ATU-nun tədris cərrahiyyə klinikasında körpə doğulan kimi əməliyyat olundu

Azərbaycan Tibb Universıtetinin (ATU) tədris cərrahiyyə klinikasında daha bir uğurlu əməliyyat keçirilmişdir. Hələ ana bətnində qastroşizis patologiyası aşkar edilən körpə qeysəriyyə üsulu ilə götürülmüş və dünyaya gələn kimi körpənin bağırsağında əməliyyat aparılmışdır.

Klinikanın mama-ginekologiya şöbəsinin müdiri Turab Canbaxışovun sözlərinə görə, xəstə hamiləliyin ilk günündən sözügedən klinikada müayinə olunub. Hamiləliyin 8-ci həftəsində ultrasəs müayinəsi (USM) zamanı qadında dölün ürək döyüntüsü normal izlənilib və sonra o, bütün hamilələr kimi hər ay ardıcıl olaraq müayinələrə çağırılıb. Hamiləliyin 12-ci həftəsində ana bətnindəki körpənin bütün nazik bağırsağı və yoğun bağırsağın bir hissəsinin vücuddan kənara çıxması patologiyası aşkar edilib: “Bu patologiyanın adı qastroşizisdir. Yəni, uşağın bağırsağı bədənindən çöldə, qarnının üstündədir. Adətən bağırsağın çölədönmə hərəkəti hamiləliyin 10-11-ci həftələrində bərpa olunur, bağırsaq içəri daxil olur. Lakin xəstədə bu proses baş verməyib.”

T. Canbaxışovun bildirdiyinə görə, hamiləliyin 28—29-cu həftəsində dölyanı mayenin möhtəviyyatı  dəyişdiyi üçün körpənin bağırsaqlarına ziyan dəyə bilərdi. Bunun qarşısını almaq üçün hamiləliyin 28-ci həftəsindən etibarən hər 3-4 həftədən bir— 4 dəfə xəstənin ana bətninə müdaxilə edərək, dölyanı maye 500 ml-dən 700 ml-ə qədər dəyişdirilib. Yəni bu maye porsiyalarla çəkilib, durulaşdırılıb ki, bağırsağa heç bir zərər gətirməsin. İlk prosedur yerli keyitmə vasitəsilə, digər 3 prosedur isə xəstəni ümumi yatızdırmaqla 30-35 dəqiqə müddətində icra olunub. “Ana bətninə qarın nahiyyəsindən girildiyinə görə bu, olduqca riskli bir prosedur hesab edilir. Ana bətninə iynə ilə müdaxilə çox vaxt erkən doğuşa səbəb olur. Amma bütün bu təhlükələrdən uğurla keçdik. Hamiləliyin 37-ci həftəsi tamamlandıqdan sonra qadının sancıları başlayıb. Qeysəriyyə əməliyyat hazırlığında 26 nəfərə yaxın tibbi personal iştirak etdi. Gecə saat 1-də başlanılan əməliyyat səhərə yaxın—5-də tamamlandı. Körpə 1-2 saatdan sonra uşaq cərrahlarının öhdəsinə verildi”.

ATU-nun uşaq cərrahiyəsi şöbəsinin müdiri Ramiz Poluxovun sözlərinə görə, qastroşizis qarnın ön divarının inkişaf qüsurudur və yaranma səbəbi qarın divarının qidalanmasının pozulmasıdır: “Belə qüsurların, patologiyaların aşkarlanması üçün Azərbaycanda xəstəyə tam yardım göstərməsi mümkün olan klinikalardan biri də ATU-nun tədris cərrahiyyə klinikasıdır ki, burada həm mama-ginekoloji, həm cərrahi, həm də neonatoloji xidmət göstərilir. Turab həkim bu xəstədə qastroşizisin olduğunu müəyyənləşdirdikdən sonra biz məsləhətləşdik və doğuşa qədər aparılmalı olan bütün manipulyasiyalar ginekoloqlarımız tərəfindən müvəffəqiyyətlə həyata keçirildi. Belə uşaqlar mütləq qeysəriyyə üsulu ilə doğulmalıdırlar”.

R. Poluxovun bildirdiyinə görə, ana bətnində əməliyyat olunan uşaqda qastroşizisin ağır forması olub (ən böyük deffekt 4 sm sayılır) və doğulan kimi körpəyə neonatoloqlar tərəfindən yardım göstərilib: “Bütün çöldə olan orqanlar steril plyonkaya bükülüb və uşağın əməliyyat üçün hazırlanması gözlənilib. Körpə üzərində əməliyyat uğurla keçirilib, heç bir fəsad baş verməyib”.

Hazırda klinikanın həkim briqadasının nəzarətində olan bu körpə tam sağlamdır. Uşağın qidalanması da tez bir zamanda bərpa olunub.

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında