Əhalinin sağlamlığı diqqət mərkəzindədir

Masallı

 

Ölkəmizdə səhiyyənin inkişaf etdiyi bölgələrdən biri də Masallı rayonudur. Bu rayonda əhaliyə Mərkəzi rayon xəstəxanası, Boradigah qəsəbə sahə xəstəxanası, Kalinovka kənd sahə xəstəxanası, Ağ Ciyər Xəstəlikləri Xəstəxanası, Gigiyena və Epidemiologiya Mərkəzi, Dezinfeksiya stansiyası,  30 kənd həkim məntəqəsi, 28 tibb məntəqəsi xidmət göstərir.

Mərkəzi xəstəxananın əsas binası otuz il öncə tikilib, hazırda əsaslı təmirdədir. Son on ildə on beşədək həkim məntəqəsi tikilib və ya əsaslı təmir olunub.

2008-ci ildə Ağ Ciyər Xəstəlikləri Xəstəxanası    əhalinin istifadəsinə verilib.  İnişil Kalinovka kənd və Boradigah qəsəbə sahə xəstəxanaları başdan-başa yenilənib, Şərəfə, Güllütəpə, Türkoba, Mahmudavar həkim məntəqələri, ötən il isə Qarğalıq, Yelağac, Xırmandalı həkim məntəqələri tikilərək əhalinin istifadəsinə verilib. Hazırda Xıl, Gəyəçöl, Səmidxan, Yeyənkənd həkim məntəqələri üçün müasir layihə üzrə binaların tikintisi davam etdirilir.

Masallıda 213 nəfər həkim çalışır. Orta tibb işçilərinin sayı iki o qədərdir. Hər kəs əhalinin sağlamlığına qayğı ilə yanaşır, imkanları daxilində vətəndaşlara səviyyəli tibbi yardım göstərməyə çalışır. Tibb xidmətinin keyfiyyəti gündən-günə  yüksəldilir. Üç  ildən bəri ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, vətəndaşların tibbi müayinəyə cəlb edilməsi – dispanserizasiyanın keçirilməsi Masallıda  da uğurla davam edir.

Fevralın 15-dən başlanan tibbi müayinələrin ilk iki günündə kəndlər də daxil olmaqla, üç min nəfərə yaxın rayon sakininin sağlamlığı yoxlanılıb. Aksiyanın ilk günlərində Masallı Rayon Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzinin, statistika, telekommunikasiya, digər idarə və müəssisələrin işçiləri tibbi müayinəyə cəlb olunublar. Yoxlamadan keçənlərdən 100 nəfəri ambulator, 9 nəfəri stasionar müalicəyə cəlb edilib, 4 nəfər isə müalicə almaq məqsədilə Bakı şəhərinə göndərilib. Sonrakı günlərdə intensivlik bir qədər azalsa da, camaatın aksiyaya marağı yetərli qədərdir. Gün ərzində ağxalatlılara 300-500 nəfər müraciət edir. Boradigah qəsəbə və Kalinovka kənd sahə xəstəxanalarında da əhalinin tibbi müayinəsi normal təşkil olunub.

Baş həkim Cəlil Nəzərov:

– Əhalinin sağlamlığının qorunmasına yönələn bu mühüm aksiyanın yüksək səviyyədə keçirilməsi üçün rayonumuzda xüsusi komissiya yaradılıb, ayrı-ayrı yaşayış məntəqələri, idarə, təşkilat və müəssisələr üzrə qrafik tərtib olunub. İstər Səhiyyə nazirliyi, istər sə də rayon rəhbərliyi tərəfindən aksiyanın mütəşəkkil keçməsi üçün bizə hər cür kömək göstərilir. Bu sarıdan heç bir problemimiz yoxdur. Yeri gəlmişkən, aksiyanın ilk vaxtlarında icra başçısı Rafil Hüseynov, icra hakimiyyəti aparatının məsul əməkdaşları, YAP rayon təşkilatının təmsilçiləri, hüquq-mühafizə orqanlarının nümayəndələri də özlərini müayinədən keçirməklə aksiyada fəallıq nümayiş etdiriblər.

Tibb müəssisələrində kütləvi müayinələr üçün xüsusi yerlər hazırlanaraq istifadə olunur. Həmin sahələr zəruri müayinə vasitələri ilə təchiz edilib.Aksiyanın bir aylıq hesabatı göstərir ki, 23010 kişi, 24250 qadın və 4290 uşaq həkim yoxlamasından keçib. Bu, əhalinin ümumi sayının təxminən üçdə-biri qədərdir. İndiyədək aşkarlanan ilkin xəstəliklərin sayı böyük yaşlılarda 2433, uşaqlarda 205 olub. Bunların sırasında 7 infeksion, 76 endokrin, 198 əsəb, 177 göz, 161 eşitmə pozğunluğu, 574 qan dövranı, 406 tənəffüs orqanları, 368 həzm, 116 dəri, 54 sümük-əzələ, 128 hamiləlik və zahılıq dövrü anomaliyası və sair xəstəliklər var.

Müayinələrin nəticəsi olaraq uşaqlı-böyüklü 389 nəfər dispanser nəzarətinə alınıb. Bunlardan 49-u sağlamlaşdırılıb, 182-si xəstəxanaya yatırılıb, 13 155 nəfər əlavə müayinələrə cəlb olunub. Rayon sakinləri əhalinin sağlamlığına göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirirlər.

 

Qazax

 

Ölkə Prezidentinin tapşırığına əsasən, hər yerdə olduğu kimi, Qazax rayonunda da əhalinin tibbi müayinəsi uğurla davam edir. May ayının 2- dək davam edəcək kampaniyanın yüksək səviyyədə keçirilməsi üçün rayonda əvvəlcədən hazırlıq işləri aparılmış, müalicə- diaqnostika mərkəzində, şəhər poliklinikasında və kənd həkim məntəqələrində bir sıra tədbirlər həyata keçirilmiş, xüsusi briqadalar yaradılmışdır.

Əhalinin tibbi müayinəsinə fevral ayının 15-dən başlanılmışdır. İndiyədək  23450 nəfər rayon sakini tibbi müayinədən keçirilmişdir. Onlardan 195 nəfərinə ambulator, 37 nəfərinə isə stasionar müalicə kursu təyin olunmuşdur. Müayinə olunanlardan 9 nəfəri müalicə olunmaq üçün Bakıya göndərilmişdir.

Tibbi müayinədən keçən rayon sakinləri hər il onların sağlamlığının qorunmasına göstərilən diqqət və qayğıya görə ölkə Prezidentinə dərin  minnətdarlıqlarını bildirirlər.

Mərkəzi xəstəxananın baş həkimi Arzu Novruzov müxbirimizlə söhbət zamanı bildirmişdir ki, Qazaxda səhiyyənin inkişafı ilə bağlı son illər bir sıra tədbirlər həyata keçirilmişdir. Yeni tibb məntəqələri tikilib istifadəyə verilmiş, mövcud səhiyyə obyektlərində əsaslı təmir işləri aparılmış, müasir tibb avadanlığı gətirilmişdir. Rayonda yeni mərkəzi xəstəxananın inşasına başlanılmışdır. Səhiyyə Nazirliyinin və rayon icra hakimiyyətinin diqqət və qayğısı sayəsində əhaliyə göstərilən tibbi xidmətin səviyyəsi xeyli yüksəlmiş, bir sıra yoluxucu xəstəliklərin qarşısı alınmış, profilaktik tədbirlər gücləndirilmişdir.

Hamlet QASIMOV,
Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”nin
bölgə müxbirləri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında