Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasəti bir tərəfdən ölkənin zəngin enerji resurslarının dünya bazarlarına nəqlinə imkan verən layihələrin reallaşdırılmasına və ölkənin gəlirlərinin artmasına, digər tərəfdən isə gəlirlərin idarə edilməsinə, islahatların həyata keçirilməsinə və qısa müddətdə ölkə vətəndaşlarının rifah səviyyəsinin əsaslı surətdə yüksəlməsinə səbəb olub.
Sosial sahədə bütün proqramlar vaxtında icra edilir və bu da dövlət siyasətimizin əlamətidir. Azərbaycan Prezidenti dəfələrlə bəyan etmişdir ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır və heç bir sosial proqram heç vaxt ixtisar olunmayacaq, əksinə, biz yeni təşəbbüslər haqqında fikirləşirik.
Ölkədə davamlı olaraq sosial layihələrin uğurla həyata keçirilməsi sosial infrastrukturun yaradılmasını, yeni məktəblərin, xəstəxanaların, müxtəlif sosial obyektlərin tikintisini sürətləndirir. İndi təxminən 20-dən çox məktəb, 30-dan çox tibb müəssisəsi təmir olunur, tikilir. Ölkədə bu sahədə əsaslı dönüş yaranmışdır və əsas məqsəd ondan ibarətdir ki, qarşıdakı illərdə hər bir yerdə, hər bir kənddə insanlar normal tibbi xidmətə malik olsunlar.
Azərbaycan Prezidentinin diqqətində olan daha bir məsələni qeyd edək. Dövlət başçımız istəyir ki, bu məsələni həm ictimaiyyət bilsin, həm də ki, bunun uzun müddətdən bəri müzakirə olunduğu, həlli üçün göstərişlər verildiyi barədə əhalinin məlumatı olsun. Bu, dərman preparatlarının bazarı ilə bağlı olan məsələdir. Əfsuslar olsun ki, uzun illər bu sahədə çox xaotik vəziyyət müşahidə olunmuş və bu sahə bir qədər diqqətdən kənarda qalmışdır. Çünki biz indi bazar iqtisadiyyatı şəraitində yaşayırıq. Hər şey bazar tərəfindən tənzimlənir və təklif, qiymət, tələbat – bütün bunlar iqtisadi mexanizmlərdir. Dövlət başçımız bildirir ki, biz indiyə qədər hesab edirdik ki, bazar hər şeyi tənzimləyir, alıcılıq qabiliyyəti var, qiymətlər var. Məsələni dərindən təhlil edərkən burada çox böyük ədalətsizlk olduğunu, qiymətlərin süni şəkildə qaldırıldığını, başqa ölkələrlə müqayisədə Azərbaycanda bəzi dərmanların qiymətlərinin bir neçə dəfə baha olduğunu, insanların isə düçar olduqları xəstəliklərdən can qurtarmaq üçün məcbur olub bu dərmanları aldıqlarını görürük. Acınacaqlı haldır ki, hətta bir çox hallarda əhaliyə keyfiyyətsiz dərmanlar satılır.
Azərbaycan Respublikasının Səhiyyə, İqtisadiyyat və Sənaye nazirlikləri də daxil olmaqla, bir sıra aidiyyatı qurumlar tərəfindən dərman satışındakı xoşagəlməz hallarla bağlı müxtəlif tədbirlər planı işlənib hazırlanıb. Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Azərbaycan Prezidenti mövcud problemlərdən danışarkən bu məsələyə də toxunmuş və ölkədə istehsal olunan və xaricdən gətirilən dərman preparatlarının gətirilməsində və satışındakı neqativ halların onu ciddi narahat etdiyini vurğulamış, dərman sahəsinə dair tapşırıqlar vermişdir. Prezident haqlı olaraq bildirmişdir ki, sosial məsələləri müzakirə edərkən, əlbəttə, bu məsələlərin sırf sosial xarakter daşıdığını unutmamalıyıq. O, burada, xüsusilə də həkimlərin məsuliyyətsizliyinin və bəzi hallarda tamahkarlığının özünü göstərməsini diqqətə çatdırmış, lazım olmayan reseptlərin yazıldığından, hətta, xəstəyə yazılan dərmanın məhz filan yerdəki filan aptekdən alınmalı olduğunu, bunlar azmış kimi reseptlə satılmayan vitaminlərə ehtiyac olmadığı halda resept yazıldığı məsələsinin də ona məlum olduğunu bildirmiş və qeyd etmişdir ki, bu, böyük bir biznes şəbəkəsidir: “...Bu biznes kimin hesabınadır? Adi insanın hesabına. Adi insan da məcbur olub gedir, ona verilən reseptlə dərman alır. Heç bilmir, nə alır. Sonra dərmanın ona kömək edib-etməməsi ilə əfsuslar olsun ki, heç kim maraqlanmır. Digər tərəfdən, dərmanlar var ki, müxtəlif ölkələrdə istehsal olunur. İnkişaf etmiş ölkələrdə onların qiyməti bahadır. O qədər də inkişaf etməmiş ölkələrdə o qiymət aşağıdır. Gedirlər, ən ucuzunu, ən aşağı keyfiyyətlisini alırlar, gətirirlər, ən baha qiymətə satırlar. Bu, hələ məsələnin az bir hissəsidir. Mən burada bu barədə çox danışmaq istəmirəm. Ancaq bu sahədə çox ciddi pozuntular olub və var. Bu pozuntulara son qoyulmalıdır. Ona görə, indi bütün məsələ təhlil edilib. Artıq bir neçə aydan sonra tətbiq edilməyə başlayacaqdır. Hesab edirəm ki, sentyabr ayından gec olmayaraq bu məsələ artıq yeni müstəviyə qalxmalıdır. Həm şəffaflıq təmin ediləcək, hər bir vətəndaş biləcək ki, hansı dərmanı alır və hansı qiymətə alır. Qiymətlərin yuxarı səviyyəsi müəyyən ediləcək. Heç kim o səviyyədən baha sata bilməyəcək. Dərmanları satanlar da burada öz gəlirlərini götürəcəklər. Onların da normal gəlir səviyyəsi olmalıdır. Ancaq bu səviyyə 100, 200, 300 faiz olmamalıdır. Heç yerdə belə özbaşınalıq yoxdur. Görülən və görüləcək tədbirlər nəticəsində ilin sonuna qədər dərmanların qiymətləri kəskin şəkildə aşağı düşməlidir. İstəyirəm Azərbaycan ictimaiyyəti bunu bilsin. Bu məsələ də daim diqqət mərkəzində olacaq”.
Azərbaycan Prezidenti üçün insan amili əsas faktordur. Və o, bu məsələdə də dərman alanla birgə satanı da düşündüyünü, dərman satanın və yaxud ölkəyə dərman gətirənin qazanmasının, sahibkarlıqla və ya bizneslə məşğul olmasının əleyhinə olmadığını, amma bu qazancın müəyyən hədd çərçivəsini aşmamasının vacibliyini bildirir. Cənab Prezident keyfiyyətsiz dərmanların ölkəyə gətirilməsinin, dərman satışındakı hərc-mərcliyin mənəvi xarakter daşıdığını diqqətə çatdırır və qeyd edir ki, “...Dərman paltar, avtomobil deyil. Dərman insanların həyatıdır, onların sağlamlığıdır. Bu sahədə pozuntulara yol verən insanlar vicdansızdırlar. Başa düşürsünüz nə edirlər? İnsanlar nə etsinlər? Ona resept yazırlar, o da gedir alır. Nəyi alır, hansı keyfiyyətdədir? O, onu qəbul etməlidir, yoxsa, yox? O haradan bilsin? Dərd burasındadır. Ona görə, bax, biz bu sosial və mənəvi pozuntuları aradan götürəcəyik”. Cənab Prezidentin bu mesajı təkcə aptek rəhbərlərinə, dərman satışı və ölkəyə gətrilməsi ilə bağlı olan şəxslərə deyil, həmçinin tutduğu qulluq mövqeyindən sui-istifadə edən vicdansız həkimlərədir. O həkimlərə ki, apteklərlə əlbir işləyirlər, xəstələrə yazdıqları hər dərman vasitəsinə görə faiz alırlar və nə qədər bahalı dərman yazsam, o qədər qazancım artıq olacaq-deyə düşünürlər.
Dövlət başçısının tapşırığına uyğun olaraq apteklərin fəaliyyətinin təkmilləşdirilməsi, reseptlərin yazılması, dərman vasitələrinin və tibb ləvazimatlarının əhaliyə buraxılışı üzərində nəzarət məqsədilə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən əczaçılıq bazarı iştirakçılarına qarşı aparılan tədbirlər gücləndirilmişdir. O cümlədən, dərman satışı ilə məşğul olan obyektlərdə aparılmış cari yoxlamalar çərçivəsində 15 aptekdə dərman vasitələrinin reseptsiz satışının aparılması müəyyən edilərək, protokollar tərtib edilmiş, cərimələr tətbiq olunmuşdur. Reseptlərin düzgün yazılmamasına görə 11 həkimə dair inzibati tədbirlər görülmüşdür. Nazirlik ölkə başçısının göstərişi ilə dərmanların keyfiyyəti, apteklərin fəaliyyəti və əhaliyə dərman vasitələrinin satışı üzərində sistemli tədbirlərin həyata keçirilməsi məsələsini gündəmdə saxlayır və nəzarəti davam etdirir. Belə ki, Səhiyyə Nazirliyi tərəfindən dərman preparatlarının satışı ilə əlaqədar olaraq aptek sahiblərinə yeni qiymətlərlə bağlı SMS bildirişlər göndərilir. Yəni ki, Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi aptek müəssisələrində Tarif Şurasının 30 iyul 2015-ci il tarixli qərarı ilə sentyabrın 15-dən başlayaraq qüvvəyə minəcək yeni qiymətlərə dair məlumatlandırma tədbirlərinə start verir. Bu məqsədlə artıq ölkədə fəaliyyət göstərən bütün aptek müəssisələrinin rəhbərlərinə SMS bildirişlər göndərilib. Bildirişlərdə aptek rəhbərlərinə www.pharma.az və www.medportal.az saytlarında yerləşdirilmiş qiymətləri tənzimlənmiş 256 adda dərman vasitəsinin topdan və pərakəndə satış qiymətlərini, həmçinin, reseptsiz buraxılan dərman vasitələrinin siyahısını əldə rəhbər tutmaq tapşırılır. İlkin mərhələdə bu siyahıya əhali arasında ən çox rast gəlinən xəstəliklərin müalicəsi üçün dərman preparatları daxil edilib. İlin sonuna qədər Tarif Şurası tərəfindən Səhiyyə Nazirliyində qeydiyyatdan keçən dərman preparatlarının böyük əksəriyyətinin, gələn ilin mart ayına kimi isə bütün preparatların qiymətlərinin tənzimlənməsi tamamlanacaqdır.
Bu qərarın əsas məqsədi əhalinin dərman vasitələrinə çəkdiyi xərclərinin azaldılması, eyni dərman preparatlarının ölkənin bütün apteklərində vahid qiymətə satılmasıdır. Qərar hər bir vətəndaş, hər bir ailə üçün olduqca böyük əhəmiyyət daşıyır. Belə ki, ilk növbədə əhalinin maraqlarını əsas tutaraq ölkəmizdə dərmanların qiymətinin tənzimlənməsi üçün ən optimal modelin tətbiqi məqsədilə qabaqcıl ölkələrin ən müasir təcrübəsi yerində araşdırılaraq Azərbaycan üçün ən uyğun tənzimləmə mexanizmi hazırlanıb. Dərmanların qiymətinin təyin olunması məqsədilə Tarif Şurasının təsdiq etdiyi təlimata görə müxtəlif ölkələrdə dərman preparatlarının bazis qiymətləri müəyyən edilmiş qayda üzrə seçilir. Bu məbləğin üzərinə Nazirlər Kabinetinin təsdiq etdiyi müvafiq qaydalar əsasında müəyyən edilmiş əlavələr edilməklə dərman preparatının qiyməti formalaşdırılır. Hər bir dərman preparatının üzərində Tarif Şurasının müəyyən etdiyi qaydalara müvafiq olaraq əhaliyə satış qiymətinin qeyd olunması nəzərdə tutulub. Aptek rəhbərlərinə xəbərdarlıq edilir ki, ölkədə dövlət qeydiyyatından keçmiş bütün dərman vasitələri ancaq vahid resept blankı əsasında buraxılmalıdır. Həmin dərman vasitələrinin mövcud və Tarif Şurası tərəfindən təsdiq edilmiş yeni qimətlərinin müqayisəsi haqqında tam məlumat mətbuat vasitəsilə əhaliyə çatdırılmışdır. Səhiyyə Nazirliyindən bildirirlər ki, qərar qüvvəyə mindikdən sonra tənzimlənən siyahıya daxil olan dərman vasitələrinin 20 faizinin qiyməti 3 dəfədən çox, 40 faizdən çoxunun qiyməti isə 2 dəfədən çox aşağı salınacaqdır. Ümumilikdə isə tənzimlənən dərman vasitələrinin 90 faizinin qiyməti düşəcəkdir. Beləliklə, Azərbaycanda aptek şəbəkəsinin fəaliyyəti artıq tamamilə yeni müstəviyə keçir ki, bu da əczaçılıq müəssisələrinin dərmanların qiyməti ilə deyil, xidmət keyfiyyəti ilə rəqabət aparmalarına şərait yaradacaq. Eyni zamanda, Tarif Şurasının qərarı ilə dərman preparatlarının qiymətinin tənzimlənərək aşağı salınması dövlət müəssisələri tərəfindən bu preparatların alınmasına çəkilən xərclərin optimallaşdırılmasına, əldə edilən qənaət hesabına güzəştli kateqoriyadan olan və stasionarda müalicə alan əhaliyə pulsuz verilən dərmanların çeşidinin artımına şərait yaradacaqdır. Bu isə öz növbəsində əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin artırılmasına, həmçinin tibb müəssisələrinin aparıcı farmakoloji şirkətlərin istehsal etdiyi daha müasir dərman vasitələri ilə təchiz olunmasına müsbət təsir edəcəkdir.
Səhiyyə Nazirliyində olduqca geniş məsələlər spektrini əhatə edən “Dərman vasitələri ilə təchizatın yaxşılaşdırılması və əczaçılıq fəaliyyəti sahəsində nəzarətin gücləndirilməsi üzrə Tədbirlər Planı” təsdiq edilib. Burada Tarif Şurası ilə sıx əməkdaşlığın davam etdirilməsi, apteklərə daxil olan həkim reseptlərinə nəzarətin təmin edilməsi, standart formaya uyğun olmayan reseptlər üzrə dərmanların satışının qadağan edilməsi, ən vacib dərman preparatlarının və tibbi ləvazimatların siyahısına yenidən baxılması və çeşidinin genişləndirilməsi barədə təkliflərin qısa müddətdə hazırlanması daxildir. Bundan əlavə, mərkəzləşdirilmiş apteklərin fəaliyyətinin və idarə olunmasının gücləndirilməsi üçün müvafiq tibb müəssisələrinin apteklərinin ştat cədvəllərinə yenidən baxılması və zəruri vəzifələrin daxil edilməsi nəzərdə tutulur. Eyni zamanda, tədbirlər planında dərman vasitələrinin keyfiyyəti və təminatı sahəsində olan müraciətlərin qəbulu üçün “Elektron səhiyyə”, “Qaynar xətt” və digər vasitələrlə gələn müraciətlərin dərhal təhlil olunaraq müvafiq tədbirlərin həyata keçirilməsi kimi tədbirlər nəzərdə tutulub. Səhiyyə Nazirliyi bu və digər istiqamətlərdə zəruri tədbirlərin icrasını davam etdirəcək. Tibb ictimaiyyəti ölkə başçısının səhiyyə qarşısında qoyduğu tapşırıqları və həyata keçirilən işləri böyük ruh yüksəkliyi ilə qəbul edərək bu təşəbbüsü hər bir ailə və vətəndaş üçün olduqca vacib bir addım kimi qiymətləndirir.
Qəbul edilən bu qərar hələ sentyabr ayından qüvvəyə minəcək. Aidiyyatı qurumlar isə Prezidentin göstərişini yerinə yetirmək üçün indidən var gücləri ilə çalışırlar. Onlar yaxşı bilirlər ki, ölkə başçısının sosial siyasət yönümündə olan tövsiyə, tapşırıq və göstərişləri Azərbaycan vətəndaşının rifah halının ildən-ilə yaxşılaşdırılmasına xidmət edir və birmənalı şəkildə yerinə yetirilməlidir.
Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.