Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinin yeni binası istifadəyə verilmişdir

İyulun 14-də, ümummilli lider Heydər Əliyevin ölkəmizdə siyasi hakimiyyətə gəlməsinin 46-cı ildönümü günündə Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinin yeni binası istifadəyə verilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov açılış tədbirində iştirak etmişdir.

Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Niyazi Novruzov demişdir ki, muxtar respublikada əhalinin sağlamlığının qorunması və tibbi xidmətin səviyyəsinin yüksəldilməsi istiqamətində ardıcıl tədbirlər görülür. Təkcə 2014-cü ildə və 2015-ci ilin 6 ayı ərzində muxtar respublikada ümumilikdə 18 səhiyyə müəssisəsi tikilmiş, 3 müəssisə yenidən qurulmuşdur. Yoluxucu Xəstəliklər Mərkəzi üçün yeni tikilmiş bina da həyata keçirilən səhiyyə quruculuğu tədbirlərinin davamıdır.

Niyazi Novruzov səhiyyə sisteminin müasirləşdirilməsi və əhalinin sağlamlığının qorunması sahəsində həyata keçirilən tədbirlərə görə muxtar respublikanın səhiyyə işçiləri adından minnətdarlıq etmişdir.

Həkim-reanimatoloq Xeyrənsə Babayeva demişdir ki, yaradılan şərait kollektivin səmərəli fəaliyyət göstərməsinə, səhiyyə xidmətinin nümunəvi təşkilinə, insanların sağlamlığının etibarlı şəkildə qorunmasına imkan verəcəkdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov muxtar respublikada vacib sahələrdən biri olan Yoluxucu Xəstəliklər Mərkəzinin istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edərək demişdir: “Son illər muxtar respublikada səhiyyə sistemi əsaslı şəkildə yenidən qurulmuşdur. Ötən dövrdə şəhər, rayon və kəndlərdə 200-dən artıq səhiyyə müəssisəsinin tikilib istifadəyə verilməsi, onların lazımi tibbi avadanlıqlarla və ixtisaslı kadrlarla təmin olunması muxtar respublika səhiyyəsinin tamamilə müasirləşdirilməsinə səbəb olmuşdur.”

Ali Məclisin sədri daha sonra demişdir ki, sosial-iqtisadi inkişafın əhatə dairəsinin genişləndirilməsi, səhiyyədə yenidənqurmanın ardıcıl xarakter alması ona görə mümkün olur ki, Azərbaycanda ulu öndər Heydər Əliyevin yolu uğurla davam etdirilir. Ölkəmizdə iqtisadi inkişaf və sabitlik vardır. Ən əsası isə Azərbaycan 1969-cu il 14 iyul tarixindən ulu öndərimizin siyasi yolu ilə gedərək bugünkü inkişafa qovuşub.

14 iyul hər bir Azərbaycan vətəndaşının həyatında unudulmaz tarixi gündür. Ona görə ki, bu tarix Azərbaycanın yenidən dünyaya gəlməsi, özünəqayıdış tarixidir. Azərbaycanın inkişafının və gələcək uğurlu yolunun əsasının qoyulduğu gündür. Belə bir əlamətdar gündə Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinin yeni binasının istifadəyə verilməsi də ulu öndərin yoluna sədaqətin və bu yolun uğurla davam etdirilməsinin nəticəsində mümkün olmuşdur.

Ali Məclisin sədri kollektivi və muxtar respublika əhalisini ümummilli liderimiz Heydər Əliyevin ölkəmizdə siyasi hakimiyyətə gəlməsinin ildönümü münasibətilə təbrik etmiş, açılışı bildirən lenti kəsmişdir.

Məlumat verilmişdir ki, mərkəzin yeni binası 4 mərtəbədən ibarətdir. Binada müasir iş və sinif otaqları, laboratoriyalar, palatalar və ayrı-ayrı kabinələr olmaqla 154 otaq vardır. Mərkəzdə yoluxucu xəstəliklər, QİÇS-lə mübarizə və dəri-zöhrəvi xəstəlikləri şöbələri fəaliyyət göstərəcəkdir. Binanın əlavə girişlərinin olması xəstələrin şöbələr üzrə qəbuluna imkan verəcəkdir. Binada tibbin ən son yenilikləri tətbiq olunmuş, müasir avadanlıqlar quraşdırılmışdır.

Bina ilə tanışlıqdan sonra kollektivlə görüşən Ali Məclisin sədri demişdir ki, mərkəzdə yaradılan şərait, istifadəyə verilən sinif otaqları bu sahə üzrə tibbi kadrların hazırlanmasına da şərait yaradıb. Naxçıvan Dövlət Universitetinin tibb fakültəsində və Naxçıvan Tibb Kollecində təhsil alan tələbələr mərkəzdə dərslər və təcrübi məşğələlər keçməli, ixtisaslı kadrlar kimi hazırlanmalıdırlar.

Mərkəzin həkimi Sevil İbrahimova yaradılan şəraitə görə kollektiv adından minnətdarlıq etmişdir.

“Xalq qəzeti


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında