Azərbaycanda ilk dəfə hamilə qadının ürəyində əməliyyat edilib

Bu, dünyada üçüncü belə uğurlu əməliyyatdır

Azərbaycan  Tibb Universitetinin  Tədris Cərrahiyyə Klinikasının baş həkimi, dosent Asiman Həsənov əməliyyatın böyük uğurla keçdiyini, bunun nəinki Azərbaycan, ümumiyyətlə bütün dünya üzrə böyük bir nəticə olduğunu bildirir.

Çünki bundan əvvəl cəmi iki dəfə belə əməliyyat sayəsində həm ananın, həm də onun bətnindəki dölün həyat fəaliyyətini davam etdirməsi halına rast gəlinib:  “Adətən klapan dəyişmə əməliyyatı özü kifayət qədər ciddi bir əməliyyatdır. Bundan əlavə, bu xəstəmizdə ikincili klapan dəyişmə əməliyyatı planlaşdırılırdı. Xəstə qadının hamilə olduğunu, ana bətnində dölün olduğunu nəzərə alsaq, belə əməliyyatın həddən artıq məsuliyyətli olduğunu deyə bilərik. Çünki əməliyyat ana və dölün həyatı üçün riskli idi. Böyük fəxrlə qeyd etmək istərdim ki, dünyada üçüncü dəfə məhz biz hamilə qadında dölün həyat fəaliyyətini davam etdirməsi ilə belə uğurlu əməliyyatı icra etdik.” 

Azərbaycan üçün bir ilk olan bu əməliyyatın gedişi haqqında Tədris Cərrahiyyə Klinikasının ürək-damar cərrahiyyəsi şöbəsinin müdiri, uzman həkim Mirəli Məcidov məlumat verib. Onun sözlərinə görə, 35 yaşlı qadın  3 il əvvəl aorta qapaq stenozu problemi ilə həkimlərə müraciət edib. Xanımda ürəyin aorta qapağının protezləşdirilməsi əməliyyatı icra edilib, mexaniki klapan yerləşdirilib. Əməliyyatdan sonrakı dönəmdə problem yaranmayıb. Lakin əməliyyatdan sonra bu xanım hamilə qalmaq istəyib. Həkimlər hamiləliyin xanıma əks göstəriş olduğunu, dölün salamat qalması ehtimalının çox az olduğunu izah ediblər. Buna baxmayaraq, özü də həkim olan bu xanım hamiləliyə qərar verib. Qeyd edək ki, belə tip xəstələrin izlənməsi çox çətindir. Çünki xəstənin ürəyindəki mexaniki klapanın işləməsi üçün lazım olan dərmanlar uşağın inkişafı üçün zərərlidir. Bu dərmanların bəzilərinin əvəzedicisi isə dünyada yoxdur. Onları yalnız qismən əvəz edən dərmanlar var. Hər an ananın ürəyindəki klapanın dayanması riski olduğundan 6 ay ərzində həm döl, həm ana nəzarət altına alınıb.

Lakin 10 gün öncə xəstənin vəziyyəti pisləşib, amma dölün həyat fəaliyyəti pozulmayıb. Anaya qoyulan mexaniki klapanın trombozlaşması aşkarlanıb. Həmin vaxt klinikanın aparıcı heyətindən ibarət komissiya yaradılıb və əsas iş ananın həyatını qurtarmaq olub. Bu cür əməliyyatlarda ananın ürəyi dayandırılır, süni ürək damarlarına klapan qoşulur və xəstə soyudulur. Bu cür əməliyyatlarda dölü itirmək təhlükəsi çox böyükdür. Lakin əməliyyat uğurla keçib.  Əməliyyatda həmçinin ATU-nun Tədris Cərrahiyyə Klinikasının ürək-damar cərrahı, tibb üzrə fəlsəfə doktoru Seymur Musayev də iştirak edib. Onun sözlərinə görə, bu, çox çətin bir əməliyyat olsa da, həkimlərin səyi nəticəsində proses uğurla başa çatıb: “Hazırda ananın da, dölün də vəziyyəti yaxşıdır və onlar evə buraxılıblar. Ürəyi əməliyyat olunan xanım normal doğuş keçirə biləcək”.

ATU-nun Tədris Cərrahiyyə Klinikasının II mamalıq-ginekologiya şöbəsinin müdiri Turab Canbaxışov qeyd edir ki, hamiləliyin 24-cü həftəsinə qədər hər şey normal getsə də, bundan sonra xəstənin ayağında çox cüzi şişkinlik və təngnəfəslik əmələ gəlib. “Xəstəxanada konsiulum toplandı, uşaq həkimi, ürək cərrahı həkimləri, anestezioloqlar, reanimatoloqlar fikirlərini bildirdilər. Hətta hamilələyə son verilməsi təklifləri səsləndi. Lakin mən bununla razılaşmadım. Hamılıqla hamilə ikən əməliyyatın icra olunmasına qərar verildi. Bu, dünyada 3-cü, Azərbaycanda isə ilk belə əməliyyat idi. İnkişaf etmiş ölkələrə nəzər salsaq, orada da 90 faiz hallarda əməliyyatların dölü itirmə ilə nəticələndiyini görərik”.

ATU-nun Tədris Cərrahiyyə Klinikası bu cür peşəkar, öz işinə diqqətlə yanaşan, məsuliyyətli həkimləri ilə qürur duyur.

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında