Fevralın 11-də səhiyyə naziri Oqtay Şirəliyev Qazax şəhərində rayon ictimaiyyətinin nümayəndələri və sahibkarlarla görüşüb.
AZƏRTAC xəbər verir ki, Qazax Gənclər Mərkəzində keçirilən görüşdə yerli icra hakimiyyəti orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların rəhbərləri, sahibkarlar, ziyalılar iştirak ediblər.
Görüşdə çıxış edən Qazax Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov son illər rayonda görülən işlər, regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları çərçivəsində görülən işlər və nəzərdə tutulan layihələr barədə məlumat verib, Prezident İlham Əliyevin tapşırığı ilə bölgələrdə ictimaiyyət nümayəndələri ilə keçirilən görüşlərin əhəmiyyətini diqqətə çatdırıb.
Görüşdə çıxış edən səhiyyə naziri Oqtay Şirəliyev bildirib ki, dövlətimizin başçısının tapşırıqlarına uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanları rəhbərləri şəhər və rayonlarda vətəndaşların qəbulunu keçirirlər. Nazir vurğulayıb ki, onun tərəfindən keçirilən qəbullara ilk vaxtlarda 80-100 sakin gəlirdi. Vətəndaşların müraciətlərində müalicə məsələləri, xaricdə müalicə və bu kimi problemlər üstünlük təşkil edirdi. İndi isə qəbula 20-30 nəfər gəlir. Onlar problemlərinin həllinə görə dövlətimizin başçısına, səlahiyyətli qurumlara minnətdarlıqlarını bildirirlər. Bu da öz növbəsində ölkə rəhbərliyinin düşünülmüş siyasətinin, görülən işin və atılan addımların uğurlu nəticəsindən xəbər verir.
O.Şirəliyev Prezident İlham Əliyevin bütün sahələrə, eləcə də, səhiyyə sektoruna xüsusi diqqət göstərdiyini xatırladaraq bildirib ki, tibb müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi işləri bu gün də davam etdirilir. Son 10 ildə Azərbaycanda 600 səhiyyə müəssisəsi tikilib və ya əsaslı təmir olunub, müasir avadanlıqla təchiz edilib. Təkcə ötən il yeni tikilmiş və əsaslı təmir olunmuş 26 tibb ocağı istifadəyə verilib. Mərkəzi xəstəxanaların açılışında dövlətimizin başçısı şəxsən iştirak edib.
Məlumat verilib ki, bu yaxınlarda belə müəssisələrdən daha birinin - Gəncə şəhərindəki Abbas Səhhət adına xəstəxananın açılışı olacaq.
Səhiyyə sahəsində dövlət proqramlarının uğurla yerinə yetirildiyini vurğulayan nazir deyib: “Bunun nəticəsi olaraq 200 mindən çox şəkərli diabet xəstəsi illər boyudur dövlət hesabına bütün lazımi dərmanlarla təmin olunur. Şəkərli diabet xəstəsi olan uşaqlara insulin indi adi şpris-qələmlə deyil, dərman pompası vasitəsilə vurulur. Xroniki böyrək çatışmazlığı üzrə dövlət proqramı çərçivəsində ölkəmizdə yaradılmış 34 hemodializ mərkəzində 3 minə yaxın xəstə davamlı müalicə alıb. Bunun sayəsində xəstələrin ömrünün uzanması, ölüm göstəricisinin azalması, müalicəyə cəlb olunanların sayının artması təmin olunur. Bu kateqoriya xəstələrə hazırda dializlə yanaşı, artıq böyrəkköçürmə əməliyyatları həyata keçirilib. 70-ə yaxın şəxsə böyrək köçürülməsi əslində ümidsiz xəstələri həyata qaytarmaq deməkdir. Hazırda ölkədə əksər növ orqan köçürülməsi əməliyyatı icra olunur və dövlət onların hamısının dərman təminatını öz üzərinə götürüb. Eyni zamanda, ölkədə sümük iliyi transplantasiyası əməliyyatları da aparılır. Təkcə ötən il 22 uşağa sümük iliyi köçürülüb”.
Belə əməliyyatların güclü maddi-texniki baza və yüksək ixtisaslı tibb kadrlar sayəsində mümkün olduğunu vurğulayan nazir qeyd edib ki, bu gün Azərbaycanın tibb işçiləri Türkiyə, Almaniya və digər bu kimi inkişaf etmiş ölkələrdə hazırlıq keçir, bilik və bacarıqlarını artırırlar.
O.Şirəliyev daha sonra yerlərdə sahibkarlığın inkişafı üçün dövlət tərəfindən bütün mümkün addımlar atıldığını da diqqətə çatdırıb. Bildirib ki, biznes mühitinin yaxşılaşdırılması, sahibkarların dəstəklənməsi məqsədilə lisenziyalaşdırılan tibb fəaliyyət növlərinin təşkili işini də xeyli asanlaşdırıb.
Nazir ölkədə aparılan islahatların daimi xarakter daşıdığını və dövlətimizin başçısı tərəfindən səhiyyə sektorunun qarşısında qoyulan bütün vəzifələrin öhdəsindən layiqincə gəlmək üçün maksimum səy göstəriləcəyini deyib.
Səhiyyə naziri dünyada baş verən iqtisadi proseslər, enerji və maliyyə bazarlarında yaranmış vəziyyət, bunun ölkəmizə təsirləri barədə də danışıb. Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin neftdən asılılığın azaldılması, qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində atdığı qətiyyətli addımlar nəticəsində dünya qlobal böhranının Azərbaycan iqtisadiyyatına təsiri minimuma endirilib.
Milli Məclisin deputatları Ülviyyə Ağayeva və Kamran Nəbizadə görüş iştirakçılarını son illər parlamentdə sahibkarlığın inkişafı istiqamətində qəbul edilən qanunlar barədə məlumatlandırıblar.
Görüşdə çıxış edən sahibkarlar Elçin Carçıyev və Tacəddin Mustafayev onları narahat edən problemlərə toxunublar. Bildirilib ki, dövlətimizin başçısı tərəfindən sahibkarlığın inkişafına göstərilən dəstək bu sahədəki problemlərin həlinə, daha yüksək nəticələr qazanılmasına imkan yaradır.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.