Türkiyənin tanınmış onkoloqları sentyabrın 10-da Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzində olublar.
AZƏRTAC xəbər verir ki, qonaqlar Milli Onkologiya Mərkəzinin (MOM) ən müasir avadanlıqlarla təchiz edilmiş müalicə, cərrahiyyə, radiologiya korpuslarının palatalarını gəzərək xəstələr üçün yaradılan şəraitlə tanış olublar. Xüsusilə reanimasiya şöbəsindəki ən son model olan avadanlıqlar onlarda xoş təəssürat yaradıb.
Mərkəzin baş həkimi Azad Kərimli türkiyəli həmkarlarına çalışdığı Milli Onkologiya Mərkəzi barədə ətraflı məlumat verib. Qeyd edib ki, MOM bu gün respublika əhalisinə göstərilən ixtisaslaşmış onkoloji yardım üzrə aparılan elmi-metodik və profilaktik işlərin koordinasiyası ilə məşğul olan əsas mərkəz funksiyasını daşıyır. Mərkəzin cərrahiyyə korpusu, eləcə də digər korpusları ən müasir tibbi avadanlıqla təchiz olunub. Yeni radiologiya və uşaq onkologiyası korpusları vətəndaşların ixtiyarına verilib. 1000 çarpayılıq klinik bazası olan, bədxassəli şişlərin etiopatogenezi, diaqnostikası, müalicəsi və profilaktikasına dair məsələlərin öyrənilməsi ilə məşğul olan Milli Onkologiya Mərkəzi ilə ABŞ-ın xərçəng xəstəliyində şüa müalicəsinin aparılması üçün ən müasir texnologiyalar layihələşdirən və istehsal edən “Varian Medikal Sistems” şirkəti arasında əməkdaşlıq sazişi imzalanıb. Bununla da Milli Onkologiya Mərkəzinə rəsmi olaraq beynəlxalq tədris və məsləhət mərkəzi statusu verilib.
Sonra Türkiyənin nümayəndə heyəti Milli Onkologiya Mərkəzinin baş direktoru, akademik Cəmil Əliyevlə görüşüb. Sentyabrın 11-də öz işinə başlayacaq “Birinci Türkiyə-Azərbaycan Onkologiya Günləri” konqresindən danışan Cəmil Əliyev bildirib ki, belə mühüm bir tədbirin Bakıda keçirilməsi təkcə Mərkəzin, ölkə səhiyyəsinin deyil, son illər davamlı inkişafda olan Azərbaycanın çox böyük uğurudur. Şübhə yoxdur ki, onkoloji xəstəliklərin diaqnostikası və müalicəsi üzrə təcrübələrin, elmi işlərin, standartların Türkiyə və Azərbaycan mütəxəssisləri arasında mübadiləsi ölkəmizdə tibbi xidmətin və əhalinin sağlamlığının qorunmasının keyfiyyətinin daha da artırılmasına xidmət edəcək.
Cəmil Əliyev bildirib ki, Azərbaycan Prezidentinin diqqət və qayğısının nəticəsi olaraq hazırda Milli Onkologiya Mərkəzi ən müasir tibbi texnika ilə, o cümlədən mobil diaqnostik komplekslə də təchiz edilib. Onkoloji xəstələrin şiş əleyhinə preparatlarla təminatı problemi aradan götürülüb. Zəngin maddi-texniki bazası və güclü kadr potensialı olan Milli Onkologiya Mərkəzi artıq dünyanın ən qabaqcıl onkoloji mərkəzləri ilə müqayisə oluna bilər. Mərkəzin əməkdaşları tərəfindən respublikamızın onkoloji xidmətinin strukturunun təşkili, bədxassəli şişlərin erkən diaqnostikası və bu xəstələrə müasir cərrahi, şüa və dərman müalicəsinin aparılması, mövcud müalicə metodlarının daha da təkmilləşdirilməsi istiqamətində böyük elmi araşdırmalar aparılır.
MOM-un baş direktoru uşaq onkologiya korpusunun da Prezident İlham Əliyevin dəstəyi ilə ən son avadanlıqlarla təchiz edildiyini, burada da cərrahiyyə və şüa şöbələrinin olduğunu deyib. Qeyd olunub ki, artıq rayonlarda da onkoloji dispanserlər fəaliyyət göstərir. “Biz xəstələr üçün elə şərait yaratmaq istəyirik ki, onlar özlərini öz evlərindəki kimi hiss etsinlər”, – deyə Cəmil Əliyev bildirib.
Türkiyəli onkoloqlar Milli Onkologiya Mərkəzində onkoloji xəstələrə göstərilən tibbi xidmətin Qərb standartlarına cavab verən keyfiyyət göstəricilərinə qədər yüksəlməsini vurğulayıblar.
Qeyd edək ki, Türk Tibbi Onkologiya Dərnəyinin və Azərbaycan Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin (MOM) təşəbbüsü ilə sentyabrın 11-12-də Bakıda “Birinci Türkiyə-Azərbaycan Onkologiya Günləri” konqresi keçiriləcək. Yerli və türk mütəxəssislərin iştirakı ilə keçiriləcək konqresdə onkoloji xəstəliklərin diaqnostikası və müalicəsinin ən aktual problemləri, habelə müasir onkologiyanın qarşısında duran vəzifələr müzakirə olunacaq.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.