qədər ağır başa gəlməsindən asılı olmayaraq, gördüyü işlərdən zövq alırdı.
Neftçilər Xəstəxanasının bugünkü görkəmi onun yadigarıdır. Onun baş həkim olduğu dövrdə xəstəxanaya yeni korpus tikilmiş, ən müasir avadanlıqlar alınmış, xaricdə təhsil alan bir neçə gənc mütəxəssis burada fəaliyyətə başlamışdır.
Məhz onun səyi nəticəsində xəstəxanamızda yaradılmış ürək-damar cərrahiyyəsi şöbəsi artıq xeyli vaxtdır ki, fəaliyyət göstərir və neçə-neçə ümidsiz insan burada şəfa tapıb sağlam həyata qaytarılmışdır. Şöbənin aparıcı Avropa şirkətlərinin istehsalı olan ən müasir diaqnostika, cərrahiyyə və reanimasiya avadanlıqları ilə təchiz olunması üçün Fəxrəddin müəllim bütün imkanlardan istifadə edirdi.
Onun xidmətlərindən biri də xəstəxanada endoskopik cərrahiyyə şöbəsinin yaradılması olmuşdur.
Fəxrəddin Cavadovun Regional Müalicə-Diaqnostika Mərkəzlərinin tikilməsi, orada kadr potensialının yetişdirilməsi, ixtisaslaşdırılması və müvafiq praktiki tədbirlərin, habelə ən mürəkkəb əməliyyatların həyata keçirilməsində müstəsna xidmətləri olmuşdur. Onun xidmətləri nəticəsində bütün Qafqazda, Mərkəzi Asiyada, habelə MDB məkanında ilk dəfə canlı insandan digərinə qara ciyər transplantasiyası əməliyyatı gerçəkləşdirilmişdir.
"Hemostaz üçün qurğu"-uroloji katetorunu kəşf etdiyinə görə xüsusi şəhadətnamə almışdır.
2006-cı ildə nəşr etdirdiyi "Azərbaycan neftçilərinin tibbi-sanitar təminat sisteminin təşkili və təkmilləşdirilməsi yolları" adlı kitabı bu sahədə qiymətli tədqiqat əsəri kimi olduqca maraqlıdır. Onun doktorluq işinin də mövzusu neftçilərin tibbi təminatı ilə bağlı idi. 2008-ci ildə "Azərbaycan Respublikasında iqtisadi islahatlar şəraitində neftçilərin tibbi təminatının optimal modelinin elmi əsaslandırılması, tətbiqi və effektivliyinin qiymətləndirilməsi" adlı dissertasiya işini müdafiə edərək tibb elmləri doktoru adına layiq görülmüşdür.
Fəxrəddin Cavadov Rusiya Federasiyasının Tibb Elmləri Akademiyasının üzvü seçilmişdi, Beynəlxalq Ekoenergetika Akademiyasının səhiyyənin təşkili sahəsində professoru idi. O, neçə-neçə elmi məqalələrin müəllifi, beynəlxalq konfrans və simpoziumların iştirakçısı olmuşdur.
Onun xidmətləri Azərbaycan dövləti tərəfindən yüksək qiymətləndirilmişdir. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə o, Azərbaycan səhiyyəsinin inkişafındakı xidmətlərinə görə 2004-cü ildə "Tərəqqi" medalı ilə təltif edilmiş, 2006-cı ildə isə "Azərbaycan Respublikasının əməkdar həkimi" fəxri adına layiq görülmüşdür.
Harada işləməsindən asılı olmayaraq o, daim yeniliyə, inkişafa, tərəqqiyə yönəlmiş işi, bütün insanlara sonsuz məhəbbəti, fədakar həyat və fəaliyyəti ilə seçilmişdir.
Amansız ölüm bu istedadlı insanı 9 yanvar 2009-cu ildə aramızdan apardı. Lakin onun nurlu xatirəsi heç zaman yaddaşlardan silinməyəcək.

{nl}

Həbib YÜZBAŞIYEV, Mərkəzi Neftçilər Xəstəxanasının baş həkimi

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında