Dövlət Sərhəd Xidmətinin hərbi hospitalında müasir tibb texnologiyası və səmərəli müalicə üsulları uğurla tətbiq olunur

Dövlət Sərhəd Xidməti əməkdaşlarına və onların ailə üzvlərinə yüksək səviyyəli tibbi xidmətin göstərilməsi son vaxtlar xüsusi diqqət mərkəzindədir. Tibb elminin yenilikləri, müasir texnologiya, qabaqcıl təcrübə mənimsənilərək DSX- nin müayinə və müalicə müəssisələrində ardıcıl tətbiq edilir, ən yeni tibbi texnika və avadanlıqdan bacarıqla istifadə olunur.

Dövlət Sərhəd Xidməti hərbi hospitalının rəisi, tibb elmləri üzrə fəlsəfə doktoru, polkovnik-leytenant Kənan Yusifzadə bütün bunlar barədə qəzetimizə açıqlamasına 3D texnologiyasının tətbiqi ilə əməliyyat aparılması barədə məlumatla başlamışdır :

– Bizim hospital qabaqcıl təcrübənin və tibb elminin yeniliklərinin, yeni texnologiyaların tətbiqi ilə bağlı ölkəmizin müalicə müəssisələri arasında xüsusi yer tutur. 3D texnologiyasının hospitalımızda tətbiqi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müstəsna diqqət və qayğısı ilə Dövlət Sərhəd Xidmətində uğurla aparılan təkmilləşdirmə prosesinin, dünyanın qabaqcıl dövlətlərinin səhiyyə müəssisələri ilə uğurlu əməkdaşlığın bəhrələrindən biridir. Təchizatın yüksək səviyyədə olmasının və müasir avadanlıq alınmasına göstərilən diqqətin nəticəsidir ki, bəzi tibbi əməliyyatlar ölkəmizdə ilk dəfə məhz bizim müəssisəmizdə aparılır.

2008-ci ilin iyununda laparoliftinq üsulu ilə laparoskopik xolesistektomiya, 2013-cü ilin yanvar ayında tək dəlikdən laparoskopik öd kisəsinin çıxarılması əməliyyatlari respublikamızda ilk dəfə bizim hospitalda gerçəkləşdirilmişdir. 2015-ci il iyul ayının 23-də isə “Olymrus 190-eksera” aparatı vasitəsi ilə, 3D texnologiyası əsasında xüsusi eynək və alətlərdən istifadə etməklə regionumuzda sterotoksik laparoskopiya əməliyyatı - öd kisəsinin çıxarılması ilk dəfə bizdə uğurla həyata keçirilmişdir. 3D texnologiyasının hospitalımızda tətbiqi onu göstərir ki, artıq həmin yeniliyi ölkəmizdə tətbiq edə biləcək həkimlər komandası və səhiyyə ocağı var. Bu, sevindirici yenilik bizim hospitalın adına yazılmışdır.

Təbii ki, hospitalımızda cərrahi üsullarla yanaşı, qeyri-cərrahi üsullar da tətbiq olunur. Terapevtiya müalicələrində yeni dərmanlardan, onların kombinasiyalarından istifadə edirik. Çünki xəstəliklər 40-50 il əvvəlki halda deyil. İqlim, qida, müasir yaşayış tərzi insan orqanizminə təsir edərək çoxsaylı dəyişikliklərə gətirib çıxarır. Məsələn, pnevmaniya xəstəliyini bəzən rentgen şüaları da aşkarlaya bilmir. Biz xəstəni tomoqrafiyadan keçiririk, pnevmatik yuva aşkar olunursa müalicəyə başlayırıq. Bəzən bu xəstəliyə qarşı əvvəllər tətbiq olunan antibiotiklər lazımi təsir etmir. Bu zaman müalicəni yeni dərmanların kombinasiyalarından istifadə etməklə aparırıq. Demək istəyirəm ki, təbabətdə yeniliklərin tətbiqi bir tələbdir. Ona görə də hər bir həkim daim axtarışda olmalı, yenilikləri izləməli, mütərəqqi üsullardan, səmərəli texniki vasitələrdən, yeni dərmanlardan xəbərdar olmalıdır.

Xəstəliyin ölkəsi, milləti yoxdur. Tutaq ki, miqren dünyanın bütün ölkələrində elə miqrendir. Bu fikirin məntiqi davamı odur ki, müalicə üsullarının da ayrıca məskəni, xəstəsi olmamalıdır. Həkimlər arasında ideya, təcrübə, metod, üsul mübadiləsi çox sıx olmalıdır. İndiki texniki tərəqqi belə əlaqələrin yüksək səviyyədə yaradılmasına imkan verir. Sadəcə, həkimlər bunu istəməli, müəyyən tibbi cəmiyyətlərdə birləşib fəaliyyətlərini əlaqələndirməlidirlər.

– Hospitalınızın hərbi cərrahiyyə sahəsində beynəlxalq səhiyyə qurumları, nüfuzlu müalicə ocaqları ilə faydalı əməkdaşlıq əlaqələri necə qurulub?

– Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi

siyasi kursu uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz bütün sahələrdə strateji hədəflərinə çatır. Hərtərəfli düşünülmüş daxili və xarici siyasət dövlətimizin qüdrətlənməsini, xalqımızın daha firavan yaşamasını təmin edir. Uğurların qazanılmasında qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi önəmli rol oynayır. Beynəlxalq əməkdaşlıq üçün ölkəmizdə yaradılmış münbit şəraitdən bəhrələnən Dövlət Sərhəd Xidməti də dünya dövlətlərinin müvafiq qurumları ilə faydalı əlaqələr yaratmışdır.

Bu istiqamətdəki uğurlu fəaliyyət müəssisəmizdə də xidmətin səviyyəsini durmadan yaxşılaşdırır. Mütəxəssislərimizin xarici ölkələrdə keçirilən treninqlərdə, ixtisasartırma kurslarında, simpoziumlarda iştirakına yaradılan əlverişli şərait gözəl nəticələr verir. Ölkəmizdə də müxtəlif konfranslar, forumlar, toplantılar keçirilir. DSX- nin təşkilatçılığı ilə 2013-cü ilin martında ölkəmizdə ilk dəfə beynəlxalq hərbi cərrahlar simpoziumu keçirildi. Belarus, Xorvatiya, Fransa, Rusiya, Türkiyə, ABŞ, Almaniya, Finlandiya və Şri-Lanka kimi dövlətlərin yüksək ixtisaslı mütəxəssislərinin qatıldıqları bu elmi məclisdə ölkəmizi Səhiyyə, Müdafiə, Milli Təhlükəsizlik, Ədliyyə, Daxili İşlər, Fövqəladə Hallar nazirliklərinin, Dövlət Xüsusi Mühafizə, Sərhəd, Miqrasiya, Səfərbərlik və Hərbi Xidmətə Çağırış xidmətlərinin, Gömrük Komitəsinin kadrları da iştirak etdilər.

Dövlət Sərhəd Xidmətinin rəisi- Sərhəd Qoşunlarının komandanı, general- polkovnik Elçin Quliyev simpoziumda çıxış edərək tədbirin aktuallığını yüksək qiymətləndirdi, iştirakçılara uğurlar arzuladı. Simpoziumda hərbi cərrahiyyənin tədris prinsipləri, təlim sistemi və perspektivləri, dünyada qlobal cərrahi proqramlar və ictimai mübadilə, inkişaf etmiş ölkələrdə hərbi cərrahların hazırlanması metodları, iğtişaşlarda odlu silahdan yaralananların, eləcə də təbii fəlakətlər nəticəsində xəsarət alanların cərrahi müalicəsi, hərbi münaqişələrdə cərrahi xidmət göstərilməsi üsulları və yeniliklər geniş müzakirə olundu, əldə olunmuş uğurlarla bağlı təcrübə mübadiləsi aparıldı.

Simpozium işğala məruz qalmış ölkəmizin həkimləri üçün daha faydalı oldu. ABŞ-dan olan cərrahın gətirdiyi maketlər üzərində xüsusi məşğələlər keçirildi. 4 gün ərzində müxtəlif ölkələrdən gəlmiş hərbi və mülki həkimlər öz bilik və təcrübələrini təkmilləşdirdilər. Hazırda Dünya Beynəlxalq Cərrahlar Cəmiyyəti və Ambroise Pare adına Beynəlxalq Hərbi Cərrahlar Forumu ilə hospitalımızın cərrahları arasında sıx əlaqələr mövcuddur.

– Bildiyimizə görə, bu ilin avqustunda Tailandda keçirilən Dünya Beynəlxalq Cərrahlar Cəmiyyətinin 46-cı konqresində Ambroise Pare adına Beynəlxalq Hərbi Cərrahlar Forumunun 2017-2019-cu illərdə prezidenti seçilmisiniz. Bu, ölkəmizin hərbi cərrahiyyəsinin beynəlxalq miqyasda uğurudur.

– Bəli. Doğrudan da, bu seçim ölkəmizdə, eləcə də Dövlət Sərhəd Xidmətində qarşılıqlı faydalı beynəlxalq əlaqələrin inkişafına, yeni texnologiyaların, innovativ metodların tətbiqinə verilən qiymət oldu. 10 ilə yaxındır Ambroise Pare adına Beynəlxalq Hərbi Cərrahlar Forumunun üzvüyəm. Bu forum 1985-ci ildən fəaliyyət göstərir, məqsədi hərbi cərrahiyyəyə aid müxtəlif elmi mühazirələr təşkil etmək, intensiv fikir mübadiləsi aparmaq, qabaqcıl metodların müalicədə tətbiqinə nail olmaqdır. Forum 2 ildən bir öz prezidentini seçir. 2013-cü ildə bu forumun Bakıda keçrilən simpoziumu ölkəmizin hərbi cərrahiyyə sahəsindəki böyük potensialını nümayiş etdirdi. Artıq bu nüfuzlu cəmiyyətin imkanlarından faydalanmaq imkanlarımız xeyli genişlənib. Yeri gəlmişkən, cərrahlarımızı bu cəmiyyətin işində fəal iştiraka çağırıram. Qoy onlar həm xarici ölkələrin müasir müalicə metodlarını öyrənsinlər, həm də dəyərli fikirlərini, apardıqları nadir əməliyyatların nəticələrini bu kürsüdən paylaşsınlar. Nəticədə, dünya onları tanısın, tibb elmi Azərbaycan cərrahlarının da təcrübəsindən faydalansın.

Gənc müstəqil Azərbaycanımızın ordu quruculuğunda tibbi xidmətin özünəməxsus və çox ciddi rolu var. Bu istiqamətdə görüləsi işlər də çoxdur. Xarici dövlətlərlə elmi-praktiki bilik mübadiləsi aparmaqla, beynəlxalq qurumlarda fəaliyyət göstərməklə, qabaqcıl təcrübəni mənimsəyib tətbiq etməklə ölkəmizdə hərbi səhiyyənin inkişaf sürətini xeyli artırmaq olar.

– Hospitalda şəxsi heyətin tibbi təminatının vəziyyəti necədir?

– Yüksək ixtisaslı həkim və tibb işçiləri korpusu olan hospitalımızda təminat müasir tələblər səviyyəsindədir. Sərhədçi zabit və gizirlərin, onların ailə üzvlərinin pulsuz müayinə və müalicəsi üçün bütün imkanlar vardır. Nadir hallarda sağlamlığını bərpa etmək üçün sərhədçilərimizi ölkəmizin digər müalicə müəssisələrinə göndəririk. Yaxın gələcəkdə bu cür halların qarşısı tamamilə alınacaq.

Dövlət Sərhəd Xidməti dinamik inkişafdadır. Yeni hərbi hissə və bölmələr yaradılır, şəxsi heyətin sayı, ailə üzvləri artır. Bu da öz növbəsində daha böyük müalicə müəssisəsinin tikilməsini zəruri edir. Hazırda hospitalın yeni çoxmərtəbəli korpusunun tikintisi davam edir. Bu tikili DSX- də aparılan təkmilləşdirmə proseslərinin tərkib hissəsidir. Yeni korpus istifadəyə verildikdən sonra sərhədçilərin tibbi təminatında, təbii ki, ciddi dönüş olacaq. Həkim və tibb işçiləri üçün ən yüksək şərait yaradılacaq. Burada çalışacaq tibbi kadrların hazırlanması və ixtisaslarının artırılması, ən müasir tibbi avadanlıqların alınması istiqamətində ciddi işlər aparılır.

Hospitalın yeni korpusu istifadəyə verildikdən sonra müəssisəmizə rəhbərlik və idarəetmə işləri də təbii ki, yeni bacarıq və yanaşma, daha yüksək inzibati bilik tələb edəcək. Bunu nəzərə alaraq, Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının komandanı, general- polkovnik Elçin Quliyevin razılığı ilə “ADA” Universitetinin Hollandiyanın Maastrixt şəhərindəki Ali Menecment Məktəbi ilə birgə hazırladığı MBA proqramı üzrə təhsil aldım. İmtahanları müvəffəqiyyətlə verdikdən sonra bu məktəbə daxil oldum. Amma etiraf edim ki, bu ikiillik təhsil mənə çox çətin idi. Çünki həkim peşəsi ilə əlaqəsi olmayan iqtisadi və maliyyə bilikləri, terminləri, anlayışları mənimsəməli idim. Ölkəmizdən həmin kursda 29 nəfər təhsilə başladı, onların yalnız 16-sı kursu bitirə bildi. Bu təhsil müasir idarəetmənin metod və üsullarını, iqtisadi əsaslarını və s. öyrədir. Qlobal korporativ strategiya, dünya marketinqi, loqistika və qlobal təchizat- təminat menecmenti, maliyyə, beynəlxalq iqtisadiyyat kimi məsələlərdən elmi şəkildə baş çıxarmaq hər bir müəssisə rəhbərinə lazımdır. Bu biliklərə sahib olan müəssisə rəhbəri idarəetməni elmi əsaslarla qurmaq imkanları qazanır. Düşünürəm ki, Azərbaycanda hər bir müəssisə rəhbəri belə biliklərə yiyələnməlidir. Hər bir rəhbər yeni biliklər əldə etdikdən sonra öz müəssisəsini daha səmərəli, büdcəyə xeyir gətirə bilən tərzdə idarə edə bilər. Rəhbər müəssisəni nə qədər təkmil idarə etsə, təbii ki, tabelikdə olan şöbə və bölmələr də o qədər səmərəli fəaliyyət göstərər.

Müstəqil dövlətimizin banisi, ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi milli sərhəd siyasətini Prezident İlham Əliyevin uğurla davam etdirməsi ölkəmizin sərhəd mühafizəsinin müasir tələblər səviyyəsinə qaldırılmasına əlverişli zəmin yaratmışdır. Böyük nikbinliklə söyləmək olar ki, Vətənimizin sərhədlərinin keşiyində dayanan insanların sağlamlığını qorumaq kimi şərəfli fəaliyyətində tibbi heyətimiz müayinə və müalicə proseslərini çox yaxın zamanda ən yüksək dünya standartları səviyyəsində quracaqlar.

Çapa hazırladı:
T.RÜSTƏMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında