Akademik Cəmil Əliyevə Gürcüstan Milli Elmlər Akademiyasının həqiqi üzvü diplomu təqdim edilmişdir

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin baş direktoru, görkəmli alim, akademik Cəmil Əliyevin oktyabrın 21-də Gürcüstana səfəri ulu öndər Heydər Əliyevin Tbilisi şəhərindəki abidəsi önünə əklil qoyması ilə başlanmışdır.
Sonra akademik Gürcüstan Tibb Universitetinin 80 illik yubiley tədbirində iştirak etmişdir.
Akademik C.Əliyev universitetin kollektivini yubiley münasibətilə təbrik etmiş, yüksək səviyyəli tibbi kadrların hazırlanmasında uğurlar diləmişdir. Akademik qeyd etmişdir ki, Azərbaycanın və Gürcüstanın tibb universitetləri eyni vaxtda təsis olunmuşlar və bu təhsil müəssisələri səmərəli əməkdaşlıq edirlər. Hər iki ölkə rəhbərliyinin səhiyyəyə böyük diqqət yetirdiyini vurğulayan C.Əliyev, Azərbaycanın və Gürcüstanın birinci xanımlarının digər sahələrdə olduğu kimi, səhiyyədə də böyük layihələrə dəstək vermələri sayəsində uğurlu nəticələr qazanıldığını diqqətə çatdırmışdır.
Natiq son illər Azərbaycanda səhiyyənin yeni avadanlıqla təminatı, xəstəxana binalarının müasir tələblər baxımından tikilib yenidən qurulması, rayonların əksəriyyətində diaqnostika mərkəzlərinin açılması istiqamətində qazanılmış uğurlardan danışmışdır.
Həmin gün Gürcüstan Milli Elmlər Akademiyasının (GMEA) iclas salonunda akademik Cəmil Əliyevə akademiyanın həqiqi üzvü diplomunun təqdim olunması mərasimi keçirilmişdir.
GMEA-nın prezidenti Tamaz Qamkrelidze Azərbaycanın görkəmli aliminə belə bir diplomu təqdim etməsindən məmnunluq duyduğunu bildirmiş, akademik Cəmil Əliyevin tibb sahəsində qazandığı böyük uğurlardan danışmış, xarici ölkələrdə, o cümlədən ABŞ, Böyük Britaniya və Almaniyada keçirdiyi mürəkkəb cərrahiyyə əməliyyatlarının uğurlu nəticələrindən söhbət açmışdır. T.Qamkrelidze əmin olduğunu bildirmişdir ki, böyük alimlə əməkdaşlıq bundan sonra daha geniş xarakter alacaqdır.
Gürcüstanın əmək, səhiyyə və sosial müdafiə naziri Andria Uruşadze Cəmil Əliyevi təbrik etmiş, alimə uğurlar diləmişdir.
Gürcüstan Milli Onkologiya Mərkəzinin direktoru Revaz Qaqua kollektivin azərbaycanlı alimə ünvanladığı təbrik məktubunu oxumuş, akademik Cəmil Əliyevin onkologiya sahəsində böyük xidmətlərindən danışmışdır.
Akademik Cəmil Əliyev yüksək etimada görə Gürcüstan Milli Elmlər Akademiyasının kollektivinə təşəkkür etmiş, iştirakçılara Azərbaycan səhiyyəsində həyata keçirilən böyük uğurlar barədə ətraflı məlumat vermişdir. Akademik demişdir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev səhiyyənin inkişafına daim ciddi diqqət yetirir. Son illərdə məhz Prezidentin sərəncam və göstərişləri ilə onkologiya xidmətinin yeni bina və avadanlıqla təchiz olunması sahəsində böyük işlər görülmüşdür.
Bütün istiqamətlərdə uğurla inkişaf edən Azərbaycan-Gürcüstan əməkdaşlığının səhiyyə sahəsində də getdikcə dərinləşdiyini vurğulayan Cəmil Əliyev iştirakçıların suallarını cavablandırmışdır.
Akademik Cəmil Əliyev demişdir: "Gürcüstan Milli Elmlər Akademiyasının həqiqi üzvü seçilməyimdən fərəh duyuram. Çalışacağam ki, bu etimadı doğruldum. Biz gürcüstanlı həmkarlarımızla səmərəli əlaqələr qurur, böyük işlər görürük. Mən bir sıra ölkələrin elmlər akademiyalarının həqiqi üzvüyəm. Azərbaycanın strateji tərəfdaşı olan Gürcüstan MEA-nın həqiqi üzvlüyünün də bu siyahıya əlavə olunmasından məmnunluq duyuram. Bilavasitə onkologiya sahəsində Gürcüstanla əməkdaşlığa gəlincə, onu deyim ki, gürcü həmkarlarımızla sıx əlaqələrimiz vardır, birgə səmərəli elmi işlər görürük. Hər iki ildən bir Cənubi Qafqaz onkoloqlarının qurultayını keçiririk. Ötən qurultay Gürcüstanda baş tutmuşdu, növbəti V qurultay isə gələn ilin mayında Bakıda keçiriləcəkdir. Qurultayda gürcü həmkarlarımızla birgə gördüyümüz işləri yekunlaşdırıb, gələcək planlarımızı müəyyənləşdirəcəyik".
Gürcüstan parlamentinin vitse-spikeri, GMEA-nın vitse-prezidenti Fridon Todua AzərTAc-ın xüsusi müxbiri ilə söhbətində demişdir: "Görkəmli Azərbaycan aliminin Gürcüstan Milli Elmlər Akademiyasının həqiqi üzvü seçilməsi ilə bağlı qərar ürəyimcədir. Mən akademiklə hələ Moskvada işlədiyim vaxtlardan tanışam. Hesab edirəm ki, belə bir görkəmli alimin bizim akademiyaya üzv seçilməsi böyük şərəfdir. Bu, bizim qardaş xalqlarımızın bir-birinə daha da möhkəm tellərlə bağlanmasına şərait yaradacaqdır. Şəxsən mən Azərbaycan xalqını çox sevirəm. Dostumun bu ada layiq görülməsi mənim üçün fəxrdir. Azərbaycan xalqına səadət, xoşbəxtlik, rifah arzulayır, tezliklə ölkənizin ərazi bütövlüyünün təmin olunmasını diləyirəm".

{nl}

İslam ƏLİYEV AzərTAc-ın xüsusi müxbiri
Tbilisi


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında